Müsavat, AXCP, ALP, Vətəndaş və İnkişaf partiyaları və “Azərbaycan naminə” İctimai Forumun iştirakı ilə yaranan müxalifətin əməkdaşlıq mərkəzi dünən Bakının işğaldan azad edilməsinin 90 illiyi münasibətilə tədbirlər keçirdi. İlk tədbir saat 12-də Şəhidlər Xiyabanında türk əsgərinin şərəfinə ucaldılmış abidənin qarşısında düzənləndi. Abidənin önünə müxalifət adından əklil qoyuldu. Müxalifətin əməkdaşlıq mərkəzinin liderləri İsa Qəmbər və Əli Kərimli abidənin önündə çıxış etdilər. Hər iki siyasətçi 15 sentyabrın Azərbaycan tarixində ən möhtəşəm hadisələrdən biri olduğunu bildirdi. Qeyd olundu ki, Bakının işğaldan azad olunması-15 sentyabr Azərbaycanda dövlət bayramı kimi keçirilməlidir.

Müxalifətin əməkdaşlıq mərkəzinin təşkilatçılığı ilə növbəti tədbir saat 14-də Müsavat Partiyasının qərargahında keçirildi.
Müsavat Partiyasının başqanı İsa Qəmbər iştirakçıları və bütün xalqımızı tarixi gün münasibətilə təbrik etdikdən sonra 15 sentyabr hadisəsinin dövlət səviyyəsində qeyd olunmasının vacibliyindən danışdı. İsa Qəmbər bildirdi ki, demokratik qüvvələrin hər il bu günü qeyd etməsi öz bəhrəsini verməkdədir: “Müsavat Partiyası, Xalq Cəbhəsi bu günlə bağlı tədbirlər keçirməyə başlayanda diskussiyalar sanki sıfırdan başlamışdı. Bir çox həqiqətlər ilk dəfə səslənirdi. Tədricən diskussiyalar dərinləşdi, çox şeylər aydınlaşdı və cəmiyyət tərəfindən qəbul olundu. Artıq ictimaiyyət 15 sentyabrı geniş şəkildə qəbul edir, bu günün dövlət bayramı kimi keçirilməsi istiqamətində təşəbbüslər də artır. Əminəm ki, bu da reallaşacaq. 15 sentyabrda türk əsgərləri-mən türk əsgəri deyərkən, həm də Azərbaycan Milli Ordusunun əsgərlərini nəzərdə tuturam-Bakını azad edəndə, bununla həm istiqlalımızı xilas etdilər, həm dövlətimizin əbədi yaşayacağını rəsmiləşdirdilər, həm Azərbaycan xalqını qırğınlardan qurtardılar, həm də dünyaya türk birliyini nümayiş etdirdilər”.
İsa Qəmbər vurğuladı ki, Azərbaycan paytaxtının işğaldan azad edilməsindən 90 il keçib, amma Bakı yenə də dünyanın diqqət mərkəzindədir: “Yenə də bəşəriyyətin tarixinin necə olacağı xeyli dərəcədə Cənubi Qafqazdan, Azərbaycandan, Bakıdan asılıdır. Bizlər, xalqımız bu missiyanı sonuna qədər dərk etməlidir. Bu torpağa sadəcə bir ərazi kimi baxmayaq. Bu gün Türkiyənin bölgədəki siyasəti ilə bağlı Azərbaycan ictimaiyyətində müəyyən narahatlıqlar yaranıb. Bu, əbəs deyil. Türkiyənin xarici siyasət kursunda yeniliklər olanda təbii ki, suallar yaranır. Biz Türkiyəyə, özümüzə inanmağı bacarmalıyıq. Mən əminəm ki, Türkiyənin Qafqaz siyasətinin fəallaşması Azərbaycana fayda gətirəcək. Ancaq təbii ki, biz də prosesi diqqətlə izləməyi bacarmalıyıq”.
AXCP sədri Əli Kərimli 15 sentyabrın Azərbaycan tarixinin ən əlamətdar günlərindən biri olduğunu bildirdi: “Tariximizin ən əlamətdar günü 28 Maydır. Amma 15 sentyabr 28 May qədər olmasa da, onunla müqayisəyə yaxın bir tarixdir. Çünki 28 Mayda bizim istiqlalımız Tiflisdə elan olundu, sonra isə Xalq Cümhuriyyətinin hökuməti Gəncəyə yerləşdi. Azərbaycan paytaxtı Bakı isə düşmən əlindəydi. Əgər Bakı azad edilməsəydi, elan olunmuş istiqlalımız öz məqsədlərinə yetişə bilməzdi. Bu tarix bütün türklərin çiyin-çiyinə mübarizəsinin ortaya qoyulduğu gündür. Bakının bu şəkildə azad olunması bizim gerçək qardaşlığımızın ən yaxşı sübutu oldu. Bakının işğaldan azad olunmasının 90 illiyi maraqlı proseslərin getdiyi dövrə təsadüf edib. Bir sıra addımlara görə Azərbaycan cəmiyyətində Türkiyəyə münasibət yenidən müzakirə mövzusu olub. Amma ziyarət etdiyimiz abidə bizə bir xalq olaraq hər gün xatırlatmalıdır ki, bizim münasibətlərimiz hökumətlərin fövqündədir. Bu, qardaşlıq münasibətidir. Kimin nə yanlış yapmasından asılı olmayaraq bu münasibətlərə xələl gəlməməlidir. Cənubi Qafqaz 90 il öncə olduğu kimi bu gün yenidən qaynayır. Bu bölgənin taleyinin müəyyənləşməsi uğrunda mücadilə yenə də davam edir. Deməli, müstəqilliyimizin qorunması bu günün də ən aktual mövzularındandır. Azərbaycan cəmiyyəti bir xeyli dərəcədə arxayınlaşmışdı. Gürcüstan ərazilərini işğal etməklə Rusiya bizə xatırlatdı ki, narahat olmağa əsaslar var. Necə ki, 90 il əvvəl Azərbaycan dövlətini qurub ona rəhbərlik edənlər situasiyaya qiymət verib müttəfiqlərini düzgün seçməklə Bakının işğaldan azad olunmasına, Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmuşdular, indi də istiqaməti düzgün seçməklə ölkənin müstəqilliyinə, təhlükəsizliyinə təminat yaratmaq olar. Azərbaycan hökumətinə xatırlatmaq lazımdır ki, dövlət maraqları kürsü maraqlarından önə keçməlidir. Azərbaycan bu gedişlə hər cür təhdidlər üçün açıq qalır. O açığı qapatmaq üçün birmənalı siyasət olmalıdır. Azərbaycan bundan sonra da Türkiyə ilə eyni təhlükəsizlik məkanında olsun”.
Professor Cəmil Həsənli 15 sentyabrı millətin öz paytaxtına qovuşduğu gün olaraq xarakterizə etdi: “Bu hadisə həm siyasi, həm iqtisadi, həm coğrafi, həm də mənəvi baxımdan dəyərləndirilməlidir. O dövrkü hadisələrə lokal bir ərazi məsələsi kimi baxmaq olmaz. Bakı uğrunda mübarizə I Dünya müharibəsinin əsas səhnələrindən biri idi. Müharibə aparan bloklar son mərhələdə Bakı uğrunda mübarizəyə başlamışdılar. Bakı neftinin kimin əlində olması dünya müharibəsində qələbəyə təsir edən amilə çevrilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Gəncəyə gəldikdən sonra qarşısına qoyduğu bir nömrəli vəzifə Bakının azad edilməsi idi. Bəzən Xalq Cümhuriyyətindən çox şey umanlar bir şeyin fərqində olmurlar ki, bu hökumət 4-5 ay vaqon-kabinetdə fəaliyyət göstərmək məcburiyyətində qalıb. Qoşun Bakıya doğru irəlilədikcə həmin vaqon-kabinet də Bakıya doğru irəliləyirdi. Azərbaycanın siyasi, mənəvi taleyi ilə bağlı bir çox fərmanlar, sərəncamlar var idi ki, hökumətin oturduğu vaqon-kabinetdə verilmişdi. Belə bir şəraitdə türk ordusu doğrudan da qəhrəmanlıq göstərdi. Maraqlıydı ki, dünya müharibəsinin sonunda bütün cəbhələrdə uduzan Osmanlı ordusu Bakıda zəfər çaldı. Bu, Osmanlı ordusunun son zəfəri idi. Bakı uğrunda ən güclü hesab olunan Çanaqqala ordusu vuruşurdu ki, buda Bakıya verilən əhəmiyyətlə bağlı idi. Tarixin son dərəcə nadir nümunəsidir ki, sülalə dövlətindən, imperiya dövlətindən yardım alıb cümhuriyyət qurasan. Bunu Azərbaycanın ovaxtkı milli hakimiyyəti edə bildi. Bakı ona görə məhz sentyabrın 15-də azad edildi ki, həmin gün Qurban bayramı idi. Müsəlmanlar müqəddəs bayramı öz şəhərlərində qeyd etməliydilər. Bu, türk-islam ordusunun strateji planına daxil idi. Bu plan qəhrəmanlıqla həyata keçirildi. Ermənilər və digər düşmən qüvvələr yalnız liman vasitəsilə qaçıb canlarını qurtara bilmişdilər. Bakıda sentyabrın 15-də Qurban bayramı qeyd edilmişdi. Həmin gün Türkiyədə iki qurban kəsilirdi. Biri Qurban bayramı, digəri isə Bakının azad edilməsi münasibətilə”.
Yazıçı-publisist Mehriban Vəzir şifahi tarixçələr nümunəsi qismində maraqlı və indiyə qədər cəmiyyətin bilmədiyi faktlardan danışdı: “Türk ordusuna komandanlıq edən Nuru Paşa Şuşaya daxil olduqdan sonra mənim babamın evində gecələyirmiş. Nuru Paşa Azərbaycan uğrunda cani-dildən mübarizə aparırmış. O, gün ərzində heç nə yemirmiş. Sutkada bir dəfə-axşam evə gələndə yemək yeyirmiş. Həyatını Azərbaycanı düşmənlərdən təmizləməyə həsr edibmiş. Türk millətinin qəhrəman oğlları ilə bütün türk dünyası qürur duymalıdır”.
Müsavatçı alim Almaz Əliqızı Bakı uğrunda döyüşlərdə şəxsən onun babasının döyüşdüyünü xatırlatdı və bununla fəxr etdiyini bildirdi.
ADP sədri Sərdar Cəlaloğlu Azərbaycan dövlətinin 15 sentyabrı rəsmi dövlət bayramı kimi təqvimə qeyd etməsinin vacibliyindən danışdı: “Bu tarix, qəhrəman türk əsgərlərinin Azərbaycandakı məzarları türk birliyinin simvoludur”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, Nuru Paşa Azərbaycanda layiq olduğu qiyməti almalıdır: “Onun Bakının ən möhtəşəm yerində abidəsi qoyulmalıdır”.
Millət vəkili Pənah Hüseyn bildirdi ki, Türkiyədə hələ də elə qüvvələr var ki, Nuru Paşanın və Ənvər Paşanın ovaxtkı addımını macəraçılıq, Türkiyəyə xəyanət kimi qəbul edirlər: “Azərbaycan bu cür yanlış rəylərin aradan qalxmasına yönələn addımlar atmalıdır”.
Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan qeyd etdi ki, 15 sentyabr olmasaydı, 1991-ci il 18 oktyabrda qəbul etdiyimiz müstəqillik də olmayacaqdı: “Biz Türkiyə ilə həmişə bir yerdə olmalıyıq”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə vurğuladı ki, sentyabrın 15-də Bakının azad edilməsi ilə Azərbaycan dövləti öz başını bərpa etdi.