Qız qalası - Bakı şəhərində, Qədim qala divarlarının (İçəri şəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidə. Divarlarının hündürlüyü 28, qalınlığı 5 metr olan bu qala Abşeron yarımadası ərazisində ən möhtəşəm və ən qədim feodal müdafiə tikilisidir.
Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: "Davudun oğlu Məsudun qülləsi". Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu ehtimal edirlər. Lakin bu cür lakonik məzmunlu kitabələrdə adətən memarların adının qeyd edildiyi nəzərə alınsa, "Davudun oğlu Məsud"un Qız qalasını inşa edən memar olduğunu söyləmək mümkündür. Kitabənin yazı üslubu və xətti XII əsr yazısına yaxın olduğuna görə Qız qalasının məhz həmin dövrdə tikildiyi ehtimal edilir.
Qız qalasının planı. Dəniz göy rənglə qeyd olunmuşdur.Qız qalası yerli əhəng daşından hörülmüşdür. Qala iki hissədən ibarətdir: təxminən 28 metr hündürlüyündə olan və yuxarı doğru yüksələn silindrik hissə və dənizə tərəf uzanmış uzunsov dayaq divar. Bu cür formaya əsasən müdafiə tikililərində, istehkamlarda rast gəlinir. Qalasının əsas silindrik hissəsi daxildən yastı günbəzlərlə 8 mərtəbəyə bölünmüşdür. Bu mərtəbələrdən ancaq birincisi hündürdür. Birinci mərtəbədən ikinci mərtəbəyə daxil olmaq üçün onların arasında pilləkən yoxdur. İkinci mərtəbədən başlayaraq pillələr divarın qalınlığında yerləşdirilmişdir. Mərtəbələr pillələr vasitəsi ilə əlaqələndirilmişdir. Hesab edilir ki, Qız qalasının səkkiz mərtəbəsində 250-yə qədər adam yerləşdirmək olar. Qız qalasının daxili quruluşunda diqqəti cəlb edən bir xüsusiyyət mərtəbələrin saxsı boru vasitəsi ilə vertikal istiqamətdə əlaqələndirilməsidir. Bu saxsı borunun kürəbənd məqsədi üçün və yaxud mərtəbələr arasında danışıq üçün istifadə edilməsi haqqında fikir var. Lakin qalanın tikilməsini daha qədimə aid edən (Zərdüştlüyün Azərbaycanda yayıldığı dövrlərə) bir əfsanədə qalanın kahinlərin sifarişi ilə tikildiyi və bu saxsı borunun da birinci mərtəbəyə qoyulmuş insan cəsədlərini quşların yeməsi üçün tikildiyi bildirilir.
Qız qalası qüdrətli, əzəmətli bir müdafiə tikintisi olmaqla bərabər ümumi həcm quruluşunun, nisbətlərinin və nəhayət, hörgüsünün düşünülmüş şəkildə işlənməsi cəhətdən də yüksək səviyyəli memarlıq və bədii qiymətə malik bir əsərdir.
Qalanın adı müxtəlif əfsanələrdə çəkilib və qalanın inşa səbəbi ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Təkcə onu qeyd etmək lazımdır ki, Qız qalası şəklində müxtəlif Şərq ölkələrində, türkdilli xalqların yaşadıqları ölkələrdə qala tikililəri mövcuddur. Bu ad şübhəsiz ki, bir məna ifadə edir. Qüdrətli, sarsılmaz qalaların yenilməz olduğu anlayışını xalq çox zaman bakirə mənasında “qız” termini ilə ifadə edir. Beləliklə Qız qalası sözünü bir çox tarixçilər alınmaz qala kimi izah edirlər.
Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə YUNESKO-nun qorunmalı tarixi abidələr siyahısına salınmışdır.