Azərbaycanın xalq artisti Faiq Ağayev üz cizgilərinin dəyişməsinin səbəblərini açıqlayıb. F. Ağayev APA-ya açıqlamasında bildirib ki, bu ilin avqustunda uzun zamandır, onu narahat edən problemə son qoyulub: “20 ildir, səhnədəyəm. Bu müddət ərzində saysız-hesabsız çıxışlarım olub. Nəticədə səhnə işıqları gözlərimə mənfi təsir göstərmiş, görmək qabiliyyətim zəifləmişdi. Həkimlər mənə astiqmatizm diaqnozu qoymuş, dərhal əməliyyat olunmağı tövsiyə etmişdilər. Lakin gərgin iş rejimi buna imkan vermirdi. Nəhayət, bu ilin avqustun 17-də Bakıda peşəkar göz cərrahı Xəlil Hüseynova səhhətimi etibar edərək, əməliyyat olundum. Bu cərrahiyyə əməliyyatı nəticəsində fəsad kimi gözlərimin ətrafındakı dəri gərilmişdi. Elmi dildə buna müvəqqəti hiperkorreksiya deyilir. Məhz bu səbəbdən neçə müddətdir ki, eynəkdən istifadə edirəm. Lakin bəziləri mətbuatda qəsdən “Faiq Ağayev plastik əməliyyat olunub” kimi yazıların dərc olunmasını təşkil etdilər. Mən əvvəl buna əhəmiyyət vermədim, lakin söhbət ifrat dərəcədə böyüdü. Bu səbəbdən t ictimaiyyətə doğru-düzgün məlumatı, əsl həqiqəti çatdırmağı özümə borc bildim”.

Bakı. Ülkər Qasımova - APA.