Qəzaya qurban gedən kiçik çavuş Pərviz Əhmədovun anası: “Oğlum mənə ikinci dəfə sürpriz etdi”
Aprelin 3-də Lənkəran-Lerik avtomagistralının 48-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndi ərazisində içərisində 16 hərbçinin olduğu, Azərbaycan Sərhəd Qoşunlarına məxsus 04-63 SQ nömrə nişanlı hərbi avtomaşının aşması nəticəsində 4 əsgərimiz həlak olub...
...Vəssalam. Xəbərin sərt üzü budur. Xəbərin üstü budur. Quru statistika. Qupquru. Altında isə leysan kimi göz yaşları, qırılan talelər, sınan ümidlər, arzular, param-parça ürəklər, yarımçıq, nakam sevgilər...
O quru və qara xəbərdə ölənlərin adları arasında 1990-cı il təvəllüdlü əsgər Əhmədov Pərviz Rahib oğlunun da adı var...
Pərviz Əhmədov 2009-cu ildə Şəmkir rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Sərhəd qoşunlarının N saylı hərbi hissəsində 1 il 6 aylıq hərbi xidməti başa vuran və evinə, doğmalarının yanına qayıtdığı gün məşum bir qəzaya qurban gedən kiçik çavuş aprelin 4-də boya-başa çatdığı Şəmkir rayonunda torpağa tapşırılıb. Anası Nazilə Əhmədova dəfn mərasiminə qatılan Lent.az-ın Gəncəbasar müxbiri ilə Pərviz haqqında xatirələrini bölüşüb:
“Yoldaşımdan sonra Pərviz evimin dirəyi olub”
- Yoldaşım 4 il əvvəl rəhmətə getdi. 3 oğlunu və məni başsız qoydu. Çox fikir edirdim. Ancaq Pərviz deyirdi ki, ana, dərd eləmə. Başını dik tut. Biz sənə baxarıq. Qardaşının birinin özündən böyük olmasına baxmayaraq, balam 15 yaşından işləməyə başladı. Tikinti işini öyrənmişdi. Həqiqi hərbi xidmətə gedənədək Bakıda usta işlədi, anasına, balaca qardaşına baxdı. O, yoldaşımdan sonra evimizin dirəyi idi. Evimin dirəyi yıxıldı.
“Oğul vətəndən ötrü yaranıb”
Pərviz lap kiçik yaşlarından deyirdi ki, kişi əsgər gedər. Oğul vətən üçün yaranır. Mən də oğlumun bu sözlərini eşidəndə qürurlanırdım. Yaşıdlarına, özündən balacalara da bu sözləri təkrarlayardı. Elə həqiqi hərbi xidmətə də böyük ruh yüksəkliyi, həvəs və qürurla getdi. Hərbi hissədən, hərbi xidmətindən də çox razılıq edirdi. Komandiri, xidmət yoldaşları da həmişə onun haqqında mənə ən yaxşı sözləri deyiblər. Mən də təbii ki, bir ana kimi sevinmişəm. Bir dəfə Fəxri Fərman alıb, kiçik çavuş rütbəsinə yüksəlib. Hətta deyirdi ki, məni burada saxlamaq istəyirlər, amma sənin yanına qayıdacam.
“İkinci sürpriz”
Ötən ilin oktyabrında mənə sürpriz etdi, xəbərim olmadan evə gəldi. Sonuncu dəfə balamın isti nəfəsini onda duydum. Sağ canını onda qucaqladım. Pərviz həmişə yaşından böyük ağlı, zəkası, təmkini ilə hamının qəlbini fəth edirdi. İndi elə bil ki, daha da böyümüşdü. Hətta bacımın yoldaşı onunla söhbətdən sonra mənə dedi ki, artıq Pərvizdən nigaran olma. O, əməlli-başlı böyüyüb. Əsgərlikdən qayıdandan sonra sənin heç bir dərdin qalmayacaq. Bu sözləri eşitdim, ürəyim dağa döndü. Ancaq oğlum ikinci dəfə mənə sürpriz etdi. Qayıtdı, amma...
“Oğlumun başındakı bəlanı hiss edirdim”
Oğlumun hərbi xidmətdən qayıtmasına bir neçə gün qalmış, elə bil ki, mənə nəsə olmuşdu. Heç özüm də başa düşmürdüm ki, niyə beləyəm. Bütün günü ağlayırdım. Ətrafımdakılar deyirdi ki, sənə nə olub, sevinmək əvəzinə ağlayırsan? Mən də başa sala bilmirdim ki, içimdə böyük bir narahatlıq var. Ancaq bir tərəfdən də oğlumun gəlişi üçün hazırlıq görürdüm. Pərviz özü də sanki hiss edirdi ölümünü. Axır zamanlar imkan olan kimi mənə zəng edirdi. Özü də həmişə eyni sözləri deyirdi. Deyirdi ki, ana, məni gözlə. Allah qoysa, sağ-salamat gələcəm. Mütləq gələcəm.
“Qonaqlığı vaya döndü”
Mən balamı belə gözləmirdim, sağ-salamat gözləyirdim. Rayonda bizi tanıyan hamı bilirdi ki, oğlum əsgərlikdən qayıdacaq. Onu çox istəyirdilər deyə, sevinir, mənə gözaydınlığı verirdilər. Deyirdilər ki, mütləq qonaqlıq elə. Mən də qonaqlığa hazırlaşırdım. Artıq hər şey hazır idi. Bu gün o gəlməli idi. Bu gün oğlumun qonaqlığı olmalı idi. Balamı gözləyirdim, tabutunu gətirdilər...
Yer imleri