Vergi ödəyicisi vergi bəyannamələrini elektron şəkildə göndərmək üçün müvafiq “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni və 2 nüsxədə formasını doldurub imzalamalı (möhürləməli) və uçotda olduğu vergi orqanına təqdim etməlidir. Vergi orqanı vergi ödəyicisinin ərizəsini qəbul etdiyi tarixdən sonrakı 2 gün müddətində müqavilənin imzalanıb (möhürlənib) təsdiq edilməsini təmin edir. Müqavilə imzalandıqdan sonra onun bir nüsxəsi və elektron sənəd mübadiləsinin aparılması üçün zəruri istifadəçi kodu, şifrə və parol vergi ödəyicisinə qapalı zərfdə təqdim edilir. Müqavilənin qarşılıqlı imzalanması ilə vergi ödəyicisi bəyannamələrini vergi orqanına elektron şəkildə təqdim etmək hüququnu əldə edir, vergi orqanındakı qeydiyyat məlumatlarına və büdcə qarşısındakı öhdəliklərinə baxış imkanına malik olur. Xatırladaq ki, müqavilənin qüvvədə olduğu müddətdə eyni hesabat dövrü üzrə eyni tip bəyannamə vergi ödəyicisi tərəfindən yalnız bir formatda (elektron və yaxud kağız formatda) təqdim edilməli, vergi orqanına təqdim edilən elektron bəyannamələr (hesabatlar) və vergi orqanından daxil olmuş bütün elektron sənədlər 7 ildən az olmayan müddət ərzində saxlanmalıdır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunan formalar, habelə zəruri proqram təminatları, onlardan istifadə qaydaları üzrə təlimat və digər metodik məlumatlar Vergilər Nazirliyinin rəsmi internet saytının "E-Xidmətlər" bölməsi vasitəsilə əldə oluna bilər.

Menbe: Vergiler Nazirliyi Saytı