RAUF (Çox əsirgəyən, çox şəfqətli)

Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa (hamısına) ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir. (Bəqərə Surəsi, 143)

Allahın yaratdığı bütün canlılar qüsursuz, üstün yaradılış və kompleks quruluş sayəsində həyatlarını davam etdirirlər. Bu, Rəbbimizin mərhəmətinin və rəhmətinin dəlillərindəndir. Çünki heç bir canlı özü üçün ən uyğun, ən əlverişli şəkildə yaşamaq üçün güc sərf etməmiş, yalnız Allahın üstün ağlına təslim olmuşdur. Allah ehtiyacları olan hər şeyi onsuz da onlara vermişdir.
Məsələn: bütün canlıların özlərini müdafiə etmək üçün fərqli qabiliyyətləri var. Bəzisi həddən artıq qorxuducu görünüşə malikdir, bəzisi zəhərli, pis qoxulu və ya yandırıcı qazlar püskürdür. Bəziləri cəlddir, düşmənlərindən sürətlə qaçırlar, bəziləri isə fərqli bir müdafiə şəkli olaraq dayanıqlı zirehlərlə əhatəlidir. Bir qismi bədənlərini düşmənlərindən qoruyan görünüşə, digər bir hissəsi də özünü ölülüyə vuraraq düşməni aldatmaq qabiliyyətinə malikdir.

Şübhəsiz, canlılar bütün bu xüsusiyyətlərə təsadüfən və ya öz istəkləri ilə nail olmamışlar. Allah bu canlıların üzərindəki şəfqətini onları bu cür qüsursuz və böyük bir elmlə yaratmasıyla göstərir.

Bütün bu canlıların sahib olduqları xüsusiyyətlərlə yanaşı insanların xidmətinə verilən imkanlar isə çox daha üstündür. Belə ki, insan maddi və mənəvi sahib olduğu bütün xüsusiyyətləri düşündüyü zaman həyatını davam etdirə bilməsi üçün xüsusi olaraq yaradılmış bir dünyada yaşadığını çox açıq şəkildə görə bilər. Varlığını davam etdirmək üçün ehtiyac duyduğu hər şeyi yanında tapması da Allahın rəhmətinin çox böyük dəlillərindəndir. Lakin bütün bunlardan çox daha əhəmiyyətli bir mövqe var: İnsanın görməsi, eşitməsi, danışması... Bütün bunlar üçün göz, qulaq və dili yaradan Allah eyni zamanda verdiyi düşünmə qabiliyyətiylə də insanı yer üzündəki bütün canlılardan üstün etmişdir. Allahın Rauf sifəti Quranda belə bildirilir:

O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri (qarşısında) hazır görəcək, özü ilə (pis əməllərinin) arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir”. (Ali-İmran Surəsi, 30)

Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir. (Həcc Surəsi, 65)

Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir. (Hədid Surəsi, 9)
(məqalə harun yahya)