Tələbə qəbulu qaydalarında yenilik.

Gələn ildən I, II və III ixtisas qruplarında bütün xarici dil fənləri üzrə nisbi bal məhdudiyyəti tətbiq ediləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edib. Bu dəyişikliklərdən biri abituriyentlərin xarici dil kimi seçdiyi fənlərlə bağlıdır. Digəri isə bəzi ixtisaslarda xarici dil fənləri üzrə nisbi bal məhdudiyyətinin tətbiq dairəsinin genişləndirilməsini nəzərdə tutur.

Komissiyadan Lent.az-a bildiriblər ki, 2010-2011-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında xarici dil fənni kimi I və II ixtisas qruplarında ingilis, alman, fransız , rus, III ixtisas qrupunda isə ingilis, alman, fransız, rus, ərəb və fars dilləri nəzərdə tutulmuşdur. I, II və III ixtisas qruplarında bütün xarici dil fənləri üzrə nisbi bal məhdudiyyəti tətbiq ediləcək.

Xatırladaq ki, indiyədək II və III ixtisas qruplarında imtahan verən abituriyentlərə xarici dil kimi rus dilini seçmək hüququ verilmirdi. Lakin göründüyü kimi, növbəti qəbul imtahanlarında həmin qruplar üzrə ixtisaslara sənəd verən abituriyentlər xarici dil kimi rus dilini də seçə bilərlər.

Elxan SALAHOV