BDU rəhbərliyindən Məhəmməd Əmin Rəsulzadəyə hörmətsizlik

Tələbələrin ulu öndərin universitetin həyətindəki xatirə daşı qarşısına qoyduğu əklil götürülüb


Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin Məmməd Əmin Rəsulzadənin xatirə daşı qarşısına əklil qoymasına icazə verilməyib. Mayın 23-də müxtəlif fakültələrdə təhsil alan bir qrup tələbə universitet ərazisində yerləşən xatirə daşı qarşısına əklil qoyub. Onlar bunun Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümü ilə əlaqədar olduğunu bildiriblər. Lakin az keçməmiş bir qrup şəxs əklili xatirə daşının qarşısından götürüb. Onlar bunu universitet rektorluğunun tapşırığı ilə etdiklərini bildiriblər. Tələblər «Azadlıq» radiosuna deyiblər ki, onlar hər il Xalq Cümhuriyyətinin yarandığı gün-mayın 28-də xatirə daşı qarşısına əklil və gül dəstələri qoysalar da, universitet rəhbərliyinin göstərişi onları dərhal götürürlər.
Məsələyə aydınlıq gətirmək üçün adıçəkilən universitetin rektoru Abel Məhərrəmovla əlaqə saxladıq. Bizimlə söhbətində rektor hadisədən xəbərsiz olduğunu söylədi: «Mənim bunlardan xəbərim yoxdur. Bilmirəm ki, bu əklili kim götürüb və bunun xəbərini kim yayıb. BDU-da 18 min tələbə oxuyur və onların hərəsi bir avaz çalır. Əsas odur ki, bizim Rəsulzadəyə böyük hörmətimiz var və hər zaman onun xidmətlərini qürurla qeyd edirik».
Hadisəyə münasibətinə gəlincə, A.Məhərrəmov bildirdi ki, bu xoşagəlməz haldır: «Elə bu gün biz Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı tədbir keçirmişik. Necə ola bilər ki, belə hərəkət edək». Bununla belə rektor bildirdi ki, BDU-nun həyətində Məmməd Əmin Rəsulzadənin heykəlinin qoyulması məsələsi də gündəmdədir.
Bakı Dövlət Universiteti 1919-cu ildə Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə yaradıldığından bir müddət bu ali təhsil müəssisəsi onun adını daşıyırdı. 1992-ci ildə Rəsulzadəyə abidə ucaltmaq məqsədi ilə universitetin qarşısında xatirə daşı qoyulub. Lakin sonradan Rəsulzadənin adı universitetdən ləğv edilib.