Azərbaycan yığmasının və “Bakı” klubunun futbolçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi:

- “Tvente”də karyeranız niyə istədiyiniz kimi alınmadı?
- Bu futboldur. Mən də istəməzdim ki, belə alınsın. Ancaq həyatın öz qanunları var. İlk günlərdə zədə aldım. Buna baxmayaraq, karyeramı davam etdirirəm. Çalışacağam ki, yenidən əvvəlki formamı bərpa edim və geri dönüm.

- Bəlkə Hollandiyaya getmək bir qədər tez idi?
- Belə deməzdim. “Tvente”də oynamağa tam hazır idim. Ancaq futbol həyatı elədir ki, zədədən qaçmaq çətindir. Baş məşqçi dəyişikliyi də mühüm rol oynadı və qərara aldım ki, müvəqqəti də olsa, vətənə dönüm.

- Karyeranız ərzində 3 fərqli ölkədə - Rusiya, Azərbaycan və Hollandiyada yaşamısınız. Yaşamaq üçün hansı ölkə daha rahatdır?
- Hər biri fərqli ölkələrdir. Əlbəttə, vətəndə yaşamaq daha yaxşıdır. Ancaq futbolçu kimi irəli getmək, inkişaf etmək üçün Hollandiya daha münasibdir. Rusiya çempionatı da güclü birinciliklərdən hesab edilir.

- MOİK-dən “Qarabağ”a gələrkən, çoxları pula görə geri döndüyünüzü fikirləşirdi. Həmin vaxt doğurdanmı pul qazanmaq üçün Bakıya gəldiniz?
- “Qarabağ”a pula görə gəlməmişdim. Heç indi də “Bakı”nı seçərkən bu amilin elə də rolu olmayıb. Düzdür, pul yaşamaq üçün lazım olan amillərdəndir. Ancaq indiki məqamda pul arxasınca düşməmişəm. Əksinə, yaxşı oynasam, pul özü arxamca gələcək.

- “Tvente”dən ayrılan zaman “Qarabağ”a dönəcəyinizi deyirdilər. Çünki Hollandiyaya gedərkən, geri dönəcəyiniz təqdirdə ancaq “Qarabağ”ı seçəcəyinizi demişdiniz. Ağdam təmsilçisinə keçidinizin baş tutmaması nə ilə bağlı idi?
- “Qarabağ” mənə doğmadır və sevdiyim klubdur. Bu komandaya dönmək istəyirdim. Onların rəhbərliyi ilə də danışığımız olmuşdu. Lakin son anda bu keçid baş tutmadı.

- Problem siz tərəfdən yarandı, yoxsa klub tərəfdən?
- Klub tərəfdən.

- Hətta sizi “Qarabağ”a xəyanət etməkdə ittiham edənlər də oldu. Bundan çəkinmədiniz?
- Xeyr. Yenə deyirəm, ilk danışıq apardığım klub “Qarabağ” oldu. Bu keçidin baş tutmaması ilə bağlı bütün suallara Ağdam təmsilçisi cavab verməlidir. Çünki mən lazım olan qədər güzəştə getdim. “Bakı”ya keçdiyimə görə də xoşbəxtəm.

- Həyatınızda pul nə dərəcədə önəmlidir?
- Açığını deyim, pul mənim üçün önəmli deyil. Pul ailəmi dolandırmaq üçün lazımdır. Azərbaycanda elə şeylər var ki, pulla ölçülür. İnsanlar bir-birinin pulunu sayır. Bu düzgün deyil. Qaldı ki, pulumu hara xərclədiyimi özüm yaxşı bilirəm. Xahiş edirəm, kimsə mənim qazandığım pulu saymasın.

- Hollandiyaya getdikdən sonra “facebook”da təvəllüdünüzü 1987-ci il kimi göstərmişdiniz. Bu da sizin “lipa” olmağınızla bağlı söz-söhbətin yayılmasına səbəb oldu.
- Əgər “lipa” olsaydım, bunu bütün Azərbaycan danışardı. Neçənci ildə anadan olduğumu hamı bilir.

- Bəs təvəllüdünüzü səhv qeyd etməyiniz nə ilə bağlıdır?
- Bunu mən yox, dostum açmışdı. İndiyə qədər heç buna baxan da yox idi.

- Hollandiyaya yeni getdiyiniz vaxt xüsusilə də cavan xanımların sizdən avtoqraf istədiyini, sizinlə şəkil çəkdirdiyini bilirdik. Yəqin ki, cavan olduğunuza görə, bu mühit sizi razı salırdı?
- Bu cür şeylərlə ilk dəfə deyil ki, rastlaşıram. Xüsusilə də Hollandiyada buna normal baxırlar. Adi məşq prosesinə 100-dən çox insan gəlir. Özləri ilə fotoaparat gətirib ya şəkil çəkdirirlər, ya da avtoqraf alırlar. Futbolda belə şeylər lazımdır. Futbolçuların futbolu sevdikləri kimi, azarkeşlərin də futbolçuları sevmələri vacibdir.

- Deyəsən, qız tanışlarınız çoxdur?
- Bəli, qız tanışlarım çoxdur. Hamısını çox istəyirəm. Təbii ki, bir dost kimi.

- Onlarla tez-tez görüşürsünüz?
- Azərbaycanda dost tanış dedikdə, bunu ikibaşlı qəbul edirlər. Ailəvi, eləcə də məktəb yoldaşlarım var ki, hərdən görüşürük.

- Evlənmək istəmirsiniz?
- Belə bir fikrim var. Amma tələsmirəm, müəyyən vaxtdan sonra.

- Evlənəcəyiniz xanım qız dostlarınızdandır?
- Bəli.

- Sizə sevgisini çatdıran xanımlar olubmu?
- Olub, normal cavab verib, yola salmışam. Çünki artıq qəlbimdə bir insan var. Ona görə də başqasına ehtiyac yoxdur.

- Yenidən Azərbaycana döndüyünüzə görə, peşmansınızmı?
- Xeyr. Bu müvəqqəti haldır. Avropa karyeram hələ bitməyib. Hər şey qabaqdadır.

- “Lipa” olmadığınızı dediniz. Ümumiyyətlə, “lipa”laşdırmaya münasibətiniz necədir?
- Böyük futbolda bunun heç bir əhəmiyyəti yoxdur. “Lipa”laşdırma üçün 10-11 yaşda bunu etmək lazımdır. Bütün ölkələrdə bu addıma əl atırlar. Normal olub-olmadığını zaman göstərir. Elələri var ki, ümidləri doğruldur.

- Meydanda bir qədər əsəbi görünürsünüz? Həyatda da beləsiniz?
- Tez hirslənirəm.

- Azarkeşlər komanda zəif oynayanda futbolçuları təhqir edir, onlara söyürlər. Bu cür hallar sizi yormur?
- Biz əlimizdən gələni edirik ki, yaxşı nəticə qazanaq. Söyüş və ya təhqirlə heç nəyə nail olmaq mümkün deyil. Mədəni şəkildə öz narazılığını bildirə bilərlər. Futbolu azarkeşlər üçün oynayırıq. Uduzan zaman onları da başa düşmək lazımdır.

- Bayaq Vətəni sevdiyinizi dediniz. Sabah müharibə başlasa, əlinizə silah götürəcəksinizmi?
- Hər bir azərbaycanlı kimi, mən də vətənin keşiyində dayanacam. Bunu müsahibə xatirinə demirəm. Həmişə hazıram.

- Hərbi xidmətdə olmusunuzmu?
- Xeyr.

- Arzunuza çatmısınızmı?
- Ailəmin sağlam olmasını istəmişəm. Ən böyük arzum futbolçu olmaq idi.

- Elə vaxt olubmu ki, atanızla fikriniz üst-üstə düşməsin?
- Xeyr.

- Deyəsən, atanızın məsləhətlərinə daha çox qulaq asırsınız?
- Bəli, istəmişəm ki, həm insan, həm də futbolçu kimi atama oxşayım. Onun zəhmətinin qarşılığını vermək istəyirəm. ANSPRESS