Rusiya prezidenti Dmitri Medvedevin Türkiyə səfəri hər 2 ölkə üçün olduqca səmərəli olub

Rusiya prezidenti Dmitri Medvedevin Türkiyə səfəri hər 2 ölkə üçün olduqca səmərəli olub. Ölkələr arasında 1 aylıq viza rejimi ləğv edilməklə yanaşı, Rusiyanın "Atomstroyeksport" şirkətinin Türkiyədə 20 milyard dollar dəyərində atom elektrik stansiyası inşa etməsi də razılaşdırılıb. Bu stansiyada Türkiyənin ehtiyacı olan elektrik enerjisinin 10 faizini istehsal ediləcək. Tərəflər ümumi dəyəri 25 milyard dollar olan 17 sənəd imzalayıblar.

Medvedev Türkiyə ilə münasibətlərdə gəlinmiş mərhələni tarixi sıçrayış və dönüş nöqtəsi kimi xarakterizə edib. İki ölkə liderləri ticarət dövriyyəsi üçün də hədəf olaraq 5 il ərzində 100 milyard dolları müəyyən ediblər.

Medvedin səfəri Abdulla Gül və xanımının Çankaya sarayında verdiyi şam yeməyi ilə yekunlaşıb. Ziyafətdə çıxış edən Gül Türkiyə və Rusiyanın bölgədə sülh və əminamanlığın qarantı olduğunu vurğulayıb.

Medvedev isə 2 ölkə arasında diplomatik münasibətlərin 5 əsrlik tarixə malik olduğunu və bu münasibətlərin gələcəkdə də güclənməyə davam edəcəyini deyib.

Yeməyə Rusiya və Türkiyənin yüksək rütbəli dövlət xadimləri və müxtəlif mətbuat orqanlarının nümayəndələri də qatılıblar. Türk mətbəxinin ən məşhur yeməklərindən dadan qonaqlar sonda qədəh toqquşdurmağı da unutmayıblar.

Bu arada İsrail Xarici İşlər Nazirliyi yenidən Dmitri Medvedevin Yaxın Şərqdəki vəziyyətlə bağlı açıqlamalarına sərt reaksiya verib. Buna səbəb Medvedevin İsrail-Fələstin danışıqlarına Həmasın da cəlb olunmasının əhəmiyyətinə dair açıqlaması olub. İsrailin bəyanatında Həması və Çeçen qruplaşmalara bənzədib və terrorçu kimi xarakterizə edilib. Medvedevin Suriyada Həmas təşkilatının siyasi bürosunun rəhbəri Xalid Məşaalla görüşməsi də yəhudi hökumətinin ciddi etirazına səbəb olmuşdu.