Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339-40-1402-ci illər) - mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər allahın Fəzlullahda təcəssüm etdiyinə, onun allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurilər Nəimini Əlincə qalasına qədər təqib etmiş, əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir.