HÜBUTİ-ADƏM

Deyirlər bir zaman Adəmlə Həvva
Yaşarmış rövzeyi-cənnətdə tənha.
O bir məva ki, biganəyiz biz,
Bu torpaqdan uzaq, qəmsiz, kədərsiz.
O bir məva ki, ruhani, münəvvər,
Uçarmış orda zərrinpər mələklər.
O bir məva ki, nəşr eylər sərasər
Əməllər, nəşələr, güllər, çiçəklər.
Gözəl, asudə bir məvayi-sevda;
Geniş, azadə bir səhrayi-xülya.
Xəzansız bir baharistani-cavid,
Ki solmaz orda əsla bərgi-ümmid.
Fərəhdən ağlar insan bəlkə, bilməm!
Bulunmaz orda lakin hüznü matəm.
Əvət, bir öylə xoş məvadə tənha,
Yaşarmış qayğısız Adəmlə Həvva.
Yaşarmış məstü şeyda, şadü xəndan;
Yaşarmış vəqfü-sevda, safü üryan.
Deyilmiş süs geyim onlarca adət;
Fəqət geydikləri bir tül ki, iffət.
İki dildadei-zövqü şətarət,
Olub vüslətgüzini-bəzmi-ismət;
Gülümsər daimi bir sur içində,
Yaşarkən öylə nuranur içində,
Hücum etmiş də süfli ehtirasat,
Qabarmış adəmiyyət hissi... heyhat!
O ülviyyət, o ülvi sərmədiyyət
Zəbuni-ehtiras olmuş nihayət.
Nəhayət, incə bir vəhşi təmayil,
O ülvi eşqi etmiş məhvü zail.
Birər heykəl kimi məbhutü heyran,
Hicab altında qalmışlar hərasan.
Sararmış bət-bəniz, uçmuş təravət;
Hücum etmiş haman rəngi-səfalət.
O dəm ənvarə müstəğrəq, sərazad,
Gözəl bir qız, səmavi bir pərizad,
Gəlib həq canibindən əldə fərman,
Demiş: çıx, ey səfalətpərvər insan!
Çıx, ey qafil bəşər! Dəf ol, çəkil, get!
Bu lahuti təfərrücgahı tərk et!
Deyil layiq sana gülzari-cənnət...
O süfliyyətlə hissi-adəmiyyət
Bu ülviyyatı heç eylərmi idrak?
“Çe nesbət xakra ba aləm-e pak?!”1
Düşün, bax nerdəsin, bir kərrə anla!
Bu məva öylə bir firdovsi-əla
Ki, hər bir lövsdən, hər məfsədətdən,
Bütün vəhşətdən ari bir nişimən...
Sən əvvəl xeyrü şərdən bixəbərdin,
Çocuq ruhilə bipərva gəzərdin.
Nə buldun, qürbi-həqdən böylə sapdın?
Düşün! Naqis bəşər, bir bax nə yapdın!?
Bu gün qüdsiyyətin olmaqda bərhəm,
Yazıq! Aldandın, ey biçarə Adəm!
Təəssüf biəsər... Pək çox yanıldın,
Nədamət bisəmər... Pək gec ayıldın.
Edər lahutiyan səndən şikayət,
Səninçin burda çox müşkül iqamət.
Çəkil, get! Rəhbərin şəhmari-üsyan;
Açılmış onda bax bir qövri-nisyan
Ki, həp müzlim, kədərza, tabfərsa,
Müləvvəs bir cədəlgah: iştə dünya!
Deyilmişsən hərəmi-qüdsə məhrəm;
Eşin Həvvayı al kəndinlə bahəm,
Enib qıl aləmi-nasuti məskən,
Nədir əzvaqi-dünya anla, öyrən!
Əzil, qəhr ol, keçənlər keçdi, heyhat!
Budur həqdən səninçin son mükafat!
Qoşarsın bir zaman məhkumi-xüsran,
Ararsın gülşəni-lahuti giryan.
Yaşarsan vadii-zillətdə məyus,
Fəqət dönməz, o günlər keçdi, əfsus!
Cahan durduqca həp nəslin bərabər
Bu müdhiş zərbədən qurtulmaz, inlər.
Bu qəflət eylə bir süfli cinayət
Ki, verməz kimsəyə bir ləhzə rahət.
Bu gün əxlaf üçün səndən əmanət
Qalan yalnız fəlakətdir, fəlakət!..
Əmin ol, nerdə nəfs olmuşsa hakim:
Həqiqi eşqi məhv etmiş məzalim,
Kimin ülviysə ruhu, söz onundur,
Əsiri-nəfs olan daim zəbundur.



BAKIDA




Balaxanı neft mədənlərinə gedərkən, Məsud ilə Şəfiqə arasında bir müsahibə.
Şəfiqə bir az xəyalpərvərdir, uzaqdan neft buruqlarını görüncə,
sevinərək Məsuda göstərir.

Şəfiqə

Uzaq, uzaq, çox uzaq yerdə iştə bir orman!
Nasıl da xoş, nə qədər şairanə sərvistan!
Bax, iştə bax, nədir onlar? Nə söylədinsə yalan...
Gəzib dolaşsa — deyirdin — bu şəhri bir insan,
Çiçəkli bir kiçicik bağçadan əsər bulmaz.
O sərvlər səni təsdiq içinmi? Ay qurnaz!
Nədir o mənzərə? Bir bax, nasıl da cazibədar
Ki, hər baxışda doğar qəlbə bir süruri-bahar.
O sərvlikdə gəzənlər deyilmi həp məsud?
Deyilmi — allah için söylə — həpsi vəcdalud?

(birdən-birə heyrətlə)

Dəyişdi bət-bənizin, böylə zəhrxəndinlə
Nə söyləmək diləyirsən? Aman, çapuq söylə!..

Məsud

Nə söyləyim, nə düşündünsə həpsi nəşəpəzir,
Gözəl, sevimli, fəqət şairanə bir təsvir...
Bu bir həqiqətə bənzər xəyali-müzlimdir
Ki, pişgahi-nigahında şöylə dalğalanır.
“Xəyal içində bəşər daima səadət arar.
Həqiqətin üzü lakin, gülümsəməz, ağlar”.
O sərvlər ki, uzaqdan sana təbəssüm edər,
Bir az da yaxlaşalım: bax həmən təcəssüm edər:
Önündə bir sürü dəhşətli, sisli abidələr
Ki, daima saçar ətrafa kirli rayihələr,
O sərvlikdə çayırdan, çiçəkdən iz yoxdur,
Görürkən anlayacaqsan ki, həp bataqlıqdır.
Gözəl, təmiz su bulunmaz, cəhənnəmi bir çöl...
Ki zift axar, birikir, hər tərəf olur göl-göl...
Bu “sərvlik” dediyin həp müləvvəs ehramlar,
Çamurlu, hisli buruqlardır, öylə mənzərədar.
Yığın-yığın bəşəriyyət o müzlim ormanda
Yaşar, qoşar, çalışır zift içində hər yanda,
Həyatı güldürəcək bir ümidə bağlanaraq,
İş arxasınca qoşuşmaqda həpsi çırpınaraq.
Bir az da yaxlaşalım, gör zavallı insanlar,
Nələr çəkir yaşamaqçin! Nasıl yaşar onlar!
Görüncə tab edəməzsən, acırsan, ağlarsan,
Nədir bəlayi-məişət, duyarsan, anlarsan.
Şəfiqə

Xayır, o lövhəyi mən görmək istəməm, dönəlim...

Məsud

Fəqət neçin əcəba! Söyləməzmisən, gözəlim?

Şəfiqə

Neçinmi? Köksümü gəl dinlə, sonra halımı bil,
Bax iştə, eylə tamaşayə varmı taqəti-dil?
Birər-birər mənə anlatdığın o mənzərədən
Könüldə hasil olur sadə, gizli bir şivən.
Həmən dönüb gedəlim, məncə fəzlə seyr etmək.
Yazıq!.. Bəlayi-məişət həyatı məhv edəcək.
Ağır dəmirlərin altında həp əzilmək için
Uzaq, fəqət çox uzaq, çox yabançı ölkələrin
Fəqir, zavallı, səfalətkəşidə övladı,
Qoşub gəlir iş için, həpsinin bu mötadı...
Çoluq-çocuq, ana, həmşirə, qız, nişanlı, gəlin;
Vətəndə həp gözü yollarda müztərib, qəmgin...
Məlali-həsrətə düşgün kədərli ailələr,
Bu gün, yarın deyə həp intizar içində mələr,
Yarınkı gün, kimi məyus olub təvərrüm edər;
Sönüb gedər, yaşamaz, cümlə kainatə küsər.
Fəqət yaşar kimi, yəsü ümid içində yaşar,
Soluq həyat ilə axşam, səhər yanar, sızlar.
O binəvaları yad eylədikcə həp bunlar,
Cəfayə, zəhmətə qarşı köküs gərib çapalar.
Bu rəzmgahi-məişətdə yıpranır həpsi.
O zift axan quyular onların əcəl qapısı...
Səqətlənir çoxu qoldan, qabırğadan, beldən,
Yarımcəsəd, yarıminsan qalıb düşər dildən.
İkinci bir yeni zillət təməsxür eyləyərək
Gülər zavallıya, bədbəxt adam nə yapsa gərək...
Xayır, bu halı düşündükcə artıyor kədərim;
O qanlı məzbəhə getməkdən ehtiraz edərim.
O sərvlər nə imiş imdi anladım, bildim;
Birər məzar daşıdır həp kədərnüma, müzlim.
Uzaqdan öylə gözəlkən, təqərrüb etdikcə
Xəyali, hissi üzər cangüza bir işgəncə.
Xayır, bu kirli, müləvvəs mühitə mən varamam!
Həmən çapuq dönəlim, hər şey anlaşıldı tamam.

Məsud

Fəqət çox aldanıyorsun, mənim gözəl mələyim,
Düşündüyün gözəl, amma yanılma, sevdiciyim,
Bu nəşəsiz, bu kədərza, bu müzlim aləmdən
Ziyalanır bütün evlər, cahan olur rövşən.
O zift axan quyular mənbəyi-səadətdir;
Axıb gedən sular altundur, eyni sərvətdir.
Bax, iştə həp o buruqlar birər böyük bütdür
Ki, pişgahinə çox kimsə varmadan bükülür.
Bu şəhr içində görüb duyduğun o hissi-nəşat,
Bütün o dəbdəbələr, həp o anlı, şanlı həyat,
Bütün o təntənələr, həp o süslü heykəllər
Bu sisli, hisli buruqlarla iftixar eylər.

Şəfiqə

Əvət!.. O sərvətü saman içində zənginlər
Kədər nə... bilməyərək istirahət etsinlər!
Fəqət zavallı fəqir orta yerdə qəhr olsun,
Zəhərli qazları udsun da yıpranıb solsun.
Səbəb nə? — səhhətə düşmən — o nəmli yerlərdə
Fəqir olan çürüsün!.. Haqqü mədələt nerdə?

Məsud

Bu anlaşılmayacaq bir suali-müşkildir
Ki, həll edilməsi zənnimcə qeyri-qabildir.
Bu fikrə qarşı nə mazi cavab verdi, nə hal;
Sənin bu fikrini kəşf eylər ancaq istiqbal...



YADİ-MAZİ


Mazi!.. O gözəl xatireyi-şövqü şətarət,
Hər an oluyor hafizəpirayi-təhəssür.
Ati!.. O qaranlıq gecə, pürteyf mərarət,
Daim eləyir ruhumu ləbriri-təəssür.

Hərdəm nəzərim maziyi-pürnəşvəyə nazir,
Cuşiş veriyor könlümə hala o mənazir.

Hala o mənazir, o üfüqlər, o səmalər!..
Ruhumda oyandırmada min sübhi-rəbii.
Təqib edərək bir-birini leyl-səfalər,
Əyyami-ələm əqlimə gəlməzdi təbii.

Bir ləhzə düşünmək nədir anmazdım o dəmlər,
Yaxmaqda bu gün ruhumu suzişli ələmlər.

Hər şey mənə xəndan görünürdü o zamanlar,
Oxşardı kiçik qəlbimi həp tazə çiçəklər.
Pərran idi bir yanda təbərza kələbəklər,
Guya sevişirlər, öpüşürlərdi həp onlar.

Gülqönçələr eylərdi səhər vəqti təbəssüm,
Bülbüllər isə həpsi yekavaz tərənnüm...

Əflakə baxarkən məni məftun ediyordu,
Parlaq günəşin mənzəreyi-şəşəədarı.
Axşam duramaz, qərbə müsafir gediyordu,
Şərqin o gözəl bakireyi-ləmənisarı.

Lakin gecə bir başqa tamaşa buluyordum,
Yıldızlara heyrətlə baxıb şad oluyordum.
Yıldızlara heyrətlə baxar, öylə sanırdım,
Həp tazə gəlinlər gəzinir ruyi-səmadə.
Bir heykəli-sevda kimi pürşölə sanırdım,
Gördükcə o məhzun qəməri seyrü səfadə.

Hər mənzərə minlərcə lətafət saçıyordu,
Guya ki, bədaye mənə ağuş açıyordu.

Əfsus!.. O gözəl günləri etdikcə təxəttür,
Coşmaqda bu gün duyğularım böylə dəmadəm.
Məhv etmədə imdi məni alami-təhəssür,
Hərdəm qara xülyalar olub qəlbimə məhrəm.

Lərzan eləyir ruhumu min dürlü məzalim
Əfsus... ki, mazi ədəm, ati isə müzlim...



OTUZ YAŞINDA



Otuz yaşında saralmaq, açılmadan solmaq;
Bu iştə bir mələyin virdi-şairanəsidir.
Otuz yaşında gömülmək məzarə, məhv olmaq;
Bu bir şikəstəəməl dilbərin təranəsidir.

Əvət, bu sisli, dəyərsiz həyat üçün hər kəs,
Nə umsa cümlə hədər, həp birər çocuqca həvəs...

Otuz yaşında!? Fəqət çox tühaf... nasıl, nə demək!
Bu sirri bilmək üçün bir gün eylədim israr.
O nazlı çöhrə şəfəqlər saçıb gülümsəyərək;
Sevimli gözləri ta qarşısında xəndənisar
Olan bir aynaya mətuf olub da söylədi: “Bax!
Gülümsəyən bu rəsim yoxmu? Sevdiyim ancaq
Bu lövhədən, bu gözəl çöhrədən ibarətdir,
Mən istərəm o təravətlə daimi yaşamaq...
O, yirmi bir sənəlik qönçeyi-lətafətdir
Ki, həp təravəti-hüsniylə zövqyab olaraq
Həyata qarşı gülər gözlərində istiğna,
Nasıl da bənzəyir - insaf üçün - o çöhrə mana...

Əvət, şəbabımı təsvir edən o kölgə üçün,
Pərəstiş eyləyərək mən həyatı sevmədəyim.
Duyunca bir ufacıq inhitat o çöhrə üçün
İçimdə hiss edərəm sanki bir əzabi-əlim.

Şəbabü hüsnlə az-çox həyat imrənilir;
Şəbabi-afəl üçün həfreyi-məzar eyidir.

Bütün qadınlığı təsmim edən, əzib bitirən,
Çoluq-çocuqlu, müşəvvəş həyat üçün daim
Bir iştika duyulur ruhi-lərzədarimdən,
Sürəkli ömrə onunçün tənəffür etmədəyim.

Mən istəməm ki, şəbab ömr üçün sürüklənsin:
Bu fikrə bir deyəcək varmı? Söylə allah için!”

— Xayır, gözəl mələk! İnsaf üçün düşündüyünüz
Bir az xəyalə, bir az şerə bənzəyirsə də... siz
Əmin olun ki, aldanmayırsınız: yalnız
Bu dadlı fikri yaşatmaq qolay deyil, biliniz!

Bu gün, yarın dəyişər ruhunuz, təbiətiniz,
O yolda başqalaşır zövqi-şairiyyətiniz.

Bu gün sıxıntılı zənn etdiyin sürəkli həyat,
Həyati-ailə bilsən yarın nasıl sevilər?
Çoluq-çocuq sənə ithaf edər də xoş nəğəmat,
O dəm gözündə cahan pərdə-pərdə cilvələnər.

İnan, o türrəyi-şəbrəngin olsa bərfalud,
Həyata sən yenə məftun olarsan... olma ənud!



GECƏYDİ


Gecəydi... hər yeri sarımışdı bir sükuti-həzin,
Donuq ziyalı fanarlar baxardı həp qəmgin.
Yavaş-yavaş yürüyürdüm yolumla pürfikrət,
Önümlə ərzi-vücud etdi bir soluq surət.
O bir cavan idi, küskün baxışlı, həm yorğun;
Vücudu xəstə, mükəddər, həyatı çox durğun...
Kəsik nəfəslə yürür, söylənir də, inlərdi,
O bir xəyali-bəid arxasınca titrərdi.
Nədənsə cəzb eləyirdi o hər adımda məni,
Həmən maraq ilə təqibə başladım izini.
Onunla, iştə onun kölgəsilə çox məhzun
Yürür,gedir, düşünürdüm; göründü bir balkon
Ki, süslü pəncərəsi, şıq, ipəkli pərdələri,
Nasılsa eylədi dilxun zavallı dərbədəri.
Dayandı qarşıda, həsrətlə əşkbar olaraq,
Həzin-həzin baxınıb söyləyirdi sızlayaraq:

“Sən, ey sevimli mələk! Ah... zalım, ey zalım!
Sən ey nədimeyi-ruhum, ümidi-iqbalım!
Sən, iştə həp sən idin cilvəgahi-amalım,
Keçərdi günlərim əvvəl səninlə şatirü şən.
Nə oldu? Söylə, neçin böylə bivəfa çıxdın?
Şikəstə könlümü bilməm neçin yıxıb-yıxdın?
Neçin ümidimi məhv eylədin? Nədən bıqdın?
Nədən atıb məni, əğyarə həmdəm oldun sən?!
Mən eşqə uymaz, inanmazdım, ey pəriyi-səhər!
O hissi məndə fəqət sən yaratdın... ey dilbər!
Hüzur qəlbimi aldın da ömrüm oldu hədər,
Tutuldum iştə o dami-bəlayə qafil ikən...
Mənimlə hər gecə həmbəzm olub gülümsər idin,
Məhəbbət olmasa aləm xarab olar der idin,
Dodaq-dodaqda öpüşdükcə xeyli söz verdin.
Nə oldu, üz çevirib, qaçdın aqibət məndən?
Fəqət bahari-şəbabımda bir çiçək buldum,
Qaçırdım əldən, onun həsrətilə məhv oldum.
O sənsən ah...sən! Uğrunda bax nasıl soldum?
Səninlə söndü həyatım, yanıb kül oldum mən.
Gəl, iştə qəlbimi gəl yar, çıxar məhəbbətini!
Gözəl mələk! Məni gəl qurtar, al əmanətini!
Yetər, yetər!.. Çəkəməm qeyri-bari-firqətini,
Qapında kəndim üçün qazmaq istərəm mədfən.”

Zavallı gəncin o titrək püriştika səsini,
Sükuti-leyli yaran nəşəsiz təranəsini
Kim anlar, ah... ona kim etina edər? Heyhat!..
O aşiyanə girən şey fəqət süruri-nəşat...
O infialı, o suzişli halı kim dinlər?
Verir cavab ona ancaq sitəmli qəhqəhələr.
Qopub gələn o şətarətli səs bir istiğna
Ki, daima onu yaxmaqla həzz alır guya...
O sərsəri, o səfil... onca fəzlədir yaşamaq,
Yaşarsa, həp yanaraq yəs içində məhv olacaq.
Sönük vücudu saçar hər dəm atəşin fəryad,
Fəqət nə çarə! Əsərsiz bütün bu istimdad...

Nəhayət, oldu rəhakari iztirabı onun
Əlində patlayan atəşli bir cılız qurşun.
Ayaqda durmaq üçün onda yoxdu tabü tavan;
Sərildi yerlərə, lakin püriztirabü fəğan
Deyirdi: “Yox daha səbrim, gecikmə, gəl, mələyim!
Gəl, iştə, getməliyəm; əlvida!.. Gözəl mələyim!..”