Bu gün FHN-nin yaradılmasının 5-ci ildönümü və işçilərinin peşə bayramıdır

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 5 illiyi qeyd edillmişdir.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılığı ilə Nazirliyin əməkdaşları, ilk olaraq, Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra onlar Şəhidlər Xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsini anaraq məzarları üzərinə gül dəstələri qoymuşlar.

Sonra FHN-nin inzibati binasında Nazirliyin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş təntənəli toplantı keçirildi. Türkiyə baş nazirinin müavini dövlət naziri Cəmil Ciçək, Rusiya, Qazaxıstan, Belarus və Gürcüstanın aidiyyəti dövlət orqanlarının rəhbərlərindən ibarət nümayəndə heyətlərinin iştirakı ilə keçirilən mərasimdə əvvəlcə Nazirliyin 5 illik fəaliyyətinə həsr edilmiş videorolik nümayiş olundu.

Təntənəli mərasimdə nazir Kəmaləddin Heydərov FHN-nin beş il ərzində fəaliyyəti barədə məruzə xarakterli çıxış etdi, kollektivə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Tədbirdə iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya FHN-nin nazir müavini Vladimir Puçkov tərəfindən fövqəladə hallar naziri Kəmaləddin Heydərova "Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı" təqdim etdi. Həmçinin, tədbirdə fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev və Rusiyada baş vermiş yanğınların söndürülməsində iştirak etmiş FHN-nin Aviasiya dəstəsinin rəisi polkovnik Əşrəf Qasımovun təltif edilməsi barədə Rusiya Prezidentinin fərmanı oxundu.

Daha sonra Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək çıxış edərək, yubiley münasibətilə nazir Kəmaləddin Heydərovu və Nazirliyin əməkdaşlarını təbrik etdi.

Tədbirdə Belarus və Qazaxıstan Fövqəladə Hallar nazirlikləri adından xatirə hədiyyələri təqdim olundu.

Sonra xidmətdə fərqlənən nazirlik əməkdaşları Nazirliyin müvafiq əmri ilə təltif olundular.

Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olundu.

Toplantıdan sonra Bakının Şıxov qəsəbəsi yaxınlığında FHN-nin genişmiqyaslı taktiki-xüsusi təlimi keçirildi. FHN-nin qüvvə və vasitələrinin cəlb olunduğu təlimi fövqəladə hallar naziri Kəmaləddin Heydərov, xarici qonaqlar, müdafiə naziri Səfər Əbiyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Neft Şirkətinin və bəzi digər aidiyyəti qurumların rəhbərləri izlədilər.

Təlim şərti zəlzələnin baş verməsi, qurudakı neft emalı zavodu, dənizdəki neft platformasında partlayışla müşayiət olunan yanğınların yaranması ssenarisinə uyğun keçirildi. Təlimə Nazirliyin Aviasiya dəstəsinin təyyarə və helikopterləri, yanğınsöndürən gəmi və katerlər, yanğınsöndürən maşınlar və digər texnikalar cəlb edilmişdi.


Azərbaycan Respublikasının fövqəladə hallar naziri
general-polkovnik.Kəmaləddin Fəttah oğlu Heydərov