Təmas xəttində şəhid olmuş iki Azərbaycan hərbçisinin meyitləri sabah qaytarılacaq.

Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, əməliyyat sabah saat 16.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində baş tutacaq. Azərbaycan bir müddət əvvəl cəbhə xəttində öldürülən Ermənistan vətəndaşı, 81 yaşlı Qavruşa Arustamyanın meyitini qarşı tərəfə təhvil verəcək. Ermənilər isə Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin qaytaracaqlar.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində Rusiya prezidenti Dmitri Mededyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.

Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrasına ötən gündən start verilib. İlk olaraq Ermənistan tərəfindən əsir götürülən Eldar Tağıyev ötən gün Azərbaycana təhvil verilib. Proses Azərbaycan-Ermənistan qoşunlarının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində, Qazax-İcevan yolunun üzərində yerləşən neytral zonada həyata keçirilib. Azərbaycan isə erməni hərbçi Manvel Mamikonoviç Sarıbekyanın meyitini Ermənistana təhvil verib.


lent.az