Naxçıvanski Hüseyn xan Kalbalı xan oğlu (28.06.1863, Naxçıvan -1919, Petroqrad) -hərbİ xadim. General-leytenant (1915). Kalbalı xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin nəvəsidir. On beş yaşında ikən Peterburqdakı Paj korpusu məktəbinə verilmiş, 1881-ci ildə oranı əla qiymətlərlə bitirərək, çarın xüsusi süvari qoşununda xidmət etmişdir. Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Naxçıvaniyə 1903-cü ildə polkovnik rütbəsi verilmişdir. Rusiya-Yaponiya müharibəsində (1904-1905) qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik etmişdir. Tanınmış rus jurnalisti A. Kvitkanın "Zabaykalye kazak zabitinin gündəliyi" əsərində Naxçıvaninin alayının döyüş rəşadətindən də bəhs olunur. 1906-cı ildə leybqvardiya polkunun komandiri olmuş, 1907-ci ildə generel-mayor rütbəsinə layiq görülmüşdür. 1912-ci ildə Naxçıvani 1-ci Əlahiddə süvari briqadasının komandiri idi. Birinci dünya müharibəsində 1-ci və 2-cİ süvari diviziyalarının komandiri olan Naxçıvani alman cəbhəsinin yarılmasında fərqlənmişdir. Rus yazıçısı A. Soljenitsin "14 avqust" romanında yazmışdır: "Peterburq zadəganlarının say-seçmə üzvlərindən ibarət qvardiya süvarilərinə general Hüseyn xan Naxçıvanski komandanlıq edirdi". Birinci dünya müharibəsi cəbhələrində qazandığı qələbələrə və sərkərdəlik məharətinə gorə 1916-cı ildə Naxçıvaniyə tam süvari qoşunu generalı rütbəsi verilmişdİr. Sonralar Cənubi Qafqaz cəbhəsinin komandanı təyin edilmiş, Fevral İnqilabından (1917) sonra hərbi işdən uzaqlaşmışdır. Müqəddəs Georgi ordeninin dörd dərəcəsi ilə, Müqəddəs Vladimir, ikinci dərəcəli Müqəddəs Aleksandr, Müqəddəs Anna, İgidliyə görə, İranın almazla bəzədilmiş 2-ci və 4-cü dərəcəli Şire-Xurşid, zabitlərə məxsus Rumın ulduzu, Avstriyanın Dəmir xaç, Bolqarıstanın Döyüş xidmətlərinə görə ordenləri, dördüncü dərəcəli, bantlı, üstü yazılı qızıl sİlahla təltİf olunmuşdur. Qəbri Sankt-Peterburqdakı Aleksandr Nevski monastrının qəbiristanlığındadır.