Dünyanın yaşının 4 milyard il olması nə üçün təkamül nəzəriyyəsini dəstəkləmir?



Təkamülçülər ssenarilərini təbii təsirlərə və təsadüflərə əsaslandırırlar. Bunu edərkən ən çox arxalandıqları məfhumlardan biri isə “uzun zaman” məfhumudur. Məsələn, Darvini dəstəkləyən alman elm adamı Ernst Hekel “gözlənilsə, palçıqlı sulardan canlı hüceyrənin çıxa biləcəyini” iddia etmişdir. XX əsr ərzində hüceyrənin mürəkkəb quruluşunun başa düşülməsilə bu iddianın nə qədər cəfəng olması məlum olmuş, amma təkamülçülər “uzun zaman” anlayışı ilə gözdən pərdə asmağa davam etmişlər.

Əslində bu yolla canlıların təsadüflər nəticəsində necə ortaya çıxması sualına cavab vermək əvəzinə mövzunu bir az da çətinləşdirərək problemdən xilas olmağa çalışırlar. Uzun zaman keçməsinin canlıların əmələ gəlməsində və növlərə şaxələnməsində faydalı olması kimi bir təəssürat yaradaraq zamanı daim fayda gətirən bir faktor kimi təqdim edirlər. Məsələn, təkamülçü Prof. Yaman Örs bunları deyir: “Təkamülü yoxlamaq istəyirsiniz, uyğun bir qarışığı suya atın, bir neçə milyon il gözləyin, bir neçə hüceyrə əmələ gəldiyini görəcəksiniz.”

Yaman Örsün bu iddiası son dərəcə məntiqsizdir. Belə bir hadisənin gerçəkləşdiyini iddia edəcək heç bir dəlil yoxdur. Cansız maddələrdən canlıların öz-özünə əmələ gəlməsi iddiası əslində Orta Əsrlərə aid batil bir inancdır. O dövrdə insanlar bəzi canlıların birdən-birə bir yerdə toplanmalarına “bir anda əmələ gəlmə”nin səbəb olduğunu fərz edirdilər. Dövrümüzdə “spontane generasiya” adı ilə tanınan bu inanca görə, insanlar qazların ağaclardan, quzuların qarpızdan çıxdığına və hətta bir su çuxurundakı qurbağaların yağış buludlarından bir anda əmələ gəldiklərinə və yağışla torpağa düşdüklərinə inanırdılar. 1600-cü illərdə isə çirkli köynək və buğda qarışığının siçan əmələ gətirdiyinə, ölü milçəklərlə balın birləşməsi nəticəsində də milçək əmələ gəldiyinə inanılmağa başlandı!

Ancaq italyan elm adamı Françesko Redi və daha sonra fransız elm adamı Lui Paster apardıqları təcrübələrlə siçanların çirkli köynəkdən və ya milçəklərin ölü milçəklərlə bal qarışığından əmələ gəlmədiklərini sübut etdilər. Bu canlılar sözügedən cansız maddələrdən əmələ gəlmirdilər, onların üstünə çöldən gəlirdilər. Məsələn, ölü milçəklərin üstünə canlı bir milçək gəlib yumurtalarını qoyurdu və qısa müddət sonra ortaya birdən-birə bir çox milçək çıxırdı. Yəni canlılar cansızlardan deyil, canlılardan doğurdu. Bu qanun, yəni “həyat ancaq həyatdan doğar” qanunu müasir biologiyanın əsaslarından biridir.



Orta Əsrlərdə yuxarıda nümunələrini sadaladığımı qəribə iddialara inanılması XVII əsr elm adamlarının məlumat azlığı və o dövrün şərtləri nəzərə alınaraq təbii qəbul edilə bilər. Ancaq dövrümüzdə elm və texnologiyanın bu qədər irəlilədiyinə və canlıların cansız maddələrdən əmələ gəlməsinin mümkün olmadığı bir çox təcrübə və müşahidə ilə sübut edilməsinə baxmayaraq, Yaman Örs kimi təkamülçülərin hələ də belə bir iddianı müdafiə etmələri həqiqətən təəccüblüdür.

Belə bir iddianın həyata keçməsinin mümkün olmaması bu gün elm tərəfindən dəfələrlə sübut edilmişdir. Elm adamları canlıların əmələ gəldiyi dövrdəki şərtləri nəzarətli və son dərəcə inkişaf etmiş laboratoriya mühitində meydana gətirərək təcrübələr aparmışlar, ancaq bunların hamısı nəticəsiz qalmışdır. Nə qədər təcrübə aparılsa da, bircə canlı hüceyrəsi belə əmələ gətirilə bilməmişdir və nəticədə bu təcrübələrdən əl çəkilmişdir.

Canlılar üçün lazımı fosfor, kalium, maqnezium, oksigen, dəmir və karbon kimi atomlar birləşdirildikdə ortaya cansız yığından başqa bir şey çıxmır. Amma təkamülçülər bu atom yığınınn birləşərək “zaman ərzində” özlərini çox yaxşı təşkil etdiklərini, hər birinin uyğun miqdarlarda, uyğun yer və uyğun şərtlərdə, aralarında ən uyğun əlaqələri qurduqlarını irəli sürürlər. Bu cansız atomların möhtəşəm təşkil olunmalarının və işlərinin doğru getməsi nəticəsində isə görən, eşidən, danışan, hiss edən, gülən, sevinən, kədərlənən, ağrı hiss edən, həzz alan, qəhqəhə ilə gülən, həyəcanlanan, düşünən, sevən, şəfqət duyan, musiqinin ritmini qavrayan, şirniyyatı ləzzətlə yeyən, sivilizasiyalar quran, elmi araşdırmalar aparan insanların əmələ gəldiyini iddia edirlər.

Əslində isə bütün şərtlər təkamülçülərin istəklərinə görə nizamlansa və üstünə milyardlarla il gəlsə də, belə bir təcrübənin uğursuz olacağı açıqdır.

Təkamülçülər bu açıq həqiqətləri “uzun zaman ərzində hər şey mümkündür” kimi bir yalanla gizlətməyə çalışırlar. Uydurma məntiqi elmə aid etməyə əsaslanan bu iddianın keçərsizliyi göz qabağındadır. Bu mövzu fərqli cəhətlərdən düşünüldükdə də keçərsizliyi çox rahat başa düşülə bilər. Sadə nümunə ilə zamanın gedişinin nə vaxt fayda, nə vaxt zərər verəcəyini düşünək: sahildə duran taxta gəmi olsun, ilk halda gəmi ilə maraqlanan, onu boyayan, təmir edən, təmizləyən bir kapitan olsun. Kapitanın gəmi ilə maraqlandığı müddət boyu gəmi gözəlləşəcək, daha sağlam və təmirli olacaq.

İkinci halda isə gəmi baxımsız qalsın. Bu dəfə də günəşin təsiri, yağışlar, külək, toz və fırtına zaman ərzində gəminin çürüməsinə, köhnəlməsinə və nəhayət yararsız hala gəlməsinə səbəb olacaq.

Bu iki hal arasındakı tək fərq isə birincisində bir ağıl, məlumat və güclü müdaxilə olmasıdır. Yalnız ağıllı bir gücün nəzarətində keçən zaman fayda verə bilər. Əks halda zaman nizama salan deyil, nizamı pozan və korlayıcı təsir göstərər. Belə ki, bu elmi qanundur. “Termodinamikanın İkinci Qanunu” kimi məlum olan entropiya qanunu kainatda özbaşına, təbii şərtlərin öhdəsinə buraxılan bütün sistemlərin zaman ərzində düz mütənasib şəkildə nizamsızlığa, dağınıqlığa və pozulmağa doğru gedəcəyini ifadə edir.

Bu həqiqət göstərir ki, Yerin uzun ömrünün olması təkamülçülərin iddiasının tam əksinə, xaosu artıran, informasiya və nizamı məhv edən və yox edən bir amildir. Xaosun içindən nizamlı və informasiyaya əsaslanan sistemin çıxması ancaq ağıllı müdaxilənin əsəri ola bilər.



Təkamülün tərəfdarları növlər arasında bir dəyişiklik nağılı danışarkən də həmişə “uzun zaman ərzində” bəhanəsinə sığınırlar. Beləliklə, bu gün heç bir təcrübə və müşahidə tərəfindən təsdiqlənməyən ssenarilərin keçmişdə baş verdiyini irəli sürürlər. Lakin kainatda və dünyada hər şey müəyyən qanunlar çərçivəsində həyata keçir. Bu qanunlar isə zaman ərzində dəyişmir. Məsələn, yerin cazibə qüvvəsi olduğu üçün atılan hər daş yerə düşür, çox uzun müddət keçsə bu daş yuxarı çıxmağa başlamaz, trilyon il keçsə də, yenə yuxarı qalxmaz. Bir kərtənkələnin balası da həmişə kərtənkələ olur. Çünki balaya ötürülən genetik məlumatlar kərtənkələyə aiddir və təbii səbəblərlə bu məlumata əsla əlavələr edilməz. Məlumatın azalması, pozulması ola bilər, ancaq əlavə edilməsi əsla baş verməz. Çünki bir sistemə məlumat (informasiya) əlavə edilməsi üçün ağıllı və zəkalı müdaxilə və nəzarət lazımdır. Təbiətin özündə isə bu cür xüsusiyyətlər yoxdur.

İllər ərzində edilən təkrarlar və bu təkrarların sayının çoxluğu da heç bir şeyi dəyişdirməz. Trilyonlarla il gözlənilsə, bir kərtənkələ yumurtasından bir gün əsla bir quş çıxmaz. Uzun kərtənkələ, qısa kərtənkələ, daha güclü, daha zəif kərtənkələ ola bilər, ancaq nəticədə həmişə kərtənkələ çıxar. Əsla başqa bir növ ortaya çıxmaz. “Uzun zaman” anlayışı mövzunu müşahidə və təcrübə sahəsindən çıxarmaq üçün istifadə edilən bir yalandan ibarətdir. Bu müddət 4 milyard olsa, 40 milyard və hətta 400 milyard il olsa da, dəyişən bir şey olmaz. Çünki təkamül nəzəriyyəsinin izah etdiyi mümkünsüzlükləri mümkün edən təbiət qanunu və ya təbii meyl yoxdur.
(məqalə harun yahya)