On yaşındaykən belə deyirdi:
- Ah, bir çantam olsa... Ah, mənim də o biri uşaqlar kimi kitablarım, oyuncaqlarım olsa!.. Mənim də romanlarım olsa... Onda görərlər, necə çalışıram. Heç bir şeyim yox. Belə necə çalışım mən?..

***
On üç yaşına gəlincə, o biri uşaqlar kimi kitabları, dəftərləri, çantası, oyuncaqları oldu. Amma heç cür çalışa bilmirdi.
- Dost-tanışlarım kimi paltarlarım yox ki... -deyirdi. Anam, babam, qardaşlarım-hamımız bir otaqda yaşayırıq. Belə dar yerdə çalışmaq olarmı? Ah, bir masam olsa, öz başıma bir masam,bir dolabım. Bax, onda necə çalışılır, görsünlər...






***
On səkkiz yaşında öz otağı da oldu.
- Mənim yaşımda bir insan həftədə on lirə belə cib xərcliyi almazsa, necə çalışa bilir? Kitablar almalıyam, şəkillər almalıyam... Ah, ah... onda bilərəm necə çalışacağımı...

***
İstədikləri iyirmi yaşındaykən oldu.
- Ah, bu məktəbi bitirsəydim... Həyat başqa, məktəb başqa... Fakültəni bitirincə elə çalışacağam, elə çalışacağam, görsünlər... Elə bir əsər yazacağam ki... Ah, ah, bu fakültə bir bitsə...

***
İyirmi dörd yaşında fakültəni bitirdiyi zaman belə söyləyirdi:
- Heç cür istədiyim kimi çalışa bilmirəm. Ağlım, fikrim həmişə əsgərlikdədir... Ah, bu əsgərliyi bir bitirsəm, gecə-gündüz durmadan çalışacağam... Çalışmadan əsər ortaya çıxmaz. Bir əsər yazacağam, hər kəs məndən danışacaq. Ah, bu əsgərlik...

***
İyirmi altı yaşında əsgərliyini bitirmişdi:
- Çalışa bilmirəm ki... Heç cür istədiyim kimi çalışa bilmirəm. Əsərimi yaza bilmirəm. Bu vəziyyətdə necə yazmaq olar? Hər gün çörək pulu arxasınca qaçıram. İnsanın yaxşı bir işi, bəlli bir gəliri olmasa nə cür çalışa bilir? Ah, ah... Bir yaxşı iş tapsam, əsərimi yazmaq üçün hər gecə sabaha qədər çalışacağam.

***
İyirmi səkkiz yaşında iş-güc sahibi olmuşdu.
- Çalışa bilmirəm, vəssalam! - deyirdi, necə çalışım belə? İnsanın iki otaqlı evi olmalıdır. Radiosu olmalıdır. Açarsan radionu, musiqidən ilhamı alacaqsan... Bax o zaman durmadan çalış!.. Ah, ah!.. Bir radio olsa...

***
İyirmi doqquz yaşında iki otaqlı bir mənzil kirayəyə götürdü. Bir də radio aldı. Amma yenə istədiyi kimi çalışa bilmir, illərdən bəri düşündüyü əsərini ortaya çıxara bilmirdi.
- Ah, ah!.. deyirdi, bu yalnızlıq var ha, bu yalnızlıq... Sanki bu sinəmin içi sonsuz, dipsiz mağaralar kimi bomboşdur... insan bu yalnızlıq içində neçə çalışıb da, əsər yaza bilər? Bir insanı, çalışmağa həvəsləndirən, şövqləndirən, zorlayan bir qüvvə olmalıdır. Kimin üçün çalışacağam? Kimdən ruhlanıb da əsər yazacağam? Ah, ah... Ey eşq, haradasan?..

***
Otuz yaşında aşiq oldu. Həm sevir, həm sevilirdi. Amma illərdir düşündüyü o böyük əsərini heç cür yaza bilmirdi.
- Eşq gözəl şeydir, deyirdi, gözəl olmasına gözəldir. Amma evlənmədən çalışmaq olarmı? Bir evlənsəm, o zaman həyatım qaydaya düşər, istədiyim kimi çalışaram. Evlənmək də asan deyil. Ah, ah, bir evlənsəm... Bir dəqiqəmi belə boş keçirmərəm, dayanmadan çalışaram.

***
Otuz iki yaşında evləndi. Xoşbəxt idi, amma əsərini heç cür yaza bilmirdi. Çünki haqlı səbəbi vardı.
- Dolanmaq dərdi mindi çiyinlərimə. Çörək pulu üçün qaçmaqdan öz istədiyim kimi çalışmağa vaxtım yoxdur ki... Əsər yazmaq üçün, insanın bütün zamanını o əsərə verib, çalışması gərəkdir. O da bu pulla olmaz.

***
Otuz altı yaşında qazancı artmışdı. Artmışdı, amma bir özünü dinləyək:
- İki otaqlı bir mənzil... Otaqlar da kiçikdir. Uşaq-muşaq səs-küyü də bir yandan... İnsan bu səs-küyün içərisində əsər yaza bilərmi? Ah, ah... Belə dörd-beş odalı bir evə çıxsam, elə çalışacağam, elə çalışacağam...

***
Otuz səkkiz yaşında beş odalı bir evə köçdü. Heç cür əsərini yaza bilmirdi. Çalışa bilmirsə, təqsir onun deyil ki...
- Şəhər içindəki bir evdə insan necə çalışa bilər? Bu gurultu içində gəl bir çalış da... Əsərimi yaza bilmək üçün səssizliyə, özümün istirahətimə bir ehtiyac var. Bura, toz, torpaq, gurultu... Olmaz burada. Ah, ah... Belə sakit, səssiz bir evə köçsəm, elə çalışaram ki... İçimdə çalışmağa qarşı dərin bir susuzluq var.

***
Qırx yaşındaykən, tam axtardığı kimi, səssiz bir yerdə gözəl mənzərəli, geniş bir evə köçmüşdü. İstədiyi kimi çalışa bilirdimi? Xeyr. Çünki:
- Ah, ah... deyirdi - insanın evində gözəl əşyalar olmazsa, divarlarda dəyərli tablolar, böyük bir yazı masası olmazsa, zərif gözəllik əşyaları, əntiq əşyalar olmazsa, rahat oturacaqlar, yumşaq xalılar olmazsa, necə çalışa bilər? Gözəl əsər ortaya çıxarmaq üçün insanın gözü zövqlü şeylər görməlidir. Klassik musiqi valları olmalıdır. Bir yandan gözün, bir yandan qulağın zövq alarkən, sən heç dayanmadan çalışacaqsan. Ah, ah... Bu istədiklərim bir gün olacaqmı, ya Rəbbim... Elə çalışaram ki...

***
Qırx iki yaşında tam istədiyi kimi rahat, gözəl, dəyərli əşyalara da qovuşmuşdu. Əgər yenə də heç cür əsərini yaza bilmirsə, o nə etsin?
- Ah, ah, deyirdi, mənim halımı bir bilsəydiniz. Pul dərdi, dolanmaq sıxıntısı çəkmirəm. Arvadım məni xoşbəxt edir. Uşaqlarım da yaxşıdırlar... Evim genişdir, rahatdır, mənzərəsi də gözəldir. Çox dəyərli, bahalı əşyalarım da var..., bol-bol zamanım da var. Amma bu ağcaqanadlar, yoxmu, ağcaqanadlar... Heç cür rahatlıq vermirlər ki, oturub çalışam. Mənim halım necə olacaq? Nədir bu ağcaqanadlardan çəkdiyim? Ah, ah..., bu ağcaqanadlar olmasa, mən bilirəm necə çalışacağımı... Amma nə edək ki, ağcaqanadlar qoymur. Heç cür əsərimi yaza bilmirəm. Gündüz ağcaqanadların əlindən yata bilmirəm ki, gecələri çalışım... Pəncərələri qapatsam isti olur. Pəncərələrə pərdə çəksəm, çirkin olur. Qışdamı çalışım dediniz? Qışda ağcaqanad olmaz, deyilmi? Ah, ah... Ağcaqanadlar da olmasa mən nə edərdim, bilmirəm ki?...

***
İndi qırx iki yaşnda olduğu üçün daha bizim ondan ümidimiz qırılmadı. Əlbəttə, bir gün aradığı rahatlıqlara çıxacaq, nəfəs almadan çalışıb o böyük əsərini ortaya çıxaracaqdır.