1871-1943
Tibb institutunun tələbəsi Rişar Brakemont, Alfred Stivens küçəsi, 6-da yerləşən





“Stivens” adlı kiçik mehmanxananın 7 nömrəli otağına köçüb yaşamağı qərara aldı. Son üç həftə ərzində bu nömrədə düz üç nəfər intihar etmişdi.
Birincisi isveçrəli kommivoyajör (ticarət agenti – S.B.) idi. Onun cəsədi intihardan bir gün sonra, şənbə axşamı aşkara çıxdı. Həkim ölümün cümə günü, axşam çağı saat beşlə altı arasında baş verdiyini təyin etmişdi. Meyid pəncərə çərçivəsinə adətən paltar asmaq üçün bərkidilən qarmaqdan asılmışdı. Pəncərə örtülü idi. Mərhum pərdə qaytanından kəndir kimi istifadə etmişdi. Pəncərə çox aşağıda yerləşdiyindən, onun dizləri yerə dəyirdi. Görünür o, öz məqsədinə çatmaq üçün, sonsuz iradə göstərmişdi. Məlum oldu ki, o evlidir, dörd uşağı var, cəmiyyətdə möhkəm yer tutub, bolluq içində yaşayıb, şən və gülərüz adam olub. O, nə məktub, nə intihar etməsinin səbəbini göstərən hər hansı bir yazı, nə də vəsiyyətnamə yazıb. Tanışları ilə söhbət edərkən heç zaman həyatla vidalaşmaq istədiyini dilinə də gətirməyib.
İkinci hadisə də birinciyə oxşayırdı. İsveçrəlinin ölümündən iki gün sonra yeddi nömrəli otağı yaxınlıqdakı Medreno sirkinin velosipedçi-akrobatı Karl Krauze tutmuşdu. Cümə günü o, tamaşanın açılışına gəlməyəndə, sirkin direktoru mehmanxanaya kuryeri göndərdi. O, akrobatı qıfıllanmamış otaqda pəncərə çərçivəsindən asılmış vəziyyətdə tapdı, hər şey eynilə ötən cümə günündəki kimiydi. Bu da müəmmalı intihar idi. İyirmi səkkiz yaşlı ünlü, gənc artist. O, yüksək maaş alırdı və həyatından heç zaman şikayətlənməmişdi. Özünü öldürmək istədiyi barədə nə bir yazı qoymuş, nə də bir söz işlətmişdi. Hər il iki min marka göndərdiyi anasından başqa yaxını yox idi.
Ən çox Monmartrdakı kiçik teatrların işçilərinin qaldığı bu mebelli otaqların sahibəsi madam Dübonye üçün eyni nömrədə baş vermiş ikinci müəmmalı intihar hadisəsinin nəticələri xoşagəlməz oldu. Bəzi sakinlər çıxıb getdi, daimi müştərilərsə daha gözə dəymədi. Doqquzuncu dairənin komissarı ilə tanışlığından istifadə edən mehmanxana sahibəsi ona şəxsən özü müraciət etdi və o da gücü çatdığı hər şeyi edəcəyinə söz verdi. Doğrudan da o, iki sakinin intihar səbəblərini aşkara çıxarmaq üçün qətiyyət və xüsusi səylə istintaqa başladı, həm də bir polis ayırıb onu bu məşum otağa göndərdi.
Əslində polis Şarl-Mari Şaumye könüllü olaraq ora getdi. O, orduda düz on bir il dəniz desantı kimi qulluq etmişdi. Serjant Şaumye Tonkin və Annamedəki mühasirələrdə gecələr tək-tənha qalmış və səssiz-səmirsiz yaxınlaşan çay quldurlarını dəfələrlə “Durna” adlı tüfəngindən açılan atəşlə salamlamışdı. O, Alfred Stivens küçəsində dolaşan kabuslarla hesablaşmaq üçün ən yaxşı namizəd seçildi.
Serjant bazar günü axşam otaqda məskunlaşdı və yaxşıca yeyib-içdikdən sonra, - möhtərəm madam Dübonye yemək-içmək əsirgəməmişdi, - məmnun halda yatağa uzandı.
Şaumye gündə iki dəfə, səhər və axşam məruzə etmək üçün qısa müddətə komissarlığa gəlirdi. İlk günlər onun hesabatları diqqətəlayiq nəsə görmədiyini deməkdən ibarət oldu. Lakin, çərşənbə günü axşam o, məlumat verdi ki, deyəsən izi tapıb. Ondan daha dolğun informasiya tələb edəndə, hələlik sorğu-suala tutulmamasını xahiş etdi, çünki onun tapdığı izin əvvəlki ölümlərlə əlaqəli olduğuna hələ əmin deyil. O, gülünc vəziyyətdə qalıb nüfuzdan düşəcəyindən qorxurdu. Cümə axşamı ciddi görünsə də, əvvəlki tək qətiyyətli deyildi. Buna baxmayaraq, məruzə etmək üçün onun heç bir məlumatı yox idi. Cümə günü səhər o, bir az həyəcanlı idi və yarızarafat-yarıgerçək dedi ki, həmin pəncərədə nəsə cəzbedici və əcaib bir şey var. Amma yenə də təkid etdi ki, bunun intiharlarla qətiyyən əlaqəsi yoxdur və bu haqda bir az da danışsa onu ələ salıb güləcəklər. Axşam serjant komissarlığa gəlmədi. Onu pəncərə çərçivəsindəki qarmaqdan asılı vəziyyətdə tapdılar...
Bu dəfə də hər şey əvvəlki hadisələrdə olduğu kimi idi: ayaqlar döşəməyə toxunurdu, kəndir kimi pərdənin qaytanından istifadə edilmişdi. Pəncərə örtülü idi, qapı qıfıllanmamışdı, ölüm günortadan sonra saat altıda baş vermişdi. Ölünün geniş açılmış ağzından gömgöy göyərmiş dili sallanırdı.
Yeddi nömrəli otaqda üçüncü intihar hadisəsi ona gətirib çıxardı ki, həmin gün “Stivens”in mebelli otaqlarını on altıncı nömrədə yaşayan, baş verən hadisələrdən sonra otaq haqqının odənişində üçdə bir endirim gözləyən gimnaziya müəllimi almandan başqa hamı tərk etdi. Səhəri gün öz “Reno”su ilə gələn opera ulduzu Mari Qardenin pərdə qaytanına görə iki yüz frank verməsindən madam Dübonye az da olsa, təsəlli tapdı. Birincisi, guya özünü asmış adamın kəndiri xoşbəxtlik gətirir, ikincisi də bu haqda qəzetlər bol-bol yazacaqlar.
Bütün bu hadisələr avqust ayında baş versəydi, madam Dübonye qaytan üçün üç dəfə çox pul alardı, qəzetlərsə həftələrlə öz səhifələrində mehmanxanadakı hadisədən palaz-palaz yazardı. Amma indi, mövsümün qaynar vaxtı idi – seçkilər, Mərakeş, Persiya, Nyu-Yorkdakı birjaların iflası, eyni zamanda baş verən üç siyasi skandal – qəzetlərdə bir parça boş yer tapmaq çətinləşmişdi. Nəticədə Alfred Stivens küçəsindəki hadisələrdən az danışıldı. Bundan başqa, qəzetlər bu hadisələrlə bağlı yığcam və lakonik yazmaqla, əsasən polisdən verilən məlumatlara əsaslanırdı və bu mövzuya aid bütün məqalələr demək olar ki, hər cür sensasionallıqdan məhrum idi.
Belə xırda yazılar tibb institutunun tələbəsi Rişar Brakemontun bu hadisələr barədə yeganə informasiya mənbəyi idi. Onun kiçik bir faktdan xəbəri yox idi, bu fakt o qədər əhəmiyyətsiz görünmüşdü ki, nə komissar, nə də hadisənin şahidlərindən kimsə bu barədə reportyorlara heç nə deməmişdi. Bu haqda yalnız axırda, tələbənin başına gələn hadisədən sonra xatırladılar.
Beləliklə, polislər Şarl-Mari Şaumyeni qaytandan çıxaran zaman, mərhumun açıq qalmış ağzından böyük və qapqara hörümçək düşdü. Xidmətçi “Lənət şeytana, yenə bu pislik!” – deyə qışqırıb, onu ayağı ilə tapdaladı. Sonralar, Brakemontun işinin istintaqı zamanı, o dedi ki, isveçrəli kommivoyajörün meyidi qarmaqdan çıxarılanda da ölünün çiynində eyni ilə belə hörümçək görüb.
Lakin bütün bunlar haqqında Rişar Brakemont heç nə bilmirdi.

Tibb institutunun tələbəsi Rişar Brakemontun gündəliyi


BAZAR ERTƏSİ. 28 fevral.
Bura axşam köçdüm. Əşyalarımı yerbəyer edib, yatağa uzandım. Yaxşıca yatdım, qapı tıqqıltısından ayılanda düz saat doqquz idi. Səhər yeməyini mehmanxananın sahibəsi özü gətirmişdi. O, mənə çox qayğı göstərirdi, buna sübut – yumurta, vetçina və dadlı qəhvə idi. Mən yuyunub geyindim, sonra qəlyanımı tüstülədə-tüstülədə xidmətçinin otağı yığışdırmasına baxdım. Beləliklə, mən burdayam. Təhlükəli işə girişdiyimi yaxşı başa düşürəm, amma əminəm ki, əgər bu məsələni açsam, böyük uduşun sahibi olacam. Mən şans əldə etmişdim, başqa heç nə. Eybi yox, bundan istifadə etməyi yoxlamaq lazımdır.
Digərləri də kifayət qədər ağıllı adamlar idilər ki, situasiyadan baş çıxarsınlar. İyirmi yeddi nəfər, o cümlədən iki qadın bu məsələ ilə bağlı ya polisə, ya da birbaşa mehmanxananın sahibəsinə müraciət etmişdilər. Ona görə də, rəqabət qızğın olmuşdur. Yəqin ki, onların hamısı mənim kimi acından ölənlər idi.
Lakin, “post”u məhz mən tutdum. Nə üçün? Görünür, mən yeganə adam idim ki, polisdəki ağıllılara özümə məxsus “ideya” təklif etmişdim. Həm də necə! Əlbəttə ki, yalan.
Bu hesabat həm də polis üçün nəzərdə tutulub. Kaş ki, bu cənablara əvvəldən deyə biləydim ki, onları barmağıma dolayıram! Çox sevinərdim. Əgər komissarın başı şlyapa gəzdirməklə kifayətlənmirsə, o deyəcək: “Hm, Brakemont məhz buna görə mənə ən layiqli namizəd kimi görünmüşdü!” Qoy, sonra öz-özünə desin ki, o ən ağıllı polisdir. İndi mən burda oturmuşam və polisi aldatmağımı yaxşı əlamət hesab edirəm. Düzdür, əvvəlcə madam Dübonyenin yanına getmişdim, ancaq o məni komissarlığa göndərdi. Düz bir həftə gedib-gəldim ora, hər dəfə mənim təklifimi “diqqətə alırdılar” və hər dəfə də deyirdilər ki, “get, sabah gələrsən”. Rəqiblərimin əksəriyyəti komissarlığın havasız qəbul otağında saatlarla oturmaqdan bezib bu işdən əl çəkdilər. Nəhayət komissar mənə də qətiyyətlə anlatdı ki, daha bura gəlməyin faydası yoxdur. O, başqalarına olduğu kimi mənə də xeyirxah hisslərimdən ötrü təşəkkürünü bildirir, lakin səriştəsiz diletantlardan istifadə etmək imkanı görmür. Əgər hazır fəaliyyət planına malik deyilsənsə...
Belə olduqda dedim ki, mənim planım çoxdan hazırdır.
Əlbəttə ki, belə bir işlə məşğul olmağı fikirləşməmişdim və bu suala cavab verə bilməzdim. Amma bir ucdan üyüdüb-tökürdüm ki, mənim planım təhlükəli olsa da, çox yaxşıdır. Və əgər komissar bu planı həyata keçirməyi şəxsən özümə tapşırsa, onda onu açıqlayaram. Bu təklifimi vaxt çatışmazlığını bəhanə gətirən polis qəbul etmədi. Layihəmin ümumi cizgilərini ona danışa bilib-bilməyəcəyimi bir neçə dəfə məndən soruşdu...
Bunu etdim. Çaşıb qalmışdım. Bir saniyə bundan əvvəl heç bir ideyam yox idi. Özüm də bilmirəm ki, bu fikir birdən-birə necə ağlıma gəldi. Dedim ki, həftənin saatları arasında xüsusi bir saat var. Bu, İsa Məsihin cəhənnəmə baxmaq üçün qəbirdən qeyb olduğu saatdır, yəni yəhudi həftəsinin axırıncı gününün axşamı, altıncı saat. Cənab komissar isə, yəqin xatırlayırdı ki, hər üç qətl çümə günü, axsam saat beşlə altı arasında baş verib. Anca mən hələlik heç nə deyə bilmərəm, yalnız məsləhət görürərəm ki, “Müqəddəs İohannın açıqlamaları”nı oxusun.
Komissar özünü elə apardı ki, guya hər şeyi əla başa düşüb. Mənə minnətdarlığını bildirdi və axşam gəlməyi dəvət etdi. Təyin olunmuş vaxtda onun kabinetindəydim, stolun üstündə İncil vardı. Bura gələnə qədər mən də bu işlə məşğul olmuşdum – “Apokalipsis”i oxudum və heç nə anlamadım. Yəqin ki, komissar məndən ağıllı idi, hər halda o mənə nəzakətlə dedi ki, fikirlərim tutqun olsa da, onların izinə düşə bilib. O, təklifimi qəbul edir və bunun reallaşmasına kömək etməyə hazırdır.
Etiraf etməliyəm ki, doğrudan da komissar öz köməyini əsirgəmədi. O, mehmanxana sahibəsi ilə müqavilə bağladı ki, orda qaldığım müddətdə mənə yaxşı qulluq etsinlər. Mənə qəşəng tapança və polis fışqırığı verildi, polis patrullarınasa tapşırdılar ki, Alfred Stivens küçəsinə tez-tez baş çəksinlər və mənim işarə etdiyim andaca köməyə tələssinlər. Amma ən mühümü o idi ki, mənim otağımda komissarlıqla birbaşa əlaqəsi olan telefon quraşdırıldı. Mehmanxana ilə komissarlığın arasındakı yolu piyada dörd dəqiqəyə getmək olardı, deməli, istənilən anda təcili kömək göndərmək olardı. Belə şəraitdə, çətin ki, nədənsə qorxasan.

ÇƏRŞƏNBƏ AXŞAMI. 1 mart.
Nə dünən, nə də bu gün heç nə baş vermədi. Xanım Dübonye pərdələri asmaq üçün başqa otaqdan – indi nə qədər boş otaq var! - açdığı qaytanı gətirdi. O, qaldığım otağa girmək üçün heç bir fürsəti əldən buraxmır və hər dəfə də gələndə nəsə gətirir. Onu baş vermiş hadisələri bir də təsvir etməyə razı saldım, amma yeni bir şey öyrənə bilmədim. O ki qaldı intiharın səbəblərinə, madam Dübonyenin bu barədə öz fikri var. Akrobatın başına gələn hadisənin səbəbi nakam eşq olub: o, keçən il oteldə yaşayanda tez-tez yanına gənc bir xanım gələrdi, bi il isə bir dəfə də olsun gözə dəymədi. İsveçrəli cənabı intihar etməyə nə vadar edib, bunu bilmir. Amma serjant özünü ona görə öldürüb ki, madam Dübonyeni pis vəziyyətdə qoysun.
Etiraf etməliyəm ki, madam Dübonyenin nəzəriyyəsi mənə inandırıcı gəlmədi. Yenə də onun dedi-qodusunu sakitcə dinlədim. Heç olmasa müxtəliflik xatirinə.

CÜMƏ AXŞAMI. 3 mart.
Hələlik heç nə baş vermir. Komissar gündə bir neçə dəfə zəng edir, mənsə onu əmin edirəm ki, hər şey qaydasındadır. Lakin sözlərim onu sakitləşdirmir. Dərsliklərimi çıxarıb elmlə məşğul olmağa başladım, nə olsa da, könüllü dustaqlığım tamamilə xeyirsiz olmayacaq.

CÜMƏ. 4 mart, saat 14.
Otel sahibəsinin verdiyi yarım şüşə şampan şərabını yaxşıca nahar etdikdən sonra içdim. Bu, ölümə məhkum olunmuş adamın əsil ziyafəti idi. Madam Dübonye elə baxırdı ki, sanki mənim dörrdə birim artıq ölmüşdü. Getməzdən əvvəl gözləri yaşla doldu və yalvardı ki, onunla gedim, yəqin qorxurdu ki, “onu pis vəziyyətdə qoymaq üçün” özümü asacağam.
Pərdələrin qaytanına diqqətlə baxdım. Belə şeylə özünü asmaq? Hm, mənlik deyil. Həm də qaytan şumal və yumşaq deyildi, ondan ilgək düzəltmək çətin olardı. Əgər məndən əvvəlkiləri nümunə götürmək istəsəydim, möhkəm iradəyə malik olmalıydım. İndi stolun arxasında oturmuşam, sol tərəfimdə telefon, sağ tərəfimdə tapança. Qorxu-zad yoxdur, yalnız maraq var.

Axşam saat 6.
Heç nə baş verməyib, az qala yazacaqdım ki – “təəssüf”! Həlledici saat yetişdi və o biri saatlar kimi keçib getdi. Düzdür, hərdənbir məndə pəncərəyə yaxınlaşmaq istəyi baş qaldırırdı, bunu inkar edə bilmərəm – bəli, bu belədir! Amma tamamilə başqa səbəbdən. Komissar saat beşlə altı arasında ən azı on dəfə zəng etmişdi. Görünür, məndən az həyəcan keçirmirdi. Ancaq madam Dübonye xoşbəxtlikdən uçurdu – “yeddi” nömrədə düz bir həftə yaşayan adam özünü asmamışdı. Kim bunu düşünə bilərdi!

BAZAR ERTƏSİ. 7 mart.
İndi mən əminəm ki, heç nə aydınlaşdıra bilməyəcəyəm və bu otaqda məndən əvvəl qalanların intihar etməsinin tamamilə təsadüfi olması ilə razılaşacağam. Komissardan xahiş etdim ki, o, təcili olaraq hər üç hadisənin təkrar istintaqını aparsın. Əminəm ki, o, nəhayət işin məğzini tapacaq. O ki qaldı mənə, hələlik burda oturacağam, nə qədər vaxt versələr. Şöhrətim Parisi fəth etməyəcək, nə olsun, burda pulsuz yaşamağım da mənə yetər. Məni burda saxlayan başqa bir şey də var.

ÇƏRŞƏNBƏ. 9 mart
Beləliklə “i”nin üstündə nöqtəni qoyub, məsələni bitmiş hesab edirəm. Klarimonda... (T.Qotyenin “Kölgələr dünyasındakı sevgilim” hekayəsinin qəhrəmanı)
Ah, düzdür, mən hələ Klarimonda haqqında heç nə deməmişəm. Bax, mənim burda qalmaq istəyimin əsas səbəbi budur. Məhz ona görə “həlledici” saatda pəncərəyə yaxınlaşmaq istəyirdim - əlbəttə ki, özümü asmaq üçün deyil. Klarimonda – onu niyə görə belə adlandırıram? Onun əsil adının necə olduğundan qətiyyən xəbərim yoxdur, amma hiss edirəm ki, onu məhz bu adla çağırmalıyam.
Əgər nə vaxtsa onun adını soruşa bilsəm, and içməyə hazıram ki, o adının Klarimonda olduğunu deyəcək.
Mən onu nömrəyə köçəndən bir qədər sonra gördüm. O, dar küçənin o biri tərəfindəki binada yaşayır, onun pəncərəsi isə mənimki ilə üzbəüzdür. Adətən o, pəncərənin qarşısında oturub, pərdənin dalında gizlənir. Düzdür, deməliyəm ki, əvvəlcə o, məni müşahidə etməyə başladı və mənimlə maraqlandığını büruzə verdi. Ümumiyyətlə, burda qeyri-adi heç nə yoxdur. Bütün küçə bilir ki, mən nə məqsədlə bura köçmüşəm.
Mən təbiətcə aşiq olan adam deyiləm və qadınlarla nadir hallarda işim olur. Əgər adam Verdendən Parisə təbabət öyrənmək üçün gəlirsə, pulu da gündə üç dəfə yeməyə zorla çatırsa, məhəbbətdən başqa bir şey haqqında da düşünə bilər. Ona görə də təcrübəm az idi və güman ki, işi yaxşı başlamadım. Amma buna baxmayaraq, hadisələrin indiki axarından mən razıyam.
Əvvəlcə ağlıma belə bir fikir gələ bilməzdi ki, məni əks tərəfdə yaşayan adamla nəsə bağlaya bilər. Yalnız düşünürdüm ki, bura müşahidə aparmaq üçün gəlmişəmsə və bütün səylərimə baxmayaraq, indiyə qədər heç bir maraqlı şeyin şahidi olmamışamsa, bəlkə qarşı tərəfdəki qonşu qızı müşahidə edim? Axı, hər gün kitablarla əlləşmək çətindir. Beləliklə, Klarimondanın üçüncü mərtəbədə tək yaşadığını müəyyənləşdirdim. Otaqda üç pəncərə vardı, lakin o, həmişə mənim pəncərəmlə üzbəüz olan pəncərənin qarşısında otururdu. Oturur və kiçik millərlə sap toxuyurdu. Nə vaxtsa nənəmdə də belə millər görmüşdüm, bibisindən qalma bu milləri o, heç vaxt əlinə almazdı. Mən inanmazdım ki, kimsə belə antikvar millərlə nəsə toxuya bilər. Yeri gəlmişkən, Klarimondanın milləri ağ rəngdə idi, sanki fil sümüyündən hazırlanmışdı və çox incə idi: onun köməyi ilə qızın hördüyü iplər çox nazik olmalıydı. Bütün günü o, pərdənin dalında oturub yorulmadan toxuyur, yalnız şər qarışanda öz məşğuliyyətinə ara verirdi. Düzdür, bu dumanlı günlərdə, bizim dar küçədə hava tez qaralır və saat beşdə artıq qaranlıq çökürdü. Klarimondanın otağında mən bir dəfə də olsun işıq görmədim.
Onun görkəmi necədir? Bunu dəqiq bilmirəm. Onun solğun çöhrəsi, dalğalanan qara saçları var. Nazik burnunun altındakı titrək dodaqları solğundur. Kiçik dişləri vəhşi heyvanın dişləri kimi itidir. Gözləri çox vaxt yumuludur, amma kirpiklərini qaldıranda iri, qara gözləri par-par parıldayır. Bütün bunları dəqiq görməsəm də, hiss edirəm. Pərdənin dalından nəyisə qəti aydınlaşdırmaq çətindir.
Daha bir detal: Klarimonda həmişə çənəsinə qədər düymələnmiş bənövşəyi xalları olan qara don geyir.
Qara rəngli uzun əlcəklərini heç vaxt çıxartmır, yəqin ki, əllərinin korlanmasından qorxur. Bu çox yadda qalan səhnədir: incə, qara barmaqlar, hörümçəyin ayaqları kimi, sürətli xaotik hərəkətlərlə ipi tutub dartır.
Bəs, bizim qarşılıqlı münasibətlərimiz? Düzdür, onlar çox səthidir, amma məndə elə hiss var ki, onlar göründüyündən daha dərindir.
Hər şey ondan başladı ki, o, mənim pəncərəmə, mənsə onun pəncərəsinə baxdım. O, məni müşahidə edir, mənsə onun hərəkətlərinə göz qoyurdum. Görünür, yaxşı təsir bağışlamışdım, çünki Klarimondaya bir dəfə də baxanda o, gülümsündü. Əlbəttə ki, mən də gülümsəyərək cavab verdim. Beləcə iki gün keçdi və biz daha tez-tez bir-birimizə baxıb gülümsünürdük. Daha sonra, mən ona tərəf başımı tərpətməyə hazırlaşırdım. Özüm də bilmirəm ki, məni bu hərəkətdən nə saxlayırdı.
Nəhayət, mən özümü ələ aldım: bu gün, axşam çağı. Klarimonda da mənə cavab verdi. Yüngülcə olsa da, mənə tərəf başını tərpətdi. Mən bunu aydın gördüm.

CÜMƏ AXŞAMI. 10 mart.
Dünən uzun müddət kitab oxusam da, çox şey öyrəndiyimi deyə bilmərəm, çünki Klarimonda haqqında düşünür və arzularımın qanadını taxıb göylərdə uçurdum. Sonra yuxuya getdim və yaxşıca yatdım.
Səhər pəncərəyə yaxınlaşanda, Klarimonda artıq öz yerində oturmuşdu. Mən başımı tərpətdim, o da mənim kimi etdi və uzun müddət mənə baxdı.
İşə başlamaq istəyirdim, amma həyəcanımı boğa bilmədim, pəncərənin qarşısında oturub Klarimondaya baxdım. Birdən gördüm ki, milləri kənara qoyub, o da oturub. Qaytanı dartıb ağ pərdəni kənara çəkdim və demək olar ki, eyni zamanda o da mənim kimi etdi. Biz bir-birimizə baxıb gülümsündük.
Demək olar ki, tam bir saat belə oturduq.
Sonra Klarimonda yenə milləri götürüb toxumağa başladı.

ŞƏNBƏ. 12 mart.
Günlər ötür, mən yeyirəm, yatıram, stolun arxasında oturub qəlyanımı çəkirəm, başımı kitab səhifələrinin üstünə sallayıram. Bir söz də oxuya bilmirəm. Yenə cəhd edirəm, amma əvvəlcədən bilirəm ki, bu cəhdim də boşa çıxacaq, belə olduqda ayağa qalxıb pəncərəyə yaxınlaşıram. Başımı tərpədirəm, Klarimonda da mənə baxıb başını tərpədir. Biz gülümsünürük və saatlarla bir-birimizə baxırıq. Dünən axşam çağı saat altıya yaxın yüngül həyəcan keçirtdim. Hava tez qaralmışdı və mən naməlum qorxu hiss edirdim. Stolun arxasında oturub gözlədim. Nəsə məni pəncərəyə tərəf dartırdı. Əlbəttə ki, boynumu ilgəyə keçirmək üçün deyil, Klarimondanı görməkdən ötrü.
Mən ayağa qalxdım və pərdənin yanında donub qaldım. Qaranlıq olmasına baxmayaraq, deyəsən, heç vaxt qızı bu qədər aydın şəkildə görməmişdim. O, toxuya-toxuya mənə tərəf baxırdı. Məni müəmmalı dincliklə qarışıq yüngül narahatlıq hissi bürüdü.
Telefon zəng çaldı. Bu axmaq komissar öz səfeh sualları ilə fikrimi dağıtdığından özümdən çıxmışdım.
Bu gün səhər o, madam Dübonye ilə birlikdə mənim yanıma gəlmişdi. Mehmanxana sahibəsi məndən çox razıdır. Artıq iki həftədir ki, yeddi nömrəli otaqda yaşamağım ona kifayət edirdi. Amma komissar konkret nəticə əldə etmək istəyirdi. Dumanlı şəkildə işarə etdim ki, qeyri-adi bir işin izinə düşmüşəm, bu eşşək də mənim yalanımı iştahla yedi. Qoy, nə olur-olsun, mən bir həftə də burda qalacam, bunu çox istəyirəm. Xanım Dübonyenin yemək-içməyinə görə yox. (İlahi, daim tox olan insana belə şeylər necə mənasız görünür!) Onun nifrət etdiyi və qorxduğu, mənimsə sevdiyim o pəncərəyə görə, axı burdan mən Klarimondanı görürəm.
İşığı yandıran kimi qızı görmək mümkün olmur. Mən gözlərimi dörd açıb onun nə zaman şəhərə çıxacağını bilmək istədim, amma bir dəfə də olsun, Klarimondanın astanadan kənara çıxdığını görmədim.
İndi yaşıl abajurli lampanın yanındakı rahat kresloda oturmuşam. Komissar mənə dolu tütün qutusu verib. (Belə yaxşı tütün heç vaxt çəkməmişəm). Onsuz da işləyə bilmirəm. İki-üç səhifə oxuyuram, sonra görürəm ki, oxuduğumdan heç nə anlamamışam. Gözlərim hərfləri görür, beynimsə sözlərin mənasını anlamır. Qəribədir! Sanki beynimdə üstünə “Giriş qadağandır!” sözləri yazılmış lövhə asılıb. Sanki beynim Klarimonda sözündən başqa heç bir şeyə reaksiya vermək iqtidarında deyil.
Nəhayət, kitabı bir tərəfə tullayır, kresloda yerimi rahatlayıb düşüncələrə qərq oluram.

BAZAR GÜNÜ. 13 mart.
Bu gün səhər qəribə bir dramın şahidi oldum. Xidmətçi otağı yığışdıranda, mən dəhlizdə gəzişirdim. Həyətə açılan pəncərənin qarşısında hörümçək toru vardı, böyük bir hörümçəksə bu torun keşiyini çəkirdi. Madam Dübonye toru təmizləməyə icazə vermir: hörümçəklər xoşbəxtlik gətirir, faciələr yetər daha.
Birdən gördüm ki, başqa bir kiçik hörümçək ehtiyatla torun saplarından birinin üstünə çıxdı. Bu erkək hörümçək idi. O, iplərin birindən yapışıb ehtiyatla mərkəzə tərəf hərəkət edir, dişi hörümçək tərpənən kimi qorxub geriyə çəkilirdi. Belə olduqda o, yerini dəyişərək başqa bir ipin üstünə çıxıb yenidən yaxınlaşmağa cəhd edirdi. Nəhayət, güclü dişi hörümçək ona güzəştə gedib öz yerində tərpənməz halda dayandı. Erkək hörümçək ipi əvvəl yüngülcə, sonra bərkdən elə dartdı ki, bütün tor yelləndi. Onun sevgilisi özünü sakit aparırdı. O, ehtiyatla dişi hörümçəyə yaxınlaşmağa başladı. Dişi hörümçək müqavimət göstrəmədən onu ağuşuna aldı. Hər ikisi dəqiqələrcə tərpənməz halda böyük torun ortasında asılı qaldı.
Sonra gördüm ki, erkək hörümçək ehtiyatla ayaqlarını bükür. Sanki o, öz rəfiqəsini sevgi nəşəsi içində qoyub aradan çıxmaq istəyirdi. Nəhayət o, canını qurtarıb var gücü ilə qaçmağa başladı, amma bu vaxt dişi hörümçək qızğın enerji ilə onun dalınca götürüldü. Bədbəxt erkək qarnından sap buraxıb aşağı yumbalandı, lakin onun sevgilisi də eyni akrobatik üsuldan istifadə etdi. Erkək hörümçək bütün gücünü toplayıb qaçmağa çalışırdı, amma gec idi. Dişi hörümçək möhkəmcə ondan yapışıb geriyə, torun mərkəzinə tərəf çəkdi. Bir az bundan əvvəl sevgi səhnəsinin oynandığı yerdəcə, başqa bir mənzərə göründü. Məşuq zəif ayaqlarını uzadıb carəsizcə çırpınır, bu ölümcül məngənədən qurtulmaq istəyirdi. Rəfiqəsi onu daha buraxmadı. Bir neçə dəqiqə ərzində o, bədbəxt erkəyi bütünlüklə tora bürüdü. Sonra iti iynəsini onun bədəninə soxub məşuqunun gənc qanını sormağa başladı. Nəhayət, büzüşmüş ayaqlar, dəri və tor yığıntısını nifrətlə aşağı atdı.
Deməli, bu əcaib yaradıqlarda məhəbbət belə olurmuş. Allaha minnətdaram ki, mən erkək-hörümçək deyiləm.

BAZAR ERTƏSİ. 14 mart.
Daha kitablara əlimi də vurmuram, bütün günümü pəncərənin qarşısında keçirirəm. Hətta axşam düşəndə də yerimi tərk etmirəm. Qaranlıqda onu görmək olmur, amma gözlərimi qapayan kimi – yenə də onu görürəm!
Hm... Bu gündəlik mən təsəvvür etdiyimdən tamam başqa cür alındı. Burda madam Dübonye və komissar haqqında, hörümçəklər və Klarimonda haqqında danışılır. Amma aparacağım istintaq haqqında bir kəlmə də yoxdur. Bu, mənim günahımdırmı?

ÇƏRŞƏNBƏ AXŞAMI. 15 mart.
Biz – Klarimonda və mən – günlərcə davam edən xüsusi oyun fikirləşmişik. Mən başımı tərpədirəm, o da dərhal başını tərpətməklə cavab verir. Sonra ovcumu şüşəyə toxundururam, bunu görən kimi o da eyni hərəkəti edir. Əlimlə işarə verirəm – Klarimonda təkrarlayır; guya onunla danışırmış kimi, dodaqlarımı tərpədirəm, - Klarimonda da dərhal dodaqlarını tərpədib guya mənimlə danışır. Alnımın üstündəki saçlarımı geriyə atıram, o da belə edir. Əsil uşaq oyunudur, ikimiz də buna gülürük. Daha doğrusu o gülmür, onun dodaqlarında sakit, sədaqət dolu təbəssüm var. Məncə, mən də onun kimi gülümsünürəm.
Ümumiyyətlə, ilk baxışdan göründüyü kimi, bu heç də axmaq oyun deyil. Görünür, hərəkətlərin adi imitasiyası ilə məşğul deyilik, yoxsa bu, bizi yorardı. Güman ki, bu, bir növ telepatiyadır. Axı, Klarimonda mənim hərəkətlərimi demək olar ki, mənimlə eyni zamanda təkrarlayır. O, hərəkətin başlanğıc anını görən kimi, onu axıra qədər yerinə yetirir. Mənə elə gəlir ki, hər şey eyni anda baş verir. Məhz bu, məni yeni hərəkərlər fikirləşməyə sövq edir və ağlagəlməz dərəcədə təəccüblüdür ki, o bunları ani olaraq, sürətlə təkrar edir! Tez-tez onu aldatmağa çalışıram. Bir neçə hərəkəti dalbadal, sürətlə edirəm, sonra həmin hərəkətləri tərsinə və bir də əvvəlki qaydada edirəm. Nəhayət, dördüncü dəfə təkrarlayanda, ya hərəkərlərin ardıcıllığını dəyişir, ya onlardan birini başqa cür edir, ya da bu hərəkəti ümumiyyətlə buraxıram. Təəccüblüdür ki, jestləri bir-birinin ardınca sürətlə etsəm də, Klarimonda bir dəfə də olsun səhvə yol verməyib.
Bütün günüm belə keçir, buna baxmayaraq bir an da olsun mənasız yerə vaxt itirdiyimi düşünməmişəm. Əksinə, indiyə qədər belə vacib işlə məşğul olmadığıma əminəm.

ÇƏRŞƏNBƏ. 16 mart.
Qəribə deyilmi ki, mən Klarimonda ilə olan münasibətlərimi bu çoxsaylı oyunlardansa daha ciddi əsaslar üzərində qurmağı bir dəfə də olsun düşünməmişəm? Bu haqda keçən gecə fikirləşdim. Axı, sadəcə plaş və şlyapamı geyinib iki mərtəbə aşağı düşə bilərəm. Sonra beşcə addım atıb küçənin o biri tərəfinə keçə, sonra da üç mərtəbə yuxarı qalxa bilərəm. Qapının üstündə kiçik lövhəcik, onun üstündəsə “Klarimonda” yazısı... Klarimonda – daha nə? Bunu bilmirəm, amma “Klarimonda” olacağına əminəm. Sonra qapını döyərəm, sonra da...
Bu ana qədər hər şeyi təsəvvür edə bilirəm, hansı hərəkətlər edəcəyimi xardalığına qədər görürəm. Amma bundan sonra nə olacağını heç cür təsəvvürümə gətirə bilmirəm. Qapı açılır, bəli, bunu da görürəm. Özüm astanada durub, tamamilə heç nəyin görünmədiyi qaranlığa baxıram. Klarimonda astanaya çıxmır – heç kim yoxdur, heç nə görünmür. Yalnız dibsiz qaranlıq var.
Tez-tez mənə elə gəlir ki, pəncərədən baxıb mənimlə oynayan qızdan başqa Klarimonda mövcud deyil. Təsəvvür edə bilmirəm ki, o, qara əlcək və bənövşəyi damaları olan qara donunu geyməsəydi, başına şlyapa qoysaydı necə görünərdi. Düşünəndə ki, onu küçədə yaxud restoranda görə bilərəm, məni bərkdən gülmək tutur. O, necə yeyir, necə içir, neçə pıçıldayır. Bunlar mənimçün müəmmalıdır.
Tez-tez özümdən soruşuram: bu, məhəbbət deyil ki? Tam əminliklə cavab verə bilmirəm, axı heç zaman sevməmişəm, ancaq mənim Klarimondaya olan hisslərimi məhəbbət adlandırmaq mümkündürsə, bu tamamilə fərqlidir, dostlarımdan eşitdiklərim yaxud romanlardan oxuduqlarım məhəbbətə qətiyyən oxşamır.
Öz hisslərimi təsvir etməyə çətinlik çəkirəm. Ümumiyyətlə Klarimondaya, daha doğrusu, bizim oyunumuza dəxli olmayan bir şey haqqında düşünmək çətindir. Axı, inkar etmək olmaz ki, biz vaxtımızı ancaq oyuna sərf edirik, başqa heç nəyə. Bax, elə müəmma da burda gizlənib.
Klarimonda... Bəli, mən özümdə ona bir bağlılıq, bir maraq hiss edirəm. Lakin buna həyəcana oxşar bir hiss də qarışır. Həyəcan? Yox, bu da yox. Nə isə naməlum bir şey qarşısında qorxu, təhlükə hissi. Məhz bu qorxuda xüsusi bir həyəcan yaradan nəsə var, elə bir şey ki, məni Klarimondadan həm uzaq durmağa, həm də eyni zamanda ona yaxınlaşmağa məcbur edir. Mənə elə gəlir ki, onun ətrafında dövrə vururam, gah ona yaxınlaşır, gah da uzaqlaşıram, yenə fırlanmağa davam edir, bir az irəliyə doğru gedirəm ki, yenidən geriyə çəkilim... Nəhayət, o vaxta qədər ki, mən bunu bilirəm – bu belə də olacaq...
Klarimonda pəncərənin qarşısında oturub toxuyur. Saplar. Uzun, nazik, olmayacaq qədər nazik saplar. O, bunlardan nəsə toxuyur, amma nə - mən bilmirəm. Anlaya bilmirəm ki, o, nazik ipləri qırmadan, dolaşdırmadan necə toxuyur. Bu toxuma parçada xüsusi rənglər, fantastik heyvanlar və qorxunc üzlər görünür.
Bu nədir!.. Mən nə yazıram? Axı, mən onun nə toxuduğunu görə bilmərəm, saplar çox nazikdir. Buna baxmayaraq bilirəm ki, Klarimondanın toxuduğu parça, məhz mənim gözlərimi qapadığım zaman gördüyüm kimidir. Məhz belədir. Böyük tor, onun üstündə müxtəlif fiqurlar, fantastik heyvanlar və dəhşətli üzlər.

CÜMƏ AXŞAMI. 17 mart.
Çox həyəcanlıyam. Heç kimlə danışmıram, hətta madam Dübonyeni və xidmətçiləri boğuq səslə “sabahınız xeyir” deyərək zorla salamlayıram. Yeməyə çox az vaxt sərf edir, qalan vaxtımı pəncərənin qarşısında keçirirəm. Oyunumuza davam edirik. Oh, bu necə də gözəl oyundur!
Sabah nəsə baş verməlidir, bunu hiss edirəm.

CÜMƏ. 18 mart.
Bəli, bu gün nəsə baş verməlidir. Bu dəqiqdir. Mən öz-özümə danışıram – bərkdən danışıram ki, öz səsimi eşidim, - məhz buna görə burdayam. Amma çox çətindir, məni dəhşət bürüyüb, mən qorxuram. Məndən əvvəl bu otaqda qalanların başına gələnlər mənim də başıma gələcək, deyə qorxuram. Amma qəribədir ki, bu qorxuya, Klarimondanın qarşısında keçirdiyim başqa bir qorxu da qarışıb. Özümə də aydın deyil ki, bunların hansından daha çox qorxuram.
Məni həyəcan didib-dağıdır. Qışqırmaq istəyirəm, güclə özümü saxlayıram.
Axşam saat altıdır.
Tələsik yazıram, plaşımı və şlyapamı geyinmişəm. Hələ saat beşdə gücüm tükənmişdi. İndi mən dəqiq bilirəm ki, hər şey cümə günü axşam saat altıyla necəsə əlaqəlidir. Daha komissara dediyim yalan məni əyləndirmir. Kresloda oturdum, yerimdən qalxmamaq üçün özümü zorla saxlayırdım, lakin nəsə məni yenə pəncərənin qarşısına tərəf çəkir, sürüyürdü.
Mən Klarimonda ilə oyuna davam etməliyəm. Budur, məni pəncərənin yaxınlığında olmaq qorxusu yenə bürüyüb. Onların – saqqalı ağarmış, boynu yoğun isveçrəli kommivoyajörün, cəld akrobatın və möhkəm bədənli serjantın özlərini necə asdığını görürəm. Mən onları görürdüm: əvvəlcə birincini, sonra ikincini, üçüncünü, daha sonra üçünü də bir yerdə. Üçü də həmin qarmaqdan asılmışdı. Açılmış ağızlarından dilləri sallanırdı. Və birdən onların arasında özümü də gördüm!
Dəhşət bürümüşdü məni! Dərk edirdim ki, lənətə gəlmiş qarmağın bərkidildiyi pəncərə çərçivəsi özü məni dəhşətə salır. Qoy, Klarimonda məni bağışlasın, amma bu belə idi, mən heç nə uydurmuram. Qeyri-adi həyəcan ilə dumanlanmış beynimdə onun obrazı ilgəkdən asılmış, ayaqları döşəməyə dəyən o üç nəfərin siluetinə qarışmışdı.
Prinsipcə, mən özümü asmaq arzusunda deyildim, yalnız bu hala düşəcəyimdən qorxurdum. Yox, mən yalnız qorxurdum... Həm pəncərənin özündən... Həm Klarimondadan... Həm də indi baş verməli olan anlaşılmaz və dəhşətli hadisədən. Bir də qızğın və qarşısıalınmaz arzu hiss edirdim ki, ayağa qalxıb pəncərəyə yaxınlaşım. Mən bunu etməliydim...
Birdən telefon zəng çaldı. Mən dəstəyi götürdüm, danışanın nə dediyini dinləməyərək qışqırdım:
- Gəlin! Təcili gəlin!
Mənim qulaqbatırıcı qışqırığım sanki bütün kabusları otağın qaranlıq künclərinə qovdu. Bir anın içində ruhi tarazlığım özümə qayıtdı. Alnımın tərini sildim, bir stəkan su içdim və komissar gələndə ona nə deyəcəyimi düşünməyə başladım. Bundan sonra pəncərəyə yaxınlaşdım, başımı tərpədib gülümsündüm.
Klarimonda da başını tərpədib gülümsəməklə mənə cavab verdi.
Beş dəqiqə sonra komissar gəldi. Ona dedim ki, işin məğzini, nəhayət anlamışam, lakin bu gün bu haqda məndən soruşmasalar yaxşı olar, çünki mən özüm tezliklə qeyri-adi sensasion şeylərdən danışacam. Ən qəribəsi o idi ki, komissarı aldada-aldada həqiqəti danışdığıma tamamilə əmin idim. Hətta indi də demək olar ki, buna əminəm – ağlımın etirazına baxmayaraq.
Görünür, polisə mənim əhvali-ruhiyyəm adi görünmədi, xüsusən də, telefon dəstəyinə qışqırmağımın səbəbini nə billah elədimsə, açıqlaya bilmədim. Komissar çox nəzakətlə məndən xahiş etdi ki, tərəddüd etməyim, çünki o, həmişə mənim qulluğumda hazırdır, bu onun borcudur. Lazım olan anda gecikməkdənsə, boş-boşuna olsa da bura on dəfə gəlmək daha yaxşıdır.
Sonra o, bu gün axşam mənimlə şəhərə çıxmağı təklif etdi. Bu mənim eynimi açar, həmişə tənhalıqda oturmaq olmaz ki. Çətinliklə də olsa, onun təklifini qəbul etdim: bu otağı tərk etmək istəmirdim.

ŞƏNBƏ. 19 mart.
Biz “Tsikad” və “Kürən Ay”da olduq. Komissar haqlı idi. Başqa mühit və qısa gəzinti xeyirli oldu. Əvvəl məni xoşagəlməz hiss tərk etmirdi ki, guya bayrağını satmış fərari kimi, pis hərəkət edirəm. Müəyyən müddətdən sonra bu, keçib getdi. Biz yaxşıca içdik, güldük və söhbət etdik.
Bu gün səhər pəncərəyə yaxınlaşanda, mənə elə gəldi ki, Klarimondanın baxışlarında tənə, danlaq gizlənib. Yəqin ki, bu mənim uydurmamdır. Ona necə məlum ola bilər ki, mən dünən axşam şəhərə çıxmışdım? Bir anlıq durğun baxışlardan sonra, o, yenə gülümsündü.
Və bütün gün oyunumuzu oynadıq.

BAZAR GÜNÜ. 20 mart
Bu gün də mən yalnız bir şeyi yaza bilərəm – bütün gün ərzində biz gözəl oyun oynayırdıq.

BAZAR ERTƏSİ. 21 mart.
Bütün günü oynayırıq.

ÇƏRŞƏNBƏ AXŞAMI. 22 mart.
Bəli, bu gün də həmişə olduğu kimidir. Yeni heç nə yoxdur, bütün günü oynayırıq. Hərdən mən özümə sual verirəm: bütün bunlar nə üçündür? Mən nə istəyirəm, axı, bütün bunlar nəyə doğru aparır? Cavab axtarmıram. Axı aydındır ki, bundan başqa heç bir şey mənə lazım deyil. Nə olur-olsun, nəhayət, mənim gözlədiyim baş verəcək.
Aydındır ki, son günlər bir-birimizlə sözsüz-kəlməsiz danışırdıq. Tez-tez dodaqlarımızı tərpədirdik, bir-birimizə daha tez-tez baxırdıq. Bir-birimizi yaxşıca anlayırdıq.
Mən haqlıydım. Keçən cümə onu tək qoyduğuma görə Klarimonda mənə tənə vururdu. Üzr istədim və etiraf etdim ki, axmaq və çox çirkin hərəkət etmişəm. O, məni bağışladı və mən and içdim ki, heç vaxt bu pəncərədən kənara çəkilməyəcəm və dodaqlarımızı şüşəyə yapışdıraraq uzun müddət öpüşdük.

ÇƏRŞƏNBƏ. 23 mart.
İndi bilirəm ki, onu sevirəm. Belə də olmalı idi, indi o, mənim bütün hüceyrələrimə nüfuz edir. Yəqin ki, başqa insanlarda məhəbbət tamam başqa cürdür. Məgər milyonların arasında iki oxşar başa, iki eyni qulağa, bir-birindən fərqlənməyən iki ovuca rast gəlmək mümkündürmü? Onların hamısı fərqlidir, ona görə də bir sevgi o biri sevgini heç zaman təkrarlamır. Mənim sevgim, mənim eşqim qəribədir, bunu yaxşı bilirəm. Məgər bundan onun gözəlliyi azalırmı? Bu sevgini yaşadığıma görə, mən demək olar ki, xoşbəxtəm.
Yalnız bu qorxu olmayaydı! Bəzən o, çəkilib gedir və onu unuduram. Amma bu, bir neçə dəqiqəliyə olur, sonra o, yenə baş qaldırır və yenə mənə əzab verməyə başlayır. Bu qorxu, böyük və gözəl bir ilanın ağzından qurtulmaq istəyən balaca siçanı xatırladır mənə. Dayan, axmaq və balaca qorxu, tezliklə bu böyük məhəbbət səni yeyəcək!

CÜMƏ AXŞAMI. 24 mart.
Bir şeyi kəşf etdim: mən Klarimonda ilə yox, o, mənimlə oynayır.
Bu belə baş verdi.
Dünən axşam, həmişə olduğu kimi əyləncəmiz haqqında düşünürdüm. Özüm üçün beş yeni və daha mürəkkəb hərəkətlər seriyası tərtib etdim və hər bir hərəkəti nömrələdim. Səhər Klarimondanı təəccübləndirmək istəyirdim. Bu hərəkətləri əzbərdən öyrəndim və onları əks qaydada etməyi də bacardım. Bu çox yorucu idi, amma mənə böyük ləzzət verirdi və Klarimondanı görməsəm belə, məni ona yaxınlaşdırırdı. Saatlarla məşq etdim və bütün seriyaları bircə səhv buraxmadan yerinə yetirməyi öyrəndim.
Bu gün səhər pəncərəyə yaxınlaşdım...