MILLI ƏXLAQI DƏYƏRLƏR HAQQINDA
ZIYA ABDULLAYEV
pedoqoji elmlər namizədi
Yaxın bir tanışın söhbəti uzun zamandır ki, yadınmdan çıxmır. Mən onun İngiltərədə magistratura təhsili almış qızının nə ilə məşğul olduğunu soruşdum.
— İşləyir, — dedi. Baxışlarımdakı sualı görüb fikrini tamamladı: — Bakıda, ayda 50 dollar alır. Bir müddət sükut yarandı. Yəqin ki hər ikimizin beynində eyni sual dolaşırdı: — Bəs niyə Bakıda? Bizə məlum idi ki, xaricdə təhsil almış gənclərin əksəriyyəti orada qalıb işləməyə üstünlük verirlər. Yüksək əmək haqqı, daha sivil, əlverişli sosial şərait, yaşayış tərzi. Əlbəttə ki bunlar ciddi cəlbedici amillər idi. Onu da bilirdim ki, nüfuzlu xarici kompaniyalardan biri qıza sərfəli iş də təklif etmişdi: çox yüksək maaşla. Belə olan halda məsələnin mahiyyəti nədə idi? Bütün bunların cavabını müsahibim özü verdi:
— Ticarət kompaniyalarından biri ona Şərq ölkələri üzrə menecer vəzifəsi təklif etmişdi. İlkin olaraq ayda 10 min dollar alacaqdı. Mən razı olmadım. Bilirsən niyə? Qorxdum uşağı (əlbəttə, qızı nəzərdə tuturdu) itirəcəyimdən… Bu, böyük puldur. Böyük pul olan yerdə isə, maddi asılılıqmı deyim, bağlılıqmı deyim, olmur. İnsan özünü sərbəst hiss edir. Belə olanda isə ailə həyatı, ailəyə bağlılıq arxa plana keçir. Ona görə də razılıq vermədim.
Heç bir söz demədim. Amma bu söhbətdən xeyli vaxt keçsə də başımda bir sual dolaşmaqdadır: Tanışım düzgünmü hərəkət etmişdi? Məgər böyük pul, müstəqillik, firavan həyat pis şeydirmi? Məgər sərbəstlik, müstəqillik ailənin itirilməsimi deməkdir? Bu gün də bu suallara son, qəti, düzgün cavab tapa bilməmişəm.
Bütün bu sualları cavablandırmaq istəyəndə əxlaq, əxlaqi keyftyyətlər yada düşür. Xalqımız üçün hansı əxdaqi dəyərlərin məqbul olduğu anılır. Onları necə qoruyub yaşatmalıyıq, ümumiyyətlə yaşatmalıyıqmı? Tanışım da, yəqin ki, bunları düşünüb hərəkət etmişdi.
…XX əsrin 18-20-ci illərində daşnakların törətdiyi vəhşiliklər zamanı namuslarına təcavüz ediləcəyini görən bir dəstə azərbaycanlı qız-gəlin əl-ələ tutub, özlərini körpüdən çaya ataraq həlak olurlar. Bu hadisə həmin əsrin 90-cı illərində Kəlbəcərdə də baş vermişdi. Olum, ya ölüm, namus, ismət məsələsi ortalığa çıxanda azərbaycanlı qadınları həmişə ikincini üstün tutublar…
XX əsrin 60-70-ci illərində əxlaqi dəyərlərə, milli ənənəvi keyftyyətrlərin qorunub saxlanmasına dair onlarla əsər yazıldı. Sovet əxlaqi dəyərlərinin burjua əxlaqından hər cəhətdən üstünlüyü sübuta yetirilirdi, daha doğrusu buna cəhd göstərilirdi. Bu dövrdə əxlaqi dəyərdərə doğrudan da, böyük diqqət yetirilirdi. Amma…
M.İbrahimbəyovun 70-ci illərdə yazdığı bir povest var — “Ondan yaxşı qardaş yoxdu”. Hələ o dövrdə yazıçı cəmiyyətdə əxlaqi dəyərlərin qiymətləndirilməsi ilə bağlı baş verən gizli təkanları böyük ustalıqla təsvir etmişdi. Yəqin ki, bugünkü uçurumların köklərini, izlərini ilk növbədə o dövrdə axtarmaq lazımdır.
Bəs bu gün nə baş verir? Pis yola düşmüş azərbaycanlı qadını telekamera qarşısında heç üzünü gizlətmək də istəmir. Hətta özünü çox adama yox, bir adama satdığını etiraf edir.
İstər-istəməz açıq-saçıq hərəkətləri ilə tanınan populyar müğənnilərdən birinin qəzetdə verdiyi müsahibə yada düşür. O qeyd edirdi ki, bir vaxtlar yaxınları ondan üz döndərmişdilər. Amma indi onun ətrafında pərvanə kimi fırlanırlar. O özü bunun səbəbini çox düzgün şərh edir: çünki pulum var.
Müasir Avropa dəyərlərinə yaxşı bələd olan Polad Bülbüloğlu 80-ci illərdə Bakıda gözəllik müsabiqəsi keçirmək istədi. Alqışlanası hal idi. Lakin “milli mentalitetimizə uyğun deyil”, — deyərək, qoymadılar. Bəs sonra… İndi heç bir müsabiqə keçirməyə ehtiyac yoxdur. Çünki bu müsabiqələrdə nümayiş etdirilə biləcək bütün əzalar və hərəkətlər Bakının küçələrində nümayiş etdirilir. İnsafən demək lazımdır ki, onların zahiri ədaları Parisin, Rio-de-Janeyronun, yaxud Karakasın küçələrində gəzişən qızlarınkından, demək olar ki, fərqlənmir. Amma çoxlarında çatışmayan bir şey o dəqiqə nəzərə çarpır: milli əxlaqi normalar, davranış tərzi. Əlbəttə, mən o iddiada deyiləm ki, müasir qızlarımız nənələri kimi geyinsinlər (etiraf edək ki, nənələrimizin əxlaqi dəyərlərindən götürüləsi çox şey var).
Mən fikirləşmirəm də ki, bu və ya digər tərzdə geyim əxlaqlılığın, yaxud əxlaqsızlığın əlamətidir. Əgər belə olsaydı, hind qadınlarını əxlaqsız hesab etmək olardı. Halbuki bu millətə mənsub qadınlar yüksək əxlaqi keyfiyyətləri ilə seçilirlər. Yaxud da götürək yeganə bədən örtüyü bambuk yarpağı olan Melaneziya, yaxud Cənubi Amerikanın müasir sivilizasiyadan hələ ki, uzaq olan ibtidai həyat tərzli qəbilələrini. Təbii, çılpaq gəzmələri heç də onların əxlaqsızlığına dəlalət eləmir. Yəni əxlaq təkcə geyimlə ölçülə bilməz (Amma geyimin də haradasa buna işarə olduğunu inkar etmək olmaz). Geyim zahiri atributdur, daha çox fiziki təsirlərdən (istidən, soyuqdan və s.) qorunmaq üçün nəzərdə tutulur, əxlaq isə sosial hadisədir. Cəmiyyətin ümumi qanun və qanunauyğunluşları ilə tənzimlənir. Gənc nəsil mənə irad tuta bilər ki, bu fikirlər artıq köhnəlmişdir, “müasirləşmək, avropalılaşmaq” lazımdır. Mən bunu da qəbul edirəm və etiraf edirəm ki, yaşlı nəsil çox zaman mühafizəkar olmuşdur və yeniliyi çətinliklə həzm etmişdir. Məsələn, ötən əsrin 20-ci illərində çoxları çadranın atılmasını faciə kimi qəbul etmiş və bunu əxlaqsızlıq adlandırmışdır. Amma bir şeyi də etiraf etməliyik ki, yaşlı nəsil təkcə köhnəliyin, ətalətin simvolu deyil, o həm də xalqın dəyərli mənəvi sərvətlərinin daşıyıcısı, qoruyucusu və ötürücüsüdür.
Yenilik çox çətinliklə mənimsənilir, hətta bunun üçün qurban da verilir. Lakin hər şeydən əvvəl yeniləşmək, müasirləşmək üçün onun özünün mahiyyətini, atributlarını, yollarını düzgün müəyyənləşdirmək lazımdır.
Əxlaqi dəyərlər bir ilə, yüz ilə yaranmır, bu, min illər ərzində yaranıb formalaşır. Biz bu gün də neçə-neçə əsr bundan əvvəl yaranmış, öz təravətini və təsirini itirməmiş xalq öyüd-nəsihətlərindən, ibrətamiz sözlərindən faydalanırıq.
Əxlaqi baxışlar sabit, durğun hadisə deyil, o da sosial, iqtisadi faktorların təsiri ilə dəyişir, inkişaf edir. Bu, təkamül, yaxud sıçrayış yolu ilə ola bilər. İdeyalar və ideallar mübarizəsi burada da özünü büruzə verir. Sıçrayış yolunda kənar təsirlər daha çox olur. O həm də ağrısız, acısız keçmir. Biz həmin hadisəni hazırda yaşayırıq.
Qədim yunan kinik filosofu Diogen söyləyirdi ki, “həzz insanı kölə edir”. Bu qismən bu gün bizdə də baş verir. Bir çoxları özlərinin varlanmaq, şöhrətlənmək kimi ehtiraslarını xalqa “müasirləşmək”, “avropalılaşmaq” kimi təqdim etmək istəyirlər. Bunun üçün isə xüsusilə hələ yetkinləşməmiş yeniyetmə və gənclərin şüuruna təsir etmək imkanlarından sui-istifadə edirlər. Belə halda biz “arzu olunanla arzu olunmayanı, vacib olanla vacib olmayanı, təqdir olunanla təqdir olunmayanı” (Z.Göyüşov) ayırd etməyi bacarmalıyıq.
Əxlaqın daşıyıcıları ayrı-ayrı insanlar olsa da, o, bir adamın deyil ki, ondan istədiyi kimi istifadə etsin. O, bütün bir xalqındır və həmin xalq öz övladlarının hərəkət və əməlləri ilə tanınır, ona bu prizmadan qiymət verilir.
Uzun əsrlər boyu yaranıb formalaşmış sosial əxlaq, davranış normalarını müasir dövrümüzdə bu və ya digər şəxsin mənəvi azadlığını əlindən almaq kimi də şərh etmək olar. Bəs bir fərd öz sərbəst, yaşadığı mühit üçün məqbul hesab edilməyən hərəkətləri ilə öz xalqına, onun mədəniyyətinə, əxlaqi normalarına meydan oxuyursa, onun rəyini bir heç hesab edirsə, ləyaqətini tapdalayırsa, ona münasibət necə olmalıdır? Bəlkə kliplərdən birində göstərildiyi kimi, əvvəlcə xəcalət çəkib başımızı aşağı saldığımız ekzotik hərəkətlərdən babilər kimi vəcdə gəlib çəpik çalmalıyıq?!
Çoxları əxlaqi norma deyəndə sanki bunun qadınların boyuna biçildiyini güman edirlər. Əslində heç də belə deyil. Əgər əxlaqi normalara əməl olunmursa, bunun üçün birinci növbədə kişilər — atalar, ərlər, qardaşlar günahkardırlar (əlbəttə, mühiti də nəzərə almaqla).
Əslində azərbaycanlıların avropalılar kimi geyinməsində heç bir qəbahət yoxdur. Amma avropalılaşmaq heç də milli dəyərlərdən imtina etmək üçün əsas ola bilməz. Biz Avropadan, eləcə də bütün sivil dünyadan daha qiymətli, praktik, praqmatik cəhətləri əxz etməklə, öz milli dəyərlərimizi qorumalı və yaşatmalıyıq.