Axtardığınız dost...

Hava yağışlıdır, göy üzü buludlarla örtülüb. Günəş bütün işini-gücünü buraxıb getmək istəyir sanki... Hər yağışlı havada olmasa da, bu dəfə əhvalınız heç yerində deyil. Göy üzünün bədbinliyi ürəyinizə çöküb...
İnsan belə vaxtlarda bir dostu işə görüşmək, kədərini dağıtmaq istəyir. Ancaq biri ilə görüşmək, bir fincan qəhvənin istisində söhbət edib dərdini bölüşmək üçün elə də münasib bir vaxt deyil. Çarəsiz telefona uzanır əlləriniz. Telefonun yaddaşını açıp adlara baxırsınız. Aybəniz, Aynur, Aysel, Aişə... Adlar bir-birinin ardınca düzülüb, ancaq içinizdən keçən ad deyil heç biri. Necə deyərlər, səsi ilə nəfəsi ilə ürəyinizi açacaq, könlünüzə fərəh gətirəcək birini axtarırsınız. Əslində onların hər birinin iptal nömrələrini telefonunuzun yaddaşına yazmağa layiq görmüsünüzsə, tanışınızdır. Ancaq nədənsə sizi “mənə zəng elə, zəng etmək istədiyin adam mənəm”, - deyə çağırmır heç biri... Davam edirsiniz. Kəmalə, Leyla, Mehriban, Nalan... yox, yenə də alınmadı. Yenə də tapa bilmədiniz. Nərminə, Nuriyyə, Sürəyya, Suzanna... Yoxsa? Sizin heç dostunuz yoxdur? Təkidlə axtarırsınız. Kimsə var və mütləq olmalıdır. Yenə düymələrə basır barmağınız hirsli-hirsli...
Budur, axır ki, tapdınız. Axtardığınız adamı axır ki, tapdınız. Sanki çoxdandır itirdiyiniz qiymətli xəzinəni qaytardılar sizə... Konturunuza belə heyfiniz gəlmədən zəng elədiyiniz bu adam kimdir görəsən? Əslində bizim üçün onun kim olması yox, necə olması vacibdir. Danışıb telefonu yerinə qoyduqdan sonra dodaqlarınıza xoş bir təbəssüm qonduran, dostluğunu hiss edib sevindiyiniz o adam kimdir görəsən?
Dayanın, deyəsən mən bilirəm. Məşhur biri deyil əminəm. Çünki belələri çox vaxt məşğul olurlar və onun-bunun əhvalını düzəltmək üçün çox da maraqlı deyillər. Çox danışan biri də deyil, çünki insan çox danışan, boşboğaz tiplərə ürəyini açmaqdan çəkinir. Çünki nəticədə bütün dost-tanışlarınızın arasında reklam ola bilərsiniz.
Varlı və ya dünya gözəli olduğunu da düşünmürəm, birinin saymağa pulları, o birinin saatlarla qarşısında oturmağa aynası var...
Tez hövsələdən çıxan, özünü-sözünü bilməyən biri də deyil. İllah da belə bir vaxtda özünüzü riskə atacağınızı güman etmirəm.
Məncə... Bir az səssiz, sakit biridir o. Ətrafındakı insanların diqqətini həmişə cəlb etməyən, ancaq lazım olanda, məsələn, belə çətin vaxtlarda işə yarayan insandır...
Ancaq təkcə sakit olmağı kifayət deyil. Bu sakitlik onun kamilliyindən, təmkinliyindən irəli gəlməlidir. Siz dərdinizi danışdıqca ağzından ürəyinizə fərəh verə biləcək sözlər tökülməlidir. Səbirli olmalıdır. Onu həmişə söyəni dilsiz, döyəni əlsiz görməlidir insanlar. Ona daş atanlara güllə cavab verməlidir. Yox, xəyal deyil bu dediklərim. Ətrafınızda var belə fədakar ruhlar...
Hələ bir yağış yağsın, ürəyiniz bir dost söhbəti istəsin, onda sizə özünü hiss etdirər o... Hə, yeri gəlmişkən, siz də yağışlı bir gündə yada düşən bir dost oldunuzmu heç?..

Sümeyra Irmak