Naxçıvan Muxtar Respublikasının Babək rayonundakı Nehrəm kənd 1 saylı tam orta məktəbinin yeni binasının açılışı olub. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində bu gün də ölkəmizdə sabitlik və sosial-iqtisadi yüksəliş təmin olunub: “Ölkəmizdə mövcud olan sabitlik bütün sahələrlə yanaşı, təhsilin də hərtərəfli inkişafı ilə səciyyələnir. Prioritet sahə olan təhsil bu gün Azərbaycan dövlətinin sosial inkişaf xəttində mühüm yer tutur. Ona görə ki, təhsilə qoyulan sərmayə, göstərilən qayğı təkcə ölkəmizin bu gününə deyil, eyni zamanda gələcəyinə xidmət edir, yüksək intellektual potensialın formalaşmasını şərtləndirir. İstifadəyə verilən Nehrəm kənd 1 nömrəli tam orta məktəbinin binası da ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının daha bir nümunəsidir”. “Məktəbdə müasir təhsilin bütün tələbləri nəzərə alınıb, ən yeni elektron tədris avadanlığı quraşdırılıb. Perspektiv də nəzərə alınmaqla, 900 şagird yerlik məktəbdə 4-ü elektron lövhəli olmaqla 50 sinif otağı, 57 kompyuterin quraşdırıldığı 3 kompyuter sinfi, zəngin kitabxana, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinet, idman zalı kollektivin istifadəsinə verilir”, - deyən Ali Məclisin Sədri bildirib ki, bu il məktəbin məzunlarından 22-si ali təhsil müəssisələrinə, 6-sı orta ixtisas məktəbinə, bir nəfər isə doqquzuncu sinif bazasından Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Məzunlardan 4-ü ali məktəblərə qəbulda 500-700 arası bal toplayıb. Bu nəticələr onu göstərir ki, məktəbdə tədrisin keyfiyyətinə xüsusi diqqət yetirilib, kollektiv qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə çalışıb. Ali Məclisin Sədri yaradılan şəraitin müqabilində məktəbdə bundan sonra da intellektli və vətənpərvər gənclərin yetişdiriləcəyinə əminliyini bildirib, bu yolda kollektivə uğurlar arzulayıb.


Məktəbin müəllimi Təranə Fətullayeva deyib ki, muxtar respublikada tikilən və əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələri Naxçıvanın müasir tarixinin bütöv bir salnaməsi, xalqımızın dünəni, bu günü və gələcəyidir.

Qeyd edək ki, məktəb binasının qarşısında kənd ziyalıları ilə görüşən Ali Məclisin Sədri ölkəmizdə geniş vüsət alan quruculuq işlərinin, həyata keçirilən mühüm infrastruktur layihələrin Nehrəm kəndini də əhatə etdiyini vurğulayıb.