“Eurovision”da Azərbaycanı təmsil etmək istəyən 10 iştirakçı
“Eurovision”da Azərbaycanı təmsil etmək istəyən 10 iştirakçı II tura adlayıb
Röya, Samir Bağırov, İradə İbrahimova və “Rast” qrupu tura dəvət olunsalar da, onlar iştirak etməkdən imtina ediblər
2008-ci ildə keçiriləcək “Eurovision” müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üçün keçirilən seçim turunun münsiflər heyəti 15 nəfərdən ibarətdir.
Münsiflər heyətində gənclər və idman naziri Azad Rəhimov, Natəvan Şeyxova, Salman Qəmbərov, Zülfiyyə Xanbabayeva, Faiq Sücəddinov, Vaqif Gərayzadə, Gövhər Həsənzadə, Yalçın Cabbarov, Nərgiz Paşayeva, Təranə Muradova, İsmayıl Ömərov, “Eurovision” müsabiqəsinin təşkilat komitəsinin nümayəndələri təmsil olunur.
İki gün davam edən seçim turunun ilk mərhələsində 30 müğənninin ifası dinlənilib. Röya, Samir Bağırov, İradə İbrahimova və “Rast” qrupu tura dəvət olunsa da, onlar iştirak etməkdən imtina ediblər.
İfası dinlənilən müğənnilərdən 10 iştirakçı II tura vəsiqə qazanıb. Bunlar Sabina Babayeva, “Sing your song” müsabiqəsinin qalibi Elnur, “Akademiya” müsabiqəsinin iştirakçıları Aytac və Xəyyam, Cabir, Elton Hüseynəliyev, Emil Əliyev, Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupu, Natəvan Həbibi, “Anformal” və “Aypara” qruplarıdır.
Seçim turunun II mərhələsi oktyabrın 7-də keçiriləcək.