kabel televiziyası dedikdə xarici və yerli kanalların retranslasiyası ilə məşğul olan, yalnız Bakı və Abşeronda, uzağı Sumqayıtda əhaliyə xidmət edən yayım şirkətlərinin fəaliyyəti başa düşülür.

Kabel televiziyasının tarixi

Kabel televiziyasının vətəni ABŞ-ın Pensilvaniya ştatının Maxonoy-Siti şəhərçiyi sayılır. 1948-ci ildə məhz bu şəhərdə televizor satıcısı Con Uolsonun ağlına kabellə telesiqnal ötürmək ideyası gəlir. İnternet resurslarındakı məlumatlara görə, hər tərəfdən dağlarla əhatə olunmuş bu şəhərçikdə o zaman adi antenlə telesiqnalları qəbul etmək mümkün deyilmiş. Bu isə kiçik mağazada televizor satmaqla dolanan Uolsonun bisnesinə ziyan vururmuş. Şəhərə telesiqnallar çatmadığından televizor alan yoxmuş.

İxtisası elektrik olan Uolson şəhər ətrafındakı ən hündür yerdə siqnal dirəyi quraşdırır və oradan mağazaya kabel çəkir. Beləcə, müştəriləri televizor almağa cəlb edə bilir.

ABŞ Konqresi və Milli Kabel Televiziyası Assosiasiyası Con Uolsonu kabel televiziyası sənayesinin yaradıcısı kimi tanıyır. Con Uolson həm də aralıda olan televiziya stansiyalarının yaydığı dalğaları qəbul eləmək üçün mikrodalğalardan istifadə edən ilk kabel operatoru olub. O həm də daha keyfiyyətli görüntü üçün ilk dəfə oxlu kabeldən istifadə edib və ödənişli televiziya proqramlaşdırılmasını paylayıb.

Bu yayımın daha effektli olması onun qısa müddətdə daha da məşhurlaşmasına gətirir. Yeni-yeni kabel sistemi ilə məşğul olan xırda şirkətlər yaranır. 1952-ci ildə ABŞ-ın 14 000 abunəçisinə 70 kabel sistemi xidmət edirdi. Artıq 10 il sonra - 1962-ci ildə təqribən 850 000 abunəçiyə xidmət edən 800 kabel sistemi fəaliyyət göstərməyə başlayır. Bir çoxları iri şəhərlərə qədər genişlənir.

Kənarda olan telestansiyaların yayımının kabel vasitəsilə əhaliyə ötürülməsi bir çox yerli yayımçıların xoşuna gəlmir, bu rəqabət onları narahat eləməyə başlayır. Yayımçılar hökumətdən xahiş edirlər ki, kabel siqnallarının uzaqdan gətirilməsi dayandırılsın. Bu xahişi nəzərə alan Federal Kommunikasiya Komissiyası uzaqda yerləşən telekompaniyaların verilişlərinin siqnallarını qəbul etmək xüsusiyyətinə məhdudiyyət qoyur. Bu “donma” kabel sənayesinə 1972-ci ilə qədər təsir edir, həmin il komissiya bu qadağanı aradan qaldırır.

Bu qadağa əks-təsir də göstərir. Kabel televiziyasının xüsusiyyətinin dəyişilməsinə səbəb olur. 60-cı illərin sonları-70-ci illərin əvvəllərində yalnız yayımla məşğul olan şirkətlər öz veriliş və proqramlarını hazırlamağa, hazır məhsulu yeni bir tezlikdə əhaliyə təqdim etməyə başlayır. Beləlıklə 1972-ci ildə ABŞ-da ilk pullu kabel telekanalı yaranır: Home Box Office (HBO – “ev qutu idarəsi” deməkdir).

Dünya 60 ildən az yaşı olsa da kabel televiziyasını hələ cavan sənaye hesab edir.

Kabel Azərbaycanda

Kabel televiziyası Azərbaycana özünün bəsit formasında daxil olub. Yəni 1950-ci ildə ABŞ-da bu sistem hansı məqsədlə yaranıbsa, elə bizim tamaşaçılara da o cür xidmət etməyə başlayıb. Azərbaycanda kabel televiziyasının tarixini 1997-ci ildən hesablamaq olar. Həmin il "Baku and Boston TV Communication" Məhdud Məsuliyyətli Cəmiyyət xarici telekanalların kabellə yayımının təşkili ilə məşğul olmağa başlayıb.

"B&BTV” 2004-cü il sentyabrın 24-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Cəmiyyətin təsisçisi Əliyev Möhübbət Qəmbər oğludur. Yayım proqramlarının 7,5 faizini dövlət, 92,5 faizini isə xaricdə istehsal olunan verilişlər təşkil edir.

Milli Televiziya və Radio Şurasının 2005-ci il iyulun 27-də "B&B TV Communication" MMC-yə Bakı şəhərində, 2007-ci il aprelin 17-də isə Azərbaycanını bütün ərazilərində efir-kabel yayım fəaliyyəti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verib.

Bu cəmiyyətdən sonra Azərbaycanda digər kabel teleyayımı ilə məşğul olan şirkətlər yaranmağa başlayır.

2006-cı ildən fəaliyyətə başlayan, təsisçisi Samir Telman oğlu Qurbanov olan "AG Telecom" MMC - "CATV" kabel televiziyasına Milli Televiziya və Radio Şurası 2005-ci il avqustun 22-də kabel, efir-kabel televiziya yayımı fəaliyyəti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verib.

Fəaliyyətdə olan kabel yayımçılarından biri də “Ailə TV”dir. "SKY" MMC - "Ailə TV" kabel televiziyası 2006-cı ildə fəaliyyətə başlayıb. Cəmiyyət 2004-cü ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Cəmiyyətin təsisçiləri Quliyev Kamran Fikrət oğlu və Allahverdiyev Fuad Razim oğludur.

Milli Televiziya və Radio Şurası 2005-ci ildə cəmiyyətə kabel televiziyası yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verib.

Daha sonra “NEPTUN” MMC-nin (1999-cu ildə dövlət qeydiyyatına alınsa da, 2006-cı ildə fəaliyyətə başlayıb. MTRŞ 2005-ci ildə kabel televiziyası yayımı üçün 6 il müddətinə xüsusi razılıq verib), “FARAON-1” MMC-nin (2001-ci il dövlət qeydiyyatına alınıb, 2005-ci ildə lisenziya alıb), “DIGICOM” MMC-nin (1999-cu ildə dövlət qeydiyyatına alınıb, 2005-ci ildə lisenziya verilib, 2006-cı ildə fəaliyyətə başlayıb), “NCS” MMC-nin (2002-ci ildə rəsmi qeydiyyata alınıb, 2006-cı ildə kabel televiziyası yayımı üçün 6 il müddətinə xüsusi razılıq alıb, sonradan cəmiyyət adını dəyişərək “Qlobal Telekom” olub), “SN Telekom” MMC-nin (2006-cı ildə yaradılıb və elə həmin il xüsusi razılıq alıb), “Sky Max” MMC-nin “2007-ci ildə yaradılıb, elə həmin il fəaliyyəti üçün lisenziya alıb), “AzHİNet” (Azerbaijan Home Information Networks) MMC-nin (2003-cü ildə dövlət qeydiyyatına alınıb, 2006-cı ildə isə cəmiyyətə kabel televiziyası yayımı üçün 6 il müddətinə xüsusi razılıq verilib), “AN Media" ММC-nin (2006-cı ildə yaradılıb, elə həmin il ona lisenziya verilib) adlarını çəkə bilərik.

Eyni zamanda “Azad Azərbaycan” Teleradio Şirkətinin də kabel yayımı ilə məşğul olmaq icazəsi var. 2007-ci ildə Milli Televiziya və Radio Şurası şirkətə kabel, efir-kabel televiziya yayımı fəaliyyəti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verib.

Kabel televiziyasına lisenziya lazımdırmı?

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı hesab edir ki, yox. Çünki kabel televiziyası adi telekanal kimi yayımçı deyil, sadəcə, ötürücüdür, xarici, ya da yerli telekanalı yayımçıdan alıb tamaşaçıya ötürür: “Lisenziya yalnız radio-televiziya məhsullarının yayımçıları üçün nəzərdə tutulur. Lisenziyanın tələb olunması isə o deməkdir ki, bunu ondan ala da bilərlər. Məsələ burasındadır ki, kabel televiziyalarının fəaliyyətini tənzimləyən ayrıca qanun yoxdur. Halbuki “Teleradio yayımı haqqında” qanunda bu barədə tələb qoyulur ki, ayrıca qanun qəbul olunsun”.

Rəşid Hacılı deyir ki, kabel televiziyasının inkişafı ölkədə media azadlığını təmin etmək üçün əlverişli vasitədir, amma bu sahə hələ çox zəifdir: “Kabel televiziyasının inkişafı çoxlu sayda televiziyaların, radioların ortaya çıxmasına, nəticədə daha çox plüralizmin yaranmasına, media azadlığının genişlənməsinə səbəb olar. Bu, medianın imkanlarını qat-qat artırır. Odur ki, kabel televiziyasının inkişaf etməsi, bu sahəyə investisiya cəlb olunması bütünlükdə medianın inkişafı deməkdir”.

Televiziya mütəxəssisi Zeynal Məmmədli deyir ki, Azərbaycanda yaşayanların hamısı kabel televiziyasına çıxa bilmirlər. Birincisi, ona görə ki, yayım əsasən Bakıdadır, o da paytaxtın hər yerini əhatə etmir, ikincisi, bu vasitə o qədər də məşhurlaşmayıb: “Üçüncüsü, bu sahə inhisardadır, inhisarda olan bir quruma hökumətin nəzarəti daha çox olur. Odur ki, bu kabel televiziyaları da hökumətin maraqlarına uyğun gəlməyən proqramlar hazırlayan efir qurumlarının verilişlərini yaymayacaq”.

Fəal kabel “retranslyasiyaçılar”ı

Bunların sayı çox məhduddur: Cənubi Qafqaz üzrə yayım hüququ əldə edən “B&B TV” abunəçilərinə yalnız 4 tarif paketi təqdim edə bilir. Bu barədə “Media forum”a danışan menecer Samir Mahmudov deyib ki, 70, 95, 118 kanallı paketləri var. Ayrıca bir tarif paketində isə 2 kanal var ki, onların qiyməti 10 manatdır.

“B&B TV” Bakı ilə barabər Abşeron rayonlarının, Sumqayıtı əhatə edə bilir. Lakin menecer abunəçilərinin ümumi sayı barədə hər hansı məlumat vermə istəməyib: “Sayını deyə bilmərəm, amma onlar kifayət qədərdir”.

S.Mahmudov bildirib ki, onların yayım texnologiyası MMDS-dir: “Yəni müştəri evdə - ya binanın damında, ya eyvanda anten quraşdırır, o antendən deko-kabel çəkilir. Yəni abonentin evinə hansısa kabel çəkilmir. Müştəri kanalları həmin quraşdırılmış anten vasitəsilə, seçdiyi tarif üzrə izləyir”.

Menecer bildirib ki, onların şirkəti yalnız kabel efir yayımı yaya bilər: “Bizə yalnız belə bir lisenziya verilib. İcazə retranslasiya görə verilib. Bizim bir kanal yaymaq ixtiyarımız var – “B&B canel”. Ancaq filmlər yayımlayır. Şoular, xəbərlər yaymaq üçün böyük resurslar lazımdır. Hazırda biz o barədə düşünmürük”.

Bakıdakı digər kabel televiziyalarından birinin - CATV-in mətbuat xidmətinin rəhbəri Hüseyn İsmayılbəyli deyir ki, indi onların yayımı paytaxtın 70 faizini əhatə edir: “Sumqayıtda da filialımız var. Hələlik biz iri yaşayış massivlərini əhatə edirik. Hesab edirəm ki, qiymətlər də münasibdir. Bir ay üçün abunə haqqı 9 manatdır”.

Hazırda CATV öz yayımını rəqəmsal texnologiyaya keçirmək istəyir və bu istiqamətdə xeyli iş görüldüyünü deyən H.İsmayılzadənin sözlərinə görə, hazırda abunəçilərinə 61 kanal təqdim edirlər: “Amma rəqəmsala keçdikdən sonra onların sayını 140-a çatdıracağıq. Bizdə cəmi bir tarif, bir də iki kodlaşdırılmış televiziya var. Amma rəqəmsal yayıma keçdikdən sonra tarif paketlərimizdə dəyişiklik edəcəyik”.

H.İsmayılbəyli onu da bildirib ki, CATV proqram istehsalı ilə məşğul olmağa imkanı yoxdur: “Bunun üçün bir çox hazırlıq keçməli, eyni zamanda bunun üçün maddi baxımdan imkanlar geniş olmalıdır. Amma rəqəmsal yayıma keçdikdən sonra hər tarifimizə bir kanal əlavə olunacaq. Bu, “İnfocanel” olacaq. Bizim şirkətin öz kanalıdır. Yalnız burada şirkətlə bağlı abunəçiləri maraqlandıran informasiyalar əldə ediləcək. Kabel televiziyazlarının proqramları, şirkətdə olan yeniliklər barədə məlumatlar veriləcək. Sırf abunəçilərə xidmət göstərəcək”.

Bəs kabel telekanalı nə deməkdir?

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov hesab edir ki, kabel televiziyası adi televiziyalardan fərqli olaraq daha effektli, daha maraqlı, daha rəngarəng, müəyyən auditoriyaya bölünmüş proqramları efirə çıxarır: “Amerikada yüzlərlə telekanal var ki, hazırladıqları verilişləri tamaşaçıya pulla satır. Onların gəlirləri daha çox olduğuna görə hazırladıqları verilişlər daha effektli, yüksək səviyyəli olur. Pullu kanallarda tok-şoular var ki, açıq efirdə olan verilişlərdən daha maraqlı keçirilir. Kabel televiziya sahibkarları daha çox maraqlı olurlar ki, onun yaydığı kanallar baxımlı olsun. Belə olduqda daha çox və daha keyfiyyətli verilişlərin meydana çıxmasına şərait yaranır”.

F.Kazımov onu da bildirir ki, kabel vasitəsilə yayımlanan pullu kanalların verilişlərinə tamaşaçılar ona görə daha maraqla baxır ki, proqramlararası reklamlar olmur. Yəni adi maliyyəsi reklamdan olan televiziya kanallarında bir filmə baxmaq iki saata qədər vaxt tələb edirsə, pullu kanallarda bu 1 saat 15 dəqiqə, yaxud daha az vaxta başa gəlir: “Abunə haqqını ödəməklə tamaşaçı adi telekampaniyaların reklam gəlirlərini kompensasiya etmiş olur. Amerikada belə telekanallarda verilişlərarası reklam yoxdur, bir verilişə, filmə davamlı, reklam fasiləsi olmadan baxılır. Bu, tamaşaçılar üçün rahat formadır”.

Mərkəz direktoru hesab edir ki, Azərbaycanda televiziyanın böyük problemləri var: “Proqramlara, verilişlərə investisiya qoyulmur. İnanmıram ki, bu qədər tezliklə Azərbaycanda pullu, yaxud əsl kabel televiziyası yaransın. Bunun üçün təkmil biznes layihə işlənməlidir ki, həmin veriliş yüksək keyfiyyətlə hazırlansın. Yüksək səviyyəli verilişlərin yayımlanması kabel televiziyasının reytinq göstəricisidir”.

F.Kazımov digər televiziya mütəxəssislərindən fərqli olaraq hazırda yalnız retranslasiya ilə məşğul olan kabel televiziyaları ilə bağlı qanunvericiliyin olmasını vacib hesab edir: “Bu sahəyə aid qanun olarsa, kabel televiziyası ilə bağlı prosesləri stimullaşdıra bilər. “B&BTV” yarandığı gündən rəqəmsal sistemdə fəaliyyət göstərir. Amma ondan çox sonralar yaranan digər kabel televiziyaları isə analoq sistemlidirlər. Onların yayımı o qədər də effektli deyil. Çünki bu onların fəaliyyətlərinə qoyulan az investisiya ilə bağlıdır. “Ailə”, “CATV” indi rəqəmsal sistemə keçməyə başlayıb. Əgər qanunda yazılsa ki, kabel televiziyası yalnız rəqəmsal texnologiya ilə yayımlanmalıdır, onda analoq sistemli kabel televiziyaları olmayacaqdı. Rəqəmsal texnologiyanın üstünlüklər həddindən artıqdır. Məsələn, tamaşaçı digər kanalda hansı verilişin, hansı filmin getdiyini bilir, yaxud bundan sonra hansı veriliş yayımlanacaq. Orada oyunlar və bir çox imkanlar var. Bu qanunvericilik kabel texnologiyası üzrə püxtələşərsə, yeni texnologiya bu sənəddə öz əksini tapmalıdır”.

Mütəxəssisin sözlərinə görə, artıq dünyada yeni yayım növü inkişaf etməkdədir. Bu internet televiziya yayım növüdür: “Dünyanın əksər ölkələrində belə televiziyalar var ki, onların verilişləri internetdə canlı, sərbəst olaraq yayımlanır. Bu, həm texnikanın inkişaf eləməsi, həm də dünyada internet resurslarının daha da ucuzlaşması ilə əlaqədardır. Məsələn, AzTV, İTV öz verilişlərini canlı yayımlayır. Artıq nə peyk, nə yerli, nə də kabellə yayım lazımdır. Həm çox ucuz, həm də çox asan yayım növüdür. Hesab edirəm ki, bu məsələ də qanunvericilikdə nəzərə alınmalıdır. Biz hansısa baş vermiş proseslə bağlı qanun qəbul eləməməliyik. Qanunlar həmçinin ən azı 5-7 il sonranı qabaqlamalıdır. Problem olmamış, yaranmamış həmin məsələ həll olunmalıdır. Dünya, texnologiya inkişaf edir, gələcək problemləri həll edəcək qanunvericilik yaratmalıyıq”.

Azərbaycanda yayımçı kabel televiziyasının olmamasının səbəblərinə dair sualı cavablandıran Zeynal Məmmədli isə hesab edir ki, bütün bunların kökündə tele və radio yayımı ilə bağlı ciddi nəzarətin olmasıdır: “Nəzarəti gerçəkləşdirən hökumətdir. Bunu isə teleradionun həssaslığı ilə əsaslandırır ki, bundan yanlış istifadə gənc olan bir ölkənin sabitliyini pozar. Bu əsaslarla teleradionun nəzarətini öz əlində saxlayır. Əgər yayımçı şirkətin fəaliyyəti lisenziya yolu ilə gerçəkləşdirirsə, deməli, öz müstəqil yayım hüququnu da qazanmalıdır”.

Z.Məmmədlinin fikrincə, ölkədə teleradio yayımçılarının fəaliyyəti daraldıqca, hətta yeni yayımçılar ortalığa çıxsa da, onlar hakimiyyətin hansısa qolunun monopoliyasında olacaq, ölkədə ictimai maraqlı yayımçıların fəaliyyəti normallaşmayacaq: “Düşünürlər ki, sadəcə, xarici telekanalların Azərbaycan ərazisində yayımını təşkil edən, retranslasiya ilə məşğul olan 3-4 şirkətə lisenziya vermək kifayətdir. Amma bunun arxasında siyasi maraqlardan əlavə kommersiya maraqları da var. Deməzdim ki, hazırda kabel televiziyasının özünün inkişaf etməsi üçün münbit şərait var. Statistika üçün bildirilir ki, bu qədər kabel televiziyasına lisenziya verilib. Amma reallıqda onlardan 3-4 aktiv fəaliyyətlə məşğuldur. Əgər Milli Teleradio Şurası həqiqi nəzarəti yerinə yetirirsə, nə üçün onlar arasında təmiz rəqabət üçün şərait yaranmır? Yəni fəaliyyətsiz kabel televiziya şirkətlərinin lisenziyaları niyə geri alınmır? Ümumiyyətlə, kabel televiziyalarına dövlət güzəşt edə bilərmi ki, onlar ictimai yayımları, xəbərləmək, bilgi gətirən kanalları və sairləri tamaşaçılara çatdırsınlar?

Kabel televiziyalarının yaydıqları xarici kanalların monitorinqi keçirilsə, aydın olacaq ki, əksəriyyət sırf kommersiya, əyləncə xarakterlidir. Bu halda istər-istəməz maraqlanırsan ki, Azərbaycanın yerli televiziyaları bu halda bazar perspektivi qazanır, ya yox. Mən deyirəm ki, əlbəttə, itirir. Adi araşdırma aparılsa, bilinər ki, hər ay Azərbaycanın yerli televiziyalarının potensial seyrçilərinin sayı azalır”.

Z.Məmmədli hesab edir ki, Azərbaycanda kabel televiziyası ilə bağlı belə bir mənzərə var: “Hər hansı şirkət ordan-burdan telekanal dəsti düzəldir, onu tamaçasıya satır və pul qazanır. Hələ ki, Azərbaycanda kabel televiziyasında bu vəziyyətdir. Kabel televiziyasının hazırda dünya üzrə əsas funksiyasi - ictimai funksiya hələ Azərbaycana gəlib çatmayıb”.

Kabel televiziyasının inkişafına dair strategiya

İyulun 16-da Milli Televiziya və Radio Şurası belə bir strategiyanı, hazırladığı “Kabel televiziyası sahəsində fəaliyyət qaydaları” layihəsini müzakirəyə çıxardı. MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov “Media forum” saytına açıqlamasında bildirib ki, bu layihədə kabel televiziyalarının təsnifatı, kabel televiziya şirkəti ilə abunəçilər arasındakı münasibətlər, tərəflərin vəzifə və hüquqları öz əksini tapıb: “Yəni kabel televiziyası ilə bağlı hüquqi məsələlər bu layihədə tənzimlənir. Bu layihə müzakirəyə çıxarılıb və qərara alınıb ki, yenidən işlənilsin. Normativ hüquqi aktlara uyğunlaşdırılsın”.

T.Məmmədovun sözlərinə görə, bu qaydalarda yeni heç nə yoxdur: “Sadəcə, kabel televiziyaları ilə bağlı hüquqi akt yox idi. Qəbul olunub ki, belə bir sənədə ehtiyac var. “Teleradio yayımı haqqında” qanunda hansı tələblər varsa, burada da öz əksini tapacaq”.

Sədr köməkçisi hesab edir ki, hazırda fəaliyyətdə olan kabel televiziyalarının gələcəkdə öz verilişləri hazırlamaq və yaymaq imkanları olacaq: “Bizim kabel televiziyalarının maddi texniki bazası çox aşağı səviyyədədir. Ona görə də onlar verilişlər, proqramlar hazırlamaq imkanına malik deyillər. Onlar fəaliyyətlərini yalnız retranslasiya etməklə bitmiş hesab edirlər. Özü veriliş hazırlayıb yaymaq istəyən kabel teleşirkəti bu istiqamətdə lisenziya almaq üçün şuraya müraciət eləməlidir. Şura artıq qeydiyyatdan keçən qurumlardan bəzilərinə xarici və yerli kanalların retranslasiyası üçün lisenziya verib. Bəziləri həm də öz proqramlarını yaymaq üçün efir-kabel yayımı hüququ alıb. Bütün yayımçılara şamil olunan tələblər – Azərbaycan vətəndaşı olması, ali təhsilli olması və sair şərtlər kabel televiziyası yaradanlara da aiddir”.

T.Məmmədov hazırda kabel televiziyası ilə bağlı müraciətlərin dayandırıldığını deyib: “Hesab olunur ki, kabel televiziyası ilə bağlı qanun qəbul olunandan sonra onlara lisenziya verilməsi məsələsinə baxılacaq. İndiki halda bilinmir ki, onlara necə lisenziya verilsin. Müsabiqə yolu ilə, yoxsa başqa üsulla. “Teleradio yayımı” haqqında qanunda göstərilir ki, kabel yayımı ayrıca qanunla tənzimlənir. Ona görə də həmin qanunun qəbul edilməsi gözlənilir”.

Sədr köməkçisi onu da bildirib ki, şura belə bir qanunla bağlı heç bir təklif verməyib və belə bir qanunu hansı qurum, yaxud şəxsin hazırlaması barədə məlumata malik deyil.