QADIN-KİŞİ BƏRABƏRSİZLİYİ



Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə Surəsi, 71)

Həqiqi ədalətin yaşanmadığı cəmiyyətlərdə qadın-kişi ayrıseçkiliyi çox qabarıq şəkildə nəzərə çarpır. Dünyadakı qadın-kişi bərabərsizliyi son dərəcə əhəmiyyətli problem yaratmışdır. Belə ki, dünyadakı bir çox ölkədə qadınlara çox vaxt ikinci təbəqə nümayəndəsi kimi baxılır və onlar cəmiyyətdən tədric edilirlər. Gücsüz və qorunmağa möhtac olduqları zənn edildiyi üçün əzilir və haqqları əllərindən alınır. Buna görə də qadınların fikirlərinə çox əhəmiyyət verilmir.

Bu düşüncələrin hakim olduğu cəmiyyətlərdə qadınların işləyib müəyyən bir mövqeyə sahib olmalarına, hər hansı bir karyera əldə edərək zəkalarını, bacarıqlarını sübut etmələrinə əngəl törədilir. Bütün dünyada qadınlara özünə inamı olmayan, qeyri-sabit, zehni cəhətdən o qədər də inkişaf etməmiş insan kimi baxırlar. Bu yanlış “qadın xarakteri” anlayışı nəticəsində edilən hər hansısa səhv, o adamın insan olduğu üçün yox, qadın olduğu üçün etdiyi səhv kimi göstərilir.

Sözü gedən cəmiyyətlərdə, bir iş yeri üçün eyni təhsilə, eyni zəka və bacarığa sahib olmasına baxmayaraq, kişilər və qadınlar arasında bir seçim edilərkən seçim, ümumiyyətlə, kişi işçi üzərində saxlanılır. Buna görə də qadınların işlədiyi sahələr olduqca məhduddur.

Cəmiyyətdəki bu ümumi qənaətə görə bir çox qadın bu yanlış münasibətin təsirinə düşür. Bu təsirin nəticəsi olaraq cəmiyyətdə geri planda qalmaqda heç bir problem görmürlər.

Geri qalmış ölkələrin çoxunda isə qadın-kişi bərabərsizliyi daha fərqli ölçülərdə ortaya çıxır. Bu ölkələrdə qadınlara təhsil, seçki, iş sahibi olmaq hüququ belə verilmir. Hətta evlənərkən həyat yoldaşlarını seçmə haqqına da sahib deyillər. Hər hansı bir mövzu haqqında fikir bildirmədikləri üçün, danışmalarına belə ehtiyac yoxdur. Qadınlar özləri ilə əlaqədar heç bir qərar verə bilmirlər.

Onların əvəzinə bütün qərarları ataları, ya da həyat yoldaşları verir.

Burada saydığımız bir neçə səhv münasibətə illərlə müxtəlif çarələr tapmağa çalışmışlar. Qadınların haqqlarını qorumaq üçün qurulan təşkilatlar, azadlıq, bərabərlik, feminizm kimi anlayışların müzakirəyə qoyulması, müxtəlif proyektlər hazırlanması, konfranslar, panellər təşkil edilməsi bu axtarışların sadəcə bir hissəsidir. Bütün bu səylərə və çalışmalara baxmayaraq, tapılan çarələrin əslində heç bir hüquqi statusu yoxdur. Bu nəticə son dərəcə təbiidir. Çünki bütün digər problemlərdə olduğu kimi əsl çarə Qurandadır.

Quran əxlaqının yaşandığı cəmiyyətdə cəmiyyəti meydana gətirən fərdlər arasında qətiyyən ayrı-seçkilik yoxdur. Bir insanın qadın, kişi, zəngin, kasıb, yaşlı, gənc və ya uşaq olmasının heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan bu şəxslərin cinsiyyətləri, mövqeləri, sərvətləri, ya da başqa hər hansı bir xüsusiyyətləri deyil, etdikləri yaxşı işlər və Allaha olan yaxınlıqları, yəni təqvalarıdır. Allah bir ayəsində müsəlmanlara “(Özünüzlə) azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. ” (Bəqərə Surəsi, 197)

sözləriylə bu mövzunu xatırlatmışdır. Həmçinin Quranda möminlərdən saleh əməllər işləyən qadınlar və kişilər olaraq bəhs edilir.

Quranda möminlərin kişi və ya qadın olmalarının deyil, Allahın əmr etdiyi əxlaqı yaşamalarının əhəmiyyətinə diqqət çəkilir. Bu mövzudakı ayələrdən bəziləri belədir:

Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! Allah mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, böyük qurtuluşdur! (Tövbə Surəsi, 71-72)

Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat (Cənnət) hazırlamışdır! (Əhzab Surəsi, 35)

Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz! (Nisa Surəsi, 124)
(məqalə harun yahya)