KOSMOSDA HƏSSAS TARAZLIQLAR

Əslində, ''Biq Banq''ın materialistlər üçün yaratdığı problem ateist filosof Antoni Flevin yuxarıda qeyd edilən etirafından çox böyükdür. Çünki ''Biq Banq'' kainatın yalnız yoxdan var edildiyini deyil, eyni zamanda, çox planlı, nizamlı və nəzarətli bir vəziyyətdə var edildiyini göstərməkdədir.

Böyük Partlayış kainatın bütün maddəsini və enerjisini təmin edən nöqtənin partlaması və böyük sürətlə kosmosa yayılması ilə baş verdi. Qorxunc bir sürətlə hər tərəfə yayılan maddədən qalaktikalar, ulduzlar, Günəş, Yer və bütün göy cisimlərini özündə saxlayan çox böyük bir tarazlıq meydana gəldi. Buna əlavə olaraq, insanların ''fizika qanunları'' adlandırdıqları, kainatın hər yerində eyni olan və dəyişməyən qanunlar yarandı. Bütün bunlar Böyük Partlayışın dalınca Böyük Quruluşun meydana gəldiyini göstərməkdədir.

Lakin partlayışlar ahəngli bir sistem əmələ gətirməzlər. Müşahidə etdiyimiz bütün partlayışlar var olan ahəngli sistemi pozur, parçalayır və yox edir. Məsələn, atom və hidrogen bombalarının partlaması nəticəsində yaranan partlayışlar, saf metan qazının əmələ gətirdiyi partlayışlar, vulkanik partlayışlar, təbii qaz partlayışı, Günəşdə meydana gələn və s. partlayışları araşdırsaq, nəticənin hər zaman dağıdıcı olduğu görünər.

Əgər bir partlayışın ardınca qarşımıza çox nizamlı bir düzən çıxarsa, məsələn, yer altındakı bir partlayış ortaya qüsursuz sənət əsərləri, böyük saraylar, füsunkar binalar çıxararsa, o zaman bu partlayışın dalında qeyri-təbii bir müdaxilə olduğu, partlayışla birlikdə yayılan bütün parçaların həqiqətdə çox nəzarətli bir halda hərəkət etdikləri qənaətinə gələrik.

Uzun illər ''Biq Banq'' nəzəriyyəsinə qarşı çıxdıqdan sonra səhvini etiraf edən Sir Fred Hoylun sözləri bu vəziyyəti gözəl ifadə edir: ''''Biq Banq'' nəzəriyyəsi kainatın tək və böyük bir partlayışla başladığını qəbul edir. Amma bildiyimiz kimi, partlayışlar maddəni dağıdır və sistemsizləşdirirlər. Lakin ''Biq Banq'' bunun tam əksi olan bir təsir meydana çıxarmışdır: maddəni bir-biri ilə birləşdirəcək və qalaktikaları meydana gətirəcək hala gətirmişdir''[6].

Hoyl ''Biq Banq''ın ahəngli sistem təşkil etməsinin ziddiyyətli olduğunu deyərkən, əlbəttə, onu materialist mühakimə ilə izah etməkdə, yəni bunun ''nəzarətsiz bir partlayış'' olduğunu güman etməkdədir. Lakin Yaradıcının varlığını qəbul etməmək üçün belə bir açıqlama verərək, özü əsl ziddiyyətli vəziyyətə düşmüşdür. Çünki partlayışla birlikdə çox böyük bir quruluş əmələ gəlmişsə, o zaman ''nəzarətsiz partlayış'' fikrini kənara atmaq və partlayışın qeyri-adi şəkildə nəzarətli olduğunu qəbul etmək lazımdır.

''Biq Banq''dan sonra kainatda yaranan bu qeyri-adi ahəngin başqa bir yönü isə yaşamağa əlverişli kainatın yaranmış olmasıdır. Yaşam şəraiti olan bir planetin yaranması üçün lazım gələn şərtlər o qədər çoxdur ki, onun təsadüfən əmələ gələ biləcəyini düşünmək mümkün deyil.

Tanınmış nəzəri fizika professoru Paul Davies ''Biq Banq''dan sonrakı inkişafın sürətinin nə qədər ''həssas tənzimlənmiş'' olduğunu hesablamış və inanılmaz bir nəticəyə gəlmişdir. Daviesə görə, ''Biq Banq''dan sonra baş verən inkişafın sürəti hətta milyard dəfə milyardda-bir nisbətlə fərqli olsaydı, yaşayışın mümkün ola biləcəyi bir ulduz belə əmələ gəlməz və kainatdakı canlılar ortaya çıxmazdı. Davies belə deyir: ''Hesablamalar kainatın genişlənmə sürətinin çox optimal olduğunu göstərməkdədir. Əgər kainat bir az daha yavaş genişlənsə, cazibə qüvvəsi onu içinə çökdürəcək, bir az daha sürətli inkişaf etsə, kosmik material tamamilə dağılacaqdır. Bu iki fəlakət arasındakı tarazlığın nə qədər ''yaxşı hesablandığı'' sualının cavabı çox maraqlıdır. Əgər partlayış sürəti lazım gələn sürətdən milyard dəfə milyardda-bir nisbətdə fərqli olsaydı belə, bu, vacib olan tarazlığı yox etməyə kifayət edərdi. Buna görə də ''Biq Banq'' hər hansı bir partlayış deyil, hər tərəfli, çox yaxşı hesablanmış və qurulmuş quruluşdur''[7].

Böyük Partlayışla ortaya çıxan fizika qanunları bu 15 milyard ildə heç dəyişməmişdir. Üstəlik bu qanunlar elə incə hesablar üzərində qurulmuşdur ki, bu günki dəyərlərindən millimetrlə ölçülən xəta belə bütün kainatdakı quruluşu ortadan qaldıra biləcək dərəcədə həssasdır.

Tanınmış fizik, professor Sterhen Havkinq də ''Zamanın qısa tarixi'' adlı kitabında kainatdakı tarazlıqların əslində qavraya bildiyimizdən daha çox hesablar və tarazlıqlar üzərində qurulduğunu bildirir. Havkinq kainatın inkişaf sürətilə əlaqədar deyir: ''Kainatın genişlənmə sürəti o qədər önəmli bir nöqtədir ki, ''Biq Banq''dan sonrakı birinci saniyədə bu nisbət əgər yüz milyon dəfə milyonda-bir daha kiçik olsaydı, kainat indiki hala gəlmədən içinə çökərdi''[8].

Paul Davies də bu ağlagəlməz incəlikdəki tarazlıq və hesablardan gəldiyi qaçılmaz nəticəni belə açıqlayır: ''&Ccedilox kiçik riyazi dəyişikliklərə həssas olan kainatın bu andakı quruluşunun çox diqqətli bir ağıl tərəfindən ortaya çıxarıldığına qarşı durmaq çox çətindir... Təbiətin ən təməl tarazlıqlarından həssas riyazi tarazlıqlar kosmik bir layihənin varlığını qəbul etmək üçün olduqca güclü dəlildir''[9].

Eyni həqiqət qarşısında amerikalı Astronomiya professoru Georq Grensteyn də ''The Symbiotic Univers'' adlı kitabında belə yazır: ''Dəlilləri araşdırdıqca, israrla mühüm bir həqiqətlə qarşılaşırıq. Kainatın əmələ gəlməsində qeyri-təbii bir Ağıl mübadiləsi olmalıdır''[10].
(harun yahya Allah ağılla bilinir)

6. Fred Hoyle, The Intelligent Universe, 1984, s. 184-185
7. Paul Davies, Superforce: The Search for a Grand Unified Theory of Nature, 1984, s. 184
8. Stephen Hawking, A Brief History Of Time, Bantam Press, London: 1988, s. 121-125.
9. Paul Davies, God and the New Physics, New York: Simon & Schuster, 1983, s. 189
10. George Greenstein, The Symbiotic Universe, New York, 1988, s. 27