Qiyamət Əlamətləri Yaxınlaşır



Peyğəmbərimizin (s.ə.v.) hədislərində xəbər verdiyi qiyamət əlamətlərindən biri “Günəşin Qərbdən Doğması”dır. Hədislərdə bu əlamət baş vermədən qiyamətin qopmayacağı bildirilməkdədir.

Tarix boyu bir çox insan dağların əzəmətli quruluşunu, ulduzların və Günəşin böyüklüyünü öz batil anlayışına görə şərh etmiş; kainatın sonsuza qədər mövcud olacağını, əsla yox olmayacağını zənn etmişdir. Bu inanc çoxtanrılı və materialist Yunan fəlsəfələrinin, batil Şumer və Misir dinlərinin təməlini meydana gətirmişdir.

Bu inanca sahib insanların səhv içində olduqları bizə Quranda xəbər verilir. Milyardlarla ildən bəri işləyən bu qüsursuz nizam, hər şeyi yaradan Rəbbimizin əsəridir, Onun əmri ilə və Onun təyin etdiyi zamanda yenə əzəmətli şəkildə sona çatacaq. 20-ci əsrdəki elmi nəaliyyətlər də əsrlər əvvəl Quranda bildirilən bu həqiqəti təsdiq edir, kainatın başlanğıcı olduğunu sübut edir. Bütün insanlar və canlılar kimi kainatın da ölümü vardır.
Kainatın içindəki bütün canlılar, ulduzlar və qalaktikalarla birlikdə yox olacağı zaman ayələrdə “saat” olaraq ifadə edilir. Bu “saat” Quranda “qiyamət vaxtı” mənasında istifadə edilən müəyyən və xüsusi saatdır.

Quranda “qiyamət saatı”nın gələcəyi haqda xəbərlə bərabər, o zaman yaşanacaq hadisələr də bütün mərhələləri ilə təsvir edilmişdir: “Göy yarılıb-parçalandığı zaman“, “Dənizlər alovlandırıldığı zaman”, “Dağlar kökündən sökülüb sovrulduğu zaman”, “Günəş korlaşdırıldığı zaman”… İnsanların bu fövqəladə vəziyyət qarşısındakı qorxuları, təşvişləri də ayələrdə geniş izah edilmiş, qaçacaq və ya gizlənəcək heç bir yer tapa bilməyəcəkləri, heç kimin onları bu əzabdan qoruya bilməyəcəyi bildirilmişdir.

Kainatın sonunun necə olacağının tarix boyu maraq doğurduğu Quran ayələrindən aydın olur. Ayələrdə bildirildiyinə görə, insanlar Peyğəmbərimizə (s.ə.v.) qiyamət saatının nə vaxt gələcəyini soruşmuşlar:

(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? (Ə’raf Surəsi, 187)


(Ya Peyğəmbər! Müşriklər) səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar. (Naziat Surəsi, 42)


Rəbbimiz, Peyğəmbərimizə (s.ə.v.)

De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!” (Ə’raf Surəsi, 187)


şəklində cavab verməsini əmr etmiş, beləliklə qiyamətin vaxtını yalnız Özünün bildiyini xəbər vermişdir.


Quranda qiyamətin nə vaxt baş verəcəyi ilə əlaqədar bir tarix bildirilmir, ancaq qiyamətdən əvvəl olacaq əlamətlər xəbər verilir. Bir ayədə qiyamətin bir neçə əlaməti olduğu belə bildirilir:


Onlar (kafirlər) ancaq o saatın (qiyamət saatının) qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir.… ” (Məhəmməd Surəsi, 18)

Bu “böyük xəbər”in əlamətlərini anlamaq üçün qiyamət əlamətləri və qiyamət günü ilə əlaqədar Quran ayələri və Peyğəmbərimizin (s.ə.v) hədislərini diqqətlə oxumaq lazımdır. Əks halda, ayədə bildirildiyi kimi qiyamət vaxtı gəldikdən sonra düşünmənin bir faydası olmayacaq. Peyğəmbərimiz (s.ə.v.) hədislərində həm qiyamət əlamətlərini xəbər vermiş, həm də qiyamətdən əvvəlki dövr ilə əlaqədar geniş izahlar vermişdir. Qiyamət əlamətlərinin baş verəcəyi dövr “Axır zaman”dır.

Axır zamanın ilk mərhələsi dünyanın maddi və mənəvi problemlərlə dolu olduğu bir dövrdür; bundan sonra gələn ikinci dövrə isə “Qızıl dövr” olaraq adlandırılan, Quran əxlaqının yer üzündə hakim olacağı və hər sahədə üstün rifahın yaşanacağı dövrdür. Qızıl dövrdən sonra dünya çox sürətlə ictimai çöküş içinə girəcək və daha sonra qiyamət saatı gələcəkdir. Ən doğrusunu Allah bilir.

Qiyamət əlamətləri ayə və hədislərdən araşdırıldığında, bu əlamətlərin dalbadal, deyildiyi kimi yaşadığımız dövrdə baş verdiyi aydın olur.

On dörd əsr əvvəl bildirilən əlamətlərin baş verməsi, inananların Allaha olan iman və yaxınlıqlarını artıran son dərəcə böyük hadisələrdir. Rəbbimiz bir ayədə

Və de: “Həmd olsun Allaha! O Öz ayələrini (qüdrət nişanələrini) sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. (Nəml Surəsi, 93)


şəklində vəd etməkdədir. Ancaq əvvəlcə qeyd etmək lazımdır ki, hər şeyin ən doğrusunu Allah bilir. Hər məsələdə olduğu kimi qiyamət haqqında da Onun bizə öyrətdiyindən başqa heç bir məlumatımız yoxdur. Qəti olaraq baş verəcək qiyamətin vaxtını yalnız Allah bilir:

De: “Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin edəcəyini bilmirəm! Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; (Cin Surəsi, 25-26)
(məqalə harun yahya)