• Dünyada
    18.12.2003

    Çox əkilən ağaclar vermədi bar dünyada,
    Uca dağlar başını ağartdı qar dünyada,
    Hər saatın, hər anın öz hökmü var dünyada,
    Kimbilir nə olacaq sabah bu dar dünyada,
    Hey gülən insanları görmüşəm xar dünyada.

    Çox vuraram deyənlər, vurulub əldə qaldı,
    Özünü bəyənənlər soluxub eldə qaldı,
    Qəhrəmanlar öldüsə ürəkdə dildə qaldı,
    Bülbülün məhəbbəti ətirli güldə qaldı,
    Qovuşmaq həsrətiylə yanır min yar dünyada.
  • Çox doğruyam deyənlər sonda fırıldaq oldu,
    Cəsarətdən danışan dar gündə qorxaq oldu,
    Bəzi gözü açıqlar aldandı maymaq oldu,
    Bu dünyanın malına insanlar ortaq oldu,
    Qazanıb itirdilər bu yumru şar dünyada.

    Çox duru sayılanlar öz-özünə bulandı,
    Oğru dik yeriyəndə doğru qəmə qalandı,
    Həyatda biri qaçan, biri daim qovandı,
    Həyalılar dinəndə həyasızlar utandı,
    Parçalar qısalandan qalmayıb ar dünyada.

    Çox alışıb yananlar sönükdü külə döndü,
    Çətinlər asanlaşdı, asan müşkülə döndü,
    Ağladıqca içimdə göz yaşım gölə döndü,
  • İnsanın qüdrətiyləqanqallar gülə döndü,
    Yalanlar eşitməkdən olmuşam kar dünyada.

    Çox düşündüyüm dünyanı, dünya dönüb mən oldu,
    Neçə ilin dostları, bir anda düşmən oldu,
    Çərxi fələk fırlandı səhralar çəmən oldu,
    Bu dəyiş-düyüş qardaş, söylə, de nədən oldu?,
    Qarışdı bir birinə bal ilə mar dünyada.





    Həqiqət axtarıram.
    02.12.2003

    Yaşın nə fərqi var ki, düz deyən düz olmalı,
    Səhv deyən səhv olmalı.
    Bu dünyada inan ki, düzün səhvin fərqi yox,
    Gücsüzlər məhv olmalı.

    Güclülər zəifləri qəbul etmir düz kimi,
    Özü əyri olsada.
    Çaşa tək çüt görünür deyir mən düz görürəm,
    Gözü əyri olsada.

    Həyat necə ağırdır, özünü başa düşüb,
    Söz deyən insanlara.
    Nahaqqlarla döyüşən, azadlığı axtaran,
    Düz deyən insanlara.

    Bax əllərim ayağım qandallanıb ay aman!,
    Mən yeriyə bilmirəm.
    Azadlığı istəyən dilim dağlanan zaman,
    Axı niyə ölmürəm.

    Mənim xeyrimi şərə siz yozmaq əvəzinə,
    Şərimi şərə yozun.
    Mən səhv etsəm dinmərəm, danışmaram ay qardaş,
    Onu min yerə yozun.

    Məni tanıyan insan bunu yaxşı bilir ki,
    Həqiqət axtarıram.
    Dünyadan uzaq düşən, insanların qovduğu,
    Ədalət axtarıram.

    Mən yazıram könlümün keçirdiyi hissləri,
    Misralara söz kimi.
    Bu yazdığım əşarlar qalacaq gələcəyə,
    Mirkazimdən iz kimi.