3 sonuçtan 1 ile 3 arası

Habil Əliyev

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Habil Əliyev



    Habil Mustafa oğlu Əliyev çətin və maraqlı həyat yolu keçmişdir. O, 1927-ci il may ayının 28-də Azərbaycan Respublikası Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik məktəbə gedib. Həmin illərdə məşhur xanəndə və musiqi müəllimi Əhməd Ağdamski (Əhməd Bəşir oğlu Bədəlbəyli) Habilgilin evində kirayədə yaşayırdı. Əhməd Ağdamskinin yaşadığı evə vaxtaşırı musiqiçilər toplaşar, muğamlardan, təsniflərdən, xalq mahnılarından danışar, yeri gəldikcə onlardan parçaları tarda, ya kamançada ifa edərdilər. Balaca Habil uşaq marağı ilə çalğıya qulaq asar, mənasını kəsdirmədiyi söhbətləri dinləyərdi. Elə həmin vaxtdan da Habilin uşaq qəlbinə sənətə məhəbbət közü düşmüş, günbəgün, aybaay alışıb alovlanmağa başlamışdı. Anası Nisə xanım isə oğlunun qəlbinə düşmüş bu məhəbbət odunu öz ana nəvazişi ilə daha da alovlandırmışdı. Habil Əliyev onları belə xatırlayır:"Mənim sənət aləminə gəlməyimdə iki xeyirxahım olub. Onlardan biri Əhməd Ağdamski, o biri isə anamdır. Əhməd Ağdamski mənə sənətin nə olduğunu anlatdı, anam isə məndə sənətə məhəbbət yaratdı. Yaxşı yadımdadır, uşaq idim. Çömçəni kamança kimi dizimin üstünə qoyub oxlovu ona sürtürdüm. Anam bunu görüb sevinclə dedi:

    - Deyəsən, oğlum kamança çalan olacaq...

    Əhməd Ağdamski anamın sözünə qüvvət verdi:

    - Hə, Nisə bacı, uşaq çalğıçı olmaq istəyir. Gətir qoyaq bizim musiqi məktəbinə oxusun. Axırı pis olmaz.

    Bu, anamın ürəyindən oldu. Mən Ağdaş musiqi məktəbinə qəbul oldum. Əvvəlcə tarla maraqlandım. Ancaq fiziki cəhətdən zəif olduğum üçün biləyim tara tab gətirmədi. Kamançanı seçdim. Elə həmin vaxtdan da meylimi kamana saldım. Vaxtımın çoxunu kamanla keçirtdim. Yadımdadır, 1938-ci il idi. Məktəbimizdə hansısa bayrama həsr olunmuş təntənəli gecə keçirilirdi. Ömrümdə ilk dəfə olaraq həmin gecədə iştirak etdim. Çalğımı hamı alqışladı. O gecə ən çox sevinən anam oldu, bir də özüm. Mən hətta sevincdən ağladım da. İlahi, sənətdə ilk addımın sevinci necə də böyük olurmuş".

    Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra Habil pedaqoji məktəbə daxil oldu. Müharibənin (Böyük Vətən Müharibəsi 1941-1945) dəhşətləri getdikcə daha çox hiss edilirdi. Habilgilin ailəsi də aclıq-qıtlıq keçirirdi. Əri müharibəyə getdiyinə görə böyük bacısı Səidə uşaqları ilə ata yurduna köçmüşdü. Evin dolanacaq ümüdgahı Habil olmuşdu. Buna görə də o, pedaqoji məktəbdə oxumaqla bərabər axşamlar Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram teatrında işləyirdi, Kamança çalırdı. Balaca Habil eyni zamanda Ağdaş rayon pionerlər evində rəqs dərnəyinin də üzvü idi və o, 1944-cü ildə Bakıda keçirilən baxış müsabiqəsinin qalibi olmuşdur.

    Habilin yaddaş xatirələrindən: "Onda müharibənin qızğın çağları idi. Bütün qohumların, qonşuların kişiləri, oğlanları cəbhələrdə vuruşurdular. Qardaşım Məhəmmədiyyə də cəbhədə idi. Mən axşamlar eyvanda əyləşib heç nəyə məhəl qoymadan öz kamanımı işə salırdım. Bir də görürdüm ki, ərləri, oğulları, nişanlıları müharibədə həlak olmuş qonşu arvadların ah-naləsi kamanın fəryadına qoşulub. Kimisi ağı deyir, kimisi bayatı çağırırdı. Onda anam da ağlayıb şivən qoparırdı. Çünki qardaşım Məhəmmədiyyənin də ölüm xəbəri gəlmişdi. Qəribədir, onda mən ağlaya bilmirdim. Ancaq çalırdım. Dərdimi kamana deyirdim. Onda elə bil bütün anaların, bacıların dərdi, kədəri mənim kamançamın simlərinə hopmuşdu.

    Sanki mən anaların ah-fəryadı altında müharibənin dəhşətlərini özündə əks etdirən yeni bir musiqi parçası yaratmışdım. Mənə elə gəlir ki, indi də kamanım da o sədalar, o fəryadlar qalmaqdadır... Onu da deyim ki, həmin ərəfədə Yaqub Məmmədov tarzən Gülablı Həmidlə Ağdaşa gəlmişdi. Qoşuldum onlara. Həmin dəstə ilə İsmayıllı rayonuna da getdim. İki-üç toyda da çaldıq və evə gətirməyə qazancım oldu. Sonra yenə adi günlərim başlandı. Elə hey fikirləşirdim ki, nə işin qulpundan yapışım, nə edim ürəyimcə olsun. Tapa bilmirdim.

    Müharibə qurtardı. Böyük bacımın əri qayıtdı. Ailəlikcə köçdülər İmişli rayonunun Məzrəli kəndinə. Mən də kamançamı qoltuğuma vurub onlarla getdim. Camaatın ürəyi-könlü açılmışdı. "Toy"sözü təzədən dillərdə, ürəklərdə göyərmişdi. Toy-düyünü əsasən yerli aşıq Hüseynin dəstəsi yola verir, başa vururdu. Çalğımı dinləyib dəstəyə qoşulmağıma razılıq verdilər.

    Payıma düşən pulu Ağdaşa anamgilə yollayırdım. Boş vaxtlarımda o qədər çalırdım ki, evdəkilər lap dəng olurdular... Xülasə, Məzrəlidə də duruş gətirə bilmədim, 1947-ci ildə qayıtdım Ağdaşa. Pionerlər evində dərnək rəhbəri oldum".

    Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas Musiqi Məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asdılar və çox razı qaldılar. Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənatkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu.

    1961-ci ildə Habil Əliyevin televiziyada ilk konserti oldu. Onun yeni ifaçılıq texnikası ilə çaldığı "Segah"musiqisevərlər arasında geniş söz-söhbətə səbəb oldu. Səhərisi günü görkəmli sənətkarlar Xan Şuşinski və Zülfü Adıgözəlov onu ürəkdən təbrik etdilər.

    Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı vermişdir. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapdı. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

    Hələ bir vaxtlar Böyük Britaniyada respublikamızın günləri çərçivəsində Azərbaycan incəsənət ustalarının konserti verilirdi. Konsert Qlazqo şəhərinin yaxınlığında, tamaşaçılarla dolu olan nəhəng Mazerverlle sarayının salonunda gedirdi. Həmin gecə səhnədə kamançanın "rəqibləri" Rəşid Behbudov, Müslüm Maqomayev, Tamara Sinyavskaya kimi dünya şöhrətli sənətkarlar idilər. Konsertdən sonra Qlazqo şəhərinin bələdiyyə idarəsində qəbul zamanı ingilis musiqiçiləri, ər-arvad Harrisonlar Habil Əliyevin ifasını proqramın canı adlandıraraq Azərbaycan Paqaninisinin şərəfinə badə qaldırdıqda bu, iştirakçıların hamısını təəccübləndirmişdi.

    Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olmuşdur.

    Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin dünyanın böyük dövlətləri olan ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

    Habil Əliyev sənətdə göstərdiyi xidmətlərinə görə 29 iyun 1964-cü ildə "Əməkdar artist", 11 yanvar 1978-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülmüşdür. Dövlət tərəfindən dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunmuşdur. Respublika Prezidentinin Fərdi təqaüdçüsüdür.

    Habil Əliyevə müxtəlif şairlərimiz onlarca şer həsr ediblər, rəssamlarımız tablolar çəkiblər, heykəltəraşlarımız büstlər işləyiblər, xalçaçılarımız üzərində sənətkarın portreti olan xalçalar toxuyublar, yazarlarımız onun haqqında kitablar yazıblar. Dünya şöhrətli bəstəkar Firəngiz Əlizadənin dahi sənətkara həsr etdiyi və artıq dünyanı fəth etmiş "Habilsayağı" simfonik əsəri bir çox ölkələrin möhtəşəm konsert saraylarında uğurla səsləndirilir.

    Habil Əliyev 1954-cü ildə Şərqiyyə xanım ilə xoşbəxt ailə həyatı qurmuş, üç qız və bir oğul böyüdüb tərbiyyə etmişlər. Səkkiz nəvəsi var.
    [
    Ya da
    [

  2. #2
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163










    [
    Ya da
    [

  3. #3
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    [youtube]http://www.youtube.com/watch?v=xUxyqx4XT6M[/youtube]
    [
    Ya da
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.