Əmrə Bəlözoğlunun qənaətincə, vətənində "Nyukasl" səviyyəsində komanda yoxdur

"TÜRKİYƏDƏ BU SÖZLƏRƏ GÖRƏ MƏNİ TORPAĞA TAPŞIRARDILAR


İngiltərənin "Nyukasl" klubunda forma geyinən Türkiyə millisinin üzvü Əmrə Bəlözoğlu mətbuatdan qaçan futbolçulardandır. Xüsusən, vətənindəki media nümayəndələrini bəyənməyən yarımmüdafiəçi bu günlərdə jurnalistlərin suallarını cavablandırıb. Həm İngiltərə, həm vətənindəki həyatından söz açan Əmrə bir çox məsələlərə aydınlıq gətirib. - Zədən nə yerdədir? - İki həftə öncə matçlardan birində ciddi zədə aldım. Sümüyümün içində nə isə əmələ gəlib. Mənə çox əziyyət verir. İngiltərədə müalicəmi davam etdirirəm. Bir həftəyə vəziyyətim tam aydınlaşacaq. - İngiltərədə sonuncu mövsümü necə keçirdin? Uğurlu saymaq olarmı? - Əslində, "Nyukasl" çox böyük hədəfləri olan klubdur. Heyətə nəzər salmaq kifayətdir ki, dediklərimi təsdiqləyəsiz. Amma bu il tərslikdən aparıcı futbolçulardan 3-4-ü zədələndi. İdeal heyətlə meydana çıxmaq arzusu baş tutmadı. Təbii ki, bu da, nəticəyə təsir etdi. Ötən il UEFA-da iştirak etmək hüququ qazanmışdıq, amma bu il ondan da məhrum olduq. "Nyukasl" kimi klub üçün bu, həqiqətən çox pis haldır. Artıq bu haqda düşünmək gecdir. Belə güclü tərəfdar kütləsi olan komanda bundan qat-qat yuxarılarda olmalıdır. Komanda üçün elə də yaxşı mövsüm olmadı, amma mənə görə heç də pis keçmədi. Uzun müddət idi ki, bir mövsümdə 50 matçdan artıq oyun keçirə bilmirdim. Amma bu il bacardım. - Baş məşqçiniz dəyişdi. Yeni çalışdırıcı ilə gələcəyin haqda söhbət etmisən? - Onunla menecerim görüşüb. Komandada qalmağımı istəyir. Müqaviləm hələ bitməyib. Elə özüm də bu klubda qalmaq istəyirəm. Qarşıda bir aylıq istirahət var. Sonra da bir ay hazırlıq keçəcəyik. O vaxta qədər çox şey dəyişə bilər. İnanmıram ki, ortaya hansısa problem çıxsın. - Mövsümün əvvəlində deyirdilər ki, "Bavariya"ya keçəcəksən... - Bayaq dediyim kimi, komandamla müqaviləm var. Ona görə də heç bir klubla danışıqlar aparmıram. "Nyukasl"a təkliflər gəlir, amma klubum məni satmaq istəmir. Menecerimin baş məşqçilə keçirdiyi görüşdə bu məsələ haqda da danışılıb. Onlar məni hər vəchlə klubda saxlamaq istəyirlər. - Türkiyənin ən dəyərli futbolçularından birisən. Əgər vətənə dönsən, "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" kimi klublar səni dərhal heyətinə qatar. Niyə ingilis klubuna üstünlük verirsən? Gənc yaşlarında böyük uğurlara imza atdığın üçün artıq bezmisən, yoxsa macəra axtarırsan? - Türkiyə futbolunun ən uğurlu günlərində vətəndə olmuşam. "Qalatasaray"ın 4 illik gözəl nəticələri, ardınca milli komandadakı uğurların hamısında imzam var. Türkiyə futbolunun uğuru haradadırsa mən də oradayam. "Qalatasaray"ın mənim aləmimdə ayrı yeri var. UEFA çempionu olduğumuz il bir neçə futbolçu və mən vətəndən ayrıldıq. Çünki hədəflərim var idi. Əvvəlcə "İnter"ə getdim. Sonra ingilis klubuna keçdim. "Nyukasl" dünyanın ən zəngin 10 klubu sırasındadır. Əgər nəticələri nəzərə alsaq, onda komandanın elə də yaxşı vəziyyətdə olmaması ilə razılaşaram. FİFA-nın cədvəlinə baxmaq kifayətdir ki, nə vəziyyətdə olduğumuzu görək. Premyer liqada 10-15 klub var ki, "Fənərbaxça", "Qalatasaray", "Beşiktaş"dan daha üstündür. Həm maddi, həm də digər göstəricilərdə bu klubları üstələyirlər. Məncə Türkiyədə "Nyukasl" səviyyəsində klub yoxdur. "İnter"dən sonra İngiltərə, İspaniya, İtaliyada daha səviyyəli klublarda forma geyinə bilərdim. Düşündüm ki, "İnter"də başıma gələnlər orada təkrar oluna bilər. Hesab etmirəm ki, hazırkı klubum zəifdir,əksinə, əksər klublardan güclüdür. - "Yaxşı ki, Türkiyədə deyiləm" dediyin vaxtlar olur? - Çox demişəm. Çünki futbolçular və komandalar üzərində ciddi təzyiq var. Həm də rəhbərlik və federasiyada problemlər aşkar görsənir. Digər tərəfdən isə mətbuat gərginliyi artırır. Xaricdə olduğum üçün belə rahat danışa bilirəm. İndi Türkiyədə olsaydım bu sözlərə görə məni torpağa tapşırardılar. Vətənimdə medianın yazılmayan qanunu belədir: birini əvvəlcə qəhrəman, sonra xain adlandırırlar.

Ramil QULİYEV