Dünya şöhrətli dirijor, gözəl bəstəkar, xalq artisti, Dövlət və Beynəlxalq mükafatlar laureatı Niyazi Zülfüqar oğlu Tağızadə - Hacıbəyov (1912-1984) Azərbaycan xalqının yetirdiyi ən qüdrətli sənətkarlardan biridir. O, özünün qaynar və mə’nalı ömrü boyu milli musiqi mədəniyyətimizin çiçəklənməsi naminə əvəzsiz xidmətlər göstərmiş, xüsusilə də Azərbaycan bəstəkarlarının saysız-hesabsız simfonik, opera və balet əsərlərini əlçatmaz səviyyədə təcəssüm etdirməklə, onların uğurlu taleyini müəyyən etmiş, beləliklə də, xalqımızın musiqi salnaməsinə parlaq səhifələr yazmışdır.

Fövqəladə istedadlı sənətkar və qüdrətli bir şəxsiyyət kimi Niyazinin yaradıcılıq siması, estetik dünyagörüşü və incə bədii zövqü qədim tarixli Azərbaycan mədəniyyətinin - şer, rəsm, rəqs sənətinin və ilk növbədə, zəngin musiqi irsimizin güclü tə’siri altında təşəkkül tapıb inkişaf etmişdir. Möhtəşəm və əsrarəngiz «Rast» simfonik muğamı, «Qaragilə», «Sarı bülbül», «Xumar oldum» kimi qəlb oxşayan xalq mahnılarının əlvan boyalı orkestr işləmələri bu bağlılığın, bu doğmalığın ən qabarıq nümunələridir.

Azərbaycan sənətkarının ecazkar dirijorluq məharəti neçə-neçə ölkənin geniş auditoriyalarını fəth etmişdi. Gözəl piano çalmağı, yüksək şövqlə rəqs etməyi, nəfis rəsm qabiliyyəti, ifadə ilə şe’r söyləməsi, səlis nitq mədəniyyəti bir çoxlarına bəlli idi. Maestronun pəsdən gözəl oxumağı da varmış.