Bıçaq xəsarətləri alan iki tələbə ağır vəziyyətdədir
Azərbaycan paytaxtında tələbələr arasında kütləvi dava baş verib. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 7-si, axşam saatlarında 28-ci Polis Bölməsinin ərazisində qeydə alınıb.
10-15 tələbənin iştirak etdiyi davada 4 nəfər bıçaqlanıb. Onlardan ikisi - 22 yaşlı Nahit Mirzəyev və 21 yaşlı Əli Qasımov ağır bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkənlərin əməliyyat olunduğu bildirilir. Vəziyyətləri ağır olduğundan onları dindirmək hələlik mümkün olmayıb.
Baş vermiş hadisə ilə bağlı 28-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat-təhqiqat qrupu yaradılıb. Hazırda polis hadisənin bütün iştirakçılarının müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Polisdən, həmçinin bildirib ki, kütləvi davada iştirak edənlərin əksəriyyəti Azərbaycan Texniki Universitetinin tələbələridir. İlkin ehtimala görə, hadisə qız üstündə baş verib.
Yer imleri