2008-ci ildən ikirəqəmli – 21 faizlik inflyasiya ilə çıxmış Azərbaycan iqtisadiyyatı 2009-cu il boyu demək olar ki, səndələyə-səndələyə yeridi.

Dünyanı yerindən oynadan böhran Azərbaycanda xeyli problemlər yaratdı.

YENƏ NEFTDƏN ASILI

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Rövşən Ağayev hesab edir ki, 2009-cu ilin ortalarında inflyasiyanın artım tempi zəifləsə də, ümumilikdə il Azərbaycan iqtisadiyyatı üçün ağır keçdi:

«Bu ilin doqquz ayının nəticələrini əvvəlki ilin doqquz ayının göstəriciləri ilə müqayisə etsək, görərik ki, büdcə gəlirləri 40 faizə qədər aşağı düşüb.
Pensiyaların, başqa sosial ödənişlərin, əmək haqlarının verilməsində problemlər yarandı, xarici investisiyaların həcmi 40 faizə qədər azaldı. Xarici ticarət dövriyyəsi iki dəfəyə qədər azaldı».

REKORD HƏDDƏ AZALMALAR

Rövşən Ağayev bildirir ki, bu il Azərbaycanda nominal Ümumi Daxili Məhsul 20 faiz azaldı, bu isə son 14 ildə ən yüksək göstəricidir. İqtisadçının fikrincə, azalmanın əsas səbəbi neftin qiymətinin ucuzlaşması və qeyri-neft sektorunun zəif inkişaf sürəti ilə bağlıdır.

Mərkəzi Bank bankların mərkəzləşdirilmiş maliyyəsinə ayırdığı vəsaitin həcmini axır bir ildə 10 dəfədən də çox artırdı

BANKLAR BÖHRAN YAŞADI

İlin sonuna yaxın Fitch Reytinq Beynəlxalq Reytinq Agentliyi Azərbaycanda bankların verdikləri krediti toplaya bilməməsi, iri banklardan Beynəlxalq Bankın problemli kreditlərinin həcminin hətta 27 faizə çatması barədə məlumat yaydı.

Mərkəzi Bank bankların mərkəzləşdirilmiş maliyyəsinə ayırdığı vəsaitin həcmini axır bir ildə 10 dəfədən də çox artırdı. Bu maliyyələşmə dövlət vəsaiti hesabına aparıldı. Müstəqil ekspertlər bunu Azərbaycanın bank mühitində rəqabətin olmaması və bankların riski idarəetmə qabiliyyətinin inkişaf edə bilməməsi, belə pis idarəetmənin nəticəsində isə büdcə vəsaitlərinin boş-boşuna sərf olunması kimi şərh etdilər. Hərçənd hökumət banklara dövlət yardımının zəruri olduğunu iddia etdi.

«AZƏRBAYCAN BÖHRANDAN UĞURLA ÇIXDI»

«Azərbaycan» qəzetinin İqtisadiyyat şöbəsinin müdiri Raqif Məmmədov isə hesab edir ki, 2009-cu ildə Azərbaycan hakimiyyətinin ən böyük iqtisadi uğuru elə qlobal maliyyə böhranından alnıaçıq çıxması oldu:

«Demək olmaz ki, bu böhran iqtisadiyyatımıza heç təsir etmədi, amma hər halda inkişaf etmiş ölkələrlə müqayisədə itkiləri az oldu».

«QAZPROM»LA QAZ SAZİŞİ

İctimai Vəsaitin Monitorinqi Mərkəzinin eksperti, iqtisadçı Kənan Aslanlı hesab edir ki, 2009-cu ilin mühüm hadisələrindən biri də 2008-ci ildə dünya bazarında 40 dollara qədər ucuzlaşmış neft qiymətlərinin qalxması oldu.

Kənan Aslanlının fikrincə, başqa bir mühüm hadisə Dövlət Neft Şirkəti ilə «Qazprom» arasında qaz alqı-satqısına aid sazişin imzalanması oldu. Bu sazişlə artıq Azərbaycan enerji bazarlarını müxtəlifləşdirmənin əsasını qoydu.

İqtisadçı hesab edir ki, «Nabukko» kəmərinin reallaşdırılması üzrə sazişin imzalanması da əhəmiyyətli hadisələrdən sayıla bilər.

«Korrupsiyanın kökünün birdən-birə kəsilməsi mümkün deyil»

KORRUPSİYA İLƏ MÜBARİZƏ?

Kənan Aslanlı bildirir ki, 2009-cu ildə Azərbaycan hökuməti korrupsiya ilə mübarizə və sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görmədi.

«Azərbaycan» qəzetinin İqtisadiyyat şöbəsinin müdiri Raqif Məmmədov isə Kənan Aslanlı ilə razılaşmır, hesab edir ki, Korrupsiya ilə Mübarizə Komissiyasının mövcud olması o deməkdir ki, artıq korrupsiya ilə mübarizə var.

Raqif Məmmədov hesab edir ki, korrupsiyanın kökünün birdən-birə kəsilməsi mümkün deyil, bu, zaman keçdikcə tədriclə baş verəcək.

«Transparency İnternational» Beynəlxalq Şəffaflıq Təşkilatının 2009-cu il üçün hazırladığı hesabatda isə Azərbaycan korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 143-cü yerdə göstərilib.

Ermənistan bu siyahıda 120-ci, Gürcüstan isə 66-cı yerdədir.