Azərbaycan orta əsr xristian və müsəlman dini tikililərinin qarşılıqlı təsiri.

Uzun müddət ərzində Azərbaycanın ənənəvi müsəlman ölkəsi olması qəbul edilmişdir. Lakin islam burada yalnız 7-9-cu əsrlərdə kök atmışdır. O vaxta qədər bu qədim torpağın müxtəlif regionlarında məzdəizm, mitraizm, zoroastrizm və xristianlıq mövcud olmuşdur. Bu məqsədlə xristian və müsəlman dini abidələrinin qarşılıqlı əlaqədə tədqiq olunması, Azərbaycan memarlığının səciyyəvi və özünəməxsus əlamətlərini aşkarlamağa imkan yaradan oxşar kompozisiya üsüllarının öyrənilməsi problemi xüsusi kəskinlik tələb edir. Eyni bir xalqın torpağında ucaldılmış xristian və müsəlman abidələri öz kökləri ilə Qafqaz Albaniyasının tikililərinə gedib çıxdığı üçün oxşar memarlıq həllinə malikdir.

Qədim mərkəzləşmiş və düzbucaqlı məbədlərin, həmçinin od məbədlərinin konstruktiv sxemlərinin birləşməsi kümbəzli və kümbəzsiz xristian və müsəlman məbədlərinin yaranmasına və inkişafına gətirib çıxarmışdır. Yüksələn sənətkarlıq və yeni konstruktiv sxemlərin meydana çıxması xaçlı-kümbəzli məbəd və mərkəzləşmiş-kümbəzli məscid tipli və hər iki dinə məxsus yüksək inkişafa malik tikililərin yaradılmasına imkan vermişdir. Hər bir din üçün xarakterik olan ayrı-ayrı hissələr istisna olmaqla, onların planlaşdırma quruluşları eynidir, bu da konstruktiv elementlərin və detalların oxşarlığına kətirib çıxarmışdır. Hər iki dini abidələrdə qədimdən memarlara məlum olan bütün mümkün tağlardan, qübbələrdən, kümbəz konstrkusiyalarından, stalaktik və portallardan istifadə olunmuşdur. Ornament və onun simvolikası Azərbaycan bədii irsində mühüm yerlərdən birini tutmuşdur.

Səbinə Hacıyeva