Bu AZERBAYCANli qardasimiza destek olmagin yollarina axtarmaga baslamaliyiq.

Rüstəm İsmayıl uzərində 70 məhkəmə prosesi keçirilmiş, 16 xəstəlik, o cümlədən HİV daşıyıcısıdir.

Dosye: Almaniya Federativ Respublikasında (AFR) daimi yaşayış hüququ olan, Azərbaycan Respublikasının vətəndaşı Rüstəm İsmayıl (İsmayılov) 1970-ci ildə Azərbaycanın Göyçay rayonunda anadan olub. 1977-ci ildə Göyçay rayon 3 saylı orta məktəbin 1-ci sinfinin rus bölməsində təhsil almağa başlayıb. 1985-ci ildə 8-ci sinfi bitirərək, orta məktəblə yollarını ayırıb. 1985-88-ci illərdə Göyçay rayon peşə məktəbində təhsil alıb. 1998-ci ilə qədər bizneslə məşğul olub, böyük uğurlar qazanıb. Lakin sonradan – məhz 1998-ci ildə biznesi iflasa uğrayıb. Həmin il Almaniyaya gedib (rəsmi sənədlərdə Almaniyaya turist kimi getdiyini qeyd edib). Subaydır. Hazırda Rüstəm 16 xəstəlikdən - AİDS, infarkt, ağ ciyərin çürüməsi (vərəm), depressiya, xroniki prostat xəstəliyi, ikinci dərəcəli refleksiya, xroniki Hepatit A (qaraciyər xəstəliyi), ikinci dərəcəli sifilis, babasil və s. - əziyyət çəkir (Rüstəm bəzi xəstəliklərin adlarını ingiliscə təqdim edib). Almaniyadakı sənədlərdə soyadı İsmayıl, Azərbaycandakı sənədlərdə isə İsmayılovdur. Soyadının İsmayıl olması üçün Azərbaycanın Almaniyadakı Səfirliyinə müraciət edib.

O, hazırda Almaniyada yaşayır. “Yaşayır” demək bəlkə də düzgün olmazdı, sürünə-sürünə mübarizə aparır. Beləliklə, HİV-lə yaşayan (daha doğrusu, artıq AİDS xəstəliyinə tutulmuş), 33 yaşında infarkt keçirmiş Rüstəm faciəvi həyat hekayətini Lent.az-a danışır.

“...1998-ci ildə turist olaraq gəldiyim Almaniyada Azərbaycan vətəndaşlığına aid sənədlərimi itirdim və həyatım fəlakətə uğradı. Həmin il ağır sətəlcəm xəstəsi olmağıma baxmayaraq, AFR qanunlarına uyğun tibbi yardım edilmədən, qış aylarında heç bir insan haqlarına uyğun olmayan, qanunsuz olaraq küçələrə atıldım. Ağır sətəlcəm halda, qaranlıq, soyuq qış gecələrində ac-susuz, evsiz-eşiksiz, çöllərdə ölümə tərk edilmiş heyvanlar kimi həyatda qalmaq savaşı sürdürdüm. 1999-cu ildə xəstəlik keçirdiyim halda, polislər tərəfindən zorla çılpaq soyundurularaq vəhşicəsinə döyüldüm. Bütün bu və başqa qanun pozuntularından irəli gələn, xroniki xəstəliklərimin ağır nəticəsini görən dövlət dərhal məhkəmələr vasitəsilə arxa-arxaya qeyri-qanuni, ədalətsiz qərarlar verib, yeni cinayətlər törətməyə başladı. Hətta 5 il ərzində məhkəmələr tərəfindən həkimə getməyim də qanunsuz şəkildə qadağan edildi. Bütün bu haqsızlıqlar və cinayətlər məndə ağır psixoloji xəstəliklərə yol açdı. Ağır xəstə vəziyyətimi görən alman həkimləri və satılmış alman vəkillərim cinayəti başqa istiqamətə, istədikləri kimi yönləndirdilər. Ağır xəstəliklərimin səbəbinin gizlədilməsi və mənliyimin ayaqlar altında tapdanaraq cinayətlərin ört-basdır edilməsi məni çıxılmaz vəziyyətə gətirib çıxardı. Bu vəhşiliklərin nəticəsində 33 yaşımda infarkt keçirərək, xəstəxanaya düşdüm. 2003-cü ilin axırlarında ağır xəstə halımı və ölümə məhkum edildiyimi görən türk toplumu həqiqətlərin yayılmasında mənə köməklik etməyə başladı. 2004-cü ilin yanvar ayında mən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib, Almaniya parlamentinin qarşısında canıma qəsd etmək cəhdinə məcbur qaldım. Bu hadisə Almaniya mediasında geniş yer alsa da, bu cinayətlər davam etdi.

Ali savadım olmadığı üçün 2004-cü ildən etibarən cinayətlərin yazılmasında alman millətinə aid olmayan başqa millətlərin nümayəndələrinin köməyindən istifadə etmişəm. İllərlə “Şarete” psixoloji xəstəxanasında ağır xəstə kimi qeydiyyatda göstərilməyimə baxmayaraq, düzgün diaqnoz qoymaq istəməmələri nəticəsində heç bir müalicə görmədim. “Şarete” xəstəxanası bir cinayəti düzəltməyə deyil, ört-basdır etməyə çalışdı. Saxta faktlar toplamaq məqsədi ilə həmin xəstəxananın “Küçələrdə daşa basdırmaq müalicəsi”, iz itirmək və vaxt qazandırmaq məqsədi daşıyırdı.

Həmçinin başqa xəstəxanalar tərəfindən də eyni yöntəmlərlə xəstəliklərim gizlədildi.

2006-cı ilin may ayında Fransiskos xəstəxanasında həkimlər məcburiyyət qarşısında qalıb uzun illər gizlətdikləri AİDS xəstəsi olduğumu üzə çıxardılar. Bu diaqnoz mənə deyiləndən 5 gün öncə (mən xəstəxanada ağır xəstə yatağında ikən) Avropa İnsan Haqları Məhkəməsində 746/04 saylı iş mənim iştirakım olmadan açılıb və “Almaniyanın Ali Məhkəməsindən keçmədiyi” iddiası ilə rədd edilib. Baxmayaraq ki, Avropa İnsan Haqları Məhkəməsinin İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 37-ci Maddəsinin 1-ci Bəndinin son abzasına görə (İnsan hüquqlarının kobudcasına pozulduğu üçün) məhkəmə bu şikayətə baxmağa davam etməli idi.

Ondan başqa, 746/04 nömrəli davaya birləşdirilən 18.10.04 tarixli şikayətim (105 C 3052 / 04), Alman ZPO § 511 qanununa görə, Almaniya Ali Məhkəməsi bu işə baxa bilməzdi (çünki iddiası 600 avrodan yüksək olmayan davalar Almaniyada yalnız bir hakimin qərarı ilə bağlanır. İkinci bir yuxarı instansiya məhkəməsində bu iş açıla bilməz).

AFR dövlət təşkilatlarının və məhkəmələrin bəziləri qərarlarının qanunsuz olduğunu rəsmi qəbul etməyə məcbur oldu. Lakin bir çox başqa dövlət təşkilatlarında və məhkəmələrdə qanunsuz qərarlar verildiyini yetərli faktlarla sübut etməyimə baxmayaraq, bu təşkilatlar və məhkəmələr öz cinayətlərinin üstünün açılmaması üçün ciddi maneələr törədirlər. Heç bir cinayətim olmadığı halda 1998-2008 ilə qədər Almaniyada mənə qarşı 70 məhkəmə qurulub. Bu məhkəmələrin yalnız 7-də iştirak etməyimə icazə verilib. Bu 7 məhkəmədə haqlı oldumu sübut etdiyim üçün eyni tarixdə qərar verməkdə çətinlik çəkiblər. Ona görə də qalan 63 məhkəmə xəbərim olmadan, mənə heç bir müdafiə haqqı verilmədən, qeyri-qanuni baxılıb və cinayətkarların maraqlarını müdafiə edərək ədalətsiz qərarlar verilib. Bir sözlə, Almaniya mənim həyatımı məhv edib. Artıq 4-5 il ömrüm qalıb. Oturub ölümümü gözləyirəm...”

Rüstəm İsmayıl iddia edir ki, Almaniya hökuməti Dünya Bankından hər miqrant üçün ildə 35 min avro alır. Lakin miqrantlara həmin puldan yalnız 3-5 min avro verilir.

Rüstəm İsmayılın tələblərinə gəlincə, o, təcili olaraq Avropanın başqa ölkəsinə yerləşdirilməsini və müalicəsinə başlanmasını istəyir. Onun tələblərindən biri isə neytral ölkələrdən ekspertlər təyin edilərək xəstəliklərinin səbəbləri və tarixlərinin təyin edilməsidir. Ona qarşı cinayətkarlıq törədən şəxslərin cəzalandırılmasını istəyən Rüstəm İsmayıl maddi və mənəvi zərərin əvəzi olaraq 50.000.000 avro dəyərində təzminat tələb edir: “Ölümümdən sonra bütün hüquqlarım avtomatik ailə üzvlərimə keçir. Bunu AFR-in yüksək məhkəmə notariusunda təsdiq etdirmişəm”.

Rüstəm təzminat alacağı təqdirdə başına gələnlər barədə kitab yazmaq və film çəkmək niyyətindədir. O, tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, 2009-cu il mayın 15-də Avropadakı dövlət təşkilatlarından birinin qarşısında intihar edəcəyini dedi.

Onda AİDS xəstəliyinin aşkara çıxarılması isə çox maraqlı olub. Belə ki, Rüstəmin Almaniyada yaşayan Türkiyə türkü Əzizə adlı bir xanımla münasibətləri var imiş. O, 2006-cı ildə xəstəxanaya düşür, 1 həftədən sonra isə həkimlər ona qapını göstərir, deyirlər, bəsdir qaldın, get evinə. Həmin vaxtlar Əzizə xanım Rüstəmi hər gün ziyarət edirmiş. Onun xəstəxanadan çıxarıldığını görən Əzizə həkimlərdən hansı xəstəliyi tapdığını israrla soruşur. Həkim isə Rüstəmin qanında bir virus tapdıqlarını, lakin onun nə olduğunu bilmədiyini söyləyib. Almaniya vətəndaşı olan Əzizə xanımın böyük israr və təzyiqlərindən sonra (onun köməkliyilə məsələyə Türkiyə mediası və Almaniyanın TD1 televiziya kanalı da qarışıb) Rüstəmdə HİV virusunun olduğu aşkarlanır. Heç demə, Əzizə xanım Rüstəmlə ailə həyatı qurmaq barədə fikirləşirmiş, lakin acı xəbər bu istəyə mane olub: “Xəstəlik aşkarlandıqdan sonra sadəcə, dost olaraq qaldıq. O, yaxşı bir xanımdır. Əzizə xanımı Azərbaycandakı diaspora nümayəndələri də çox yaxşı tanıyır. 7 kitabı da var”.

Rüstəm Svetlana adlı rus qadını ilə təxminən ilyarım birgə yaşayıb, ancaq bu, sevgi olmayıb. “Bu əlaqəni məni tanıyanların hamısı bilirdi. İndi evlənmək istəyirəm. Lakin necə evlənim? Mən ancaq özüm kimi HİV-lə yaşayan qadınla evlənə bilərəm. Bu da evlənmək sayılmaz, birlikdə yaşamaq olar. Həm də dünyaya xəstə, şikəst uşağın gəlməsini də istəmirəm” – deyir, Rüstəm.

Rüstəmin Bakıda və yaşadığı Berlin şəhərində vəkilləri var. Onun Bakıdakı vəkili Tamella Abdullayeva Lent.az-a açıqlamasında Rüstəm İsmayılla bağlı Avropa İnsan Haqları Məhkəməsinə 2 dəfə müraciət etdiyini bildirib. İlk müraciət onun pozulan hüquqlarının bərpası və 50 milyon Avro təzminatın ödənməsi tələbi olub. Digər müraciət isə bu yaxınlarda edilib. Bu il noyabrın 24-də Rüstəmin Almaniyada yaşadığı mənzilin qapısını qıraraq, onu zorla qapalı bir yerə aparıblar. Tamella Abdullayeva Avropa İnsan Haqları Məhkəməsinə ikinci dəfə məhz bu məsələ ilə bağlı müraciət edərək Rüstəmin dərhal azadlığa buraxılmasını tələb edib. Rüstəm özü deyir ki, o, Tamella Abdullayevanın və Almaniyadakı Azərbaycan Evinin prezidenti Tofiq Qarayevin köməkliyilə 4 gündən sonra azadlığa çıxıb.

Tamella Abdullayeva Rüstəm İsmayılın hüquqlarının qorunması ilə bağlı anasının Azərbaycan Prezidentinə müraciət etdiyini də bildirib. Vəkil özü isə Azərbaycan Milli Məclisi və digər qurumlara analoji müraciətlər etsə də, heç bir cavab almayıb...