MƏCİD (Şanı böyük və yüksək)

Ərşin sahibidir; Məcid (çox Uca)dır. (Büruc Surəsi, 15)

Allahın şanı bütün kainatda özünü açıq-aşkar dəlillərlə göstərir. Onun şanının Ucalığını tanımayan heç bir insan yoxdur. Onu inkar edənlər, "inanmırıq" deyənlər belə Onun yaratdıqlarına şahid olduqları üçün əslində gücünü və şanını tanıyıb bilirlər. Ancaq içlərindəki təkəbbürə görə inkar edirlər.

Allahın kainatda yaratdığı möhtəşəm gözəlliklər də, qüsursuz sistemlər də Onun şanına yaraşan şəkildədir. Səmada tonlarla ağırlıqda su daşıyan buludlar, milyonlarla işıq ili uzaqlıqdakı ulduzlar, böyük səs-küylə və inanılmaz güclə axan şəlalələr, ucsuz-bucaqsız genişlikdəki okeanlar, zirvəsi qarlarla örtülmüş minlərlə metr yüksəklikdəki dağlar, içində bir-birindən fərqli rəngdə və səsdə saysız canlı növləri olan meşələr Allahın yaratdığı gözəlliklərdən yalnız bir neçəsidir.

Bir neçə saniyədə bir şəhəri yerlə bir edən zəlzələ, bir anda partlayaraq minlərlə dərəcə istiliyi olan lavalarını boşaldan bir vulkan, hər şeyi önünə qatıb aparan sel, düşdüyü yerə ölüm gətirən ildırım, hər şeyi yıxıb keçən tayfun yalnız Allahın gücünün nümunəsidir. Allah hamısını şanına yaraşan şəkildə yaradıb.

Sadalananlar və burada sadalanmayan milyonlarla nümunə yalnız Allahın şanının böyüklüyünün kainatdakı dəlillərindəndir. Allah ayələrdə belə buyurur:

Doğrudan da, Rəbbimizin şanı çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır. (Cin Surəsi, 3)

Onlar dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, təriflənməyə layiq olandır, Məciddir". (Hud Surəsi, 73)
(məqalə harun yahya)