Bu Qanun dövlət borcalmalarının həyata keçirilməsini və dövlət zəmanətlərinin verilməsini, habelə dövlət borcunun idarə olunmasında iştirak edən subyektlər arasındakı münasibətləri tənzimləyir.

Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:
1.1. dövlət borcu - Azərbaycan Respublikası adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc;
1.2. daxili dövlət borcu - Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;
1.3. xarici dövlət borcu - Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;
1.4. dövlət zəmanəti – əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verilmiş öhdəliyi üzrə borcunun tam məbləğdə və ya qismən ödənilməsinə dair Azərbaycan Respublikasının öhdəliyi;
1.5. dövlət borcalması – Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri tərəfindən qaytarılma şərtləri borcverənlə razılaşdırılmaqla müəyyən müddətə maliyyə vəsaitinin cəlb edilməsi;
1.6. dövlət borcunun və dövlət zəmanətinin reyestri - dövlət borcunun və dövlət zəmanətinin uçotu və idarə olunması məqsədilə bu Qanunla müəyyənləşdirilmiş qaydada aparılan reyestr;
1.7. əsas borcalan – dövlət zəmanəti verilmiş öhdəlik üzrə borclu olan hüquqi şəxs;
1.8. istifadəçi – dövlət borcalmaları yolu ilə alınmış və qaytarılması dövlət büdcəsi hesabına nəzərdə tutulan borc vəsaitindən təkrar müqavilə əsasında istifadə edən hüquqi şəxs və ya dövlət orqanı;
1.9. təkrar müqavilə - müvafiq icra hakimiyyəti orqanı ilə əsas borcalan, istifadəçi və ya təkrar borcalan arasında bağlanılan, dövlət borcalmaları və /və ya dövlət zəmanəti ilə alınmış vəsaitin bölüşdürülməsi, istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) şərtlərini müəyyənləşdirən müqavilə;
1.10. təkrar borcalan - dövlət borcalmaları yolu ilə alınmış və qaytarılması dövlət büdcəsi hesabına nəzərdə tutulmayan borc vəsaitindən təkrar müqavilə əsasında istifadə edən hüquqi şəxs;
1.11. təminat hesabı – dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən açılan xüsusi büdcə hesabı.

Maddə 2. Dövlət borcu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Dövlət borcu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar müəyyənləşdirildikdə, beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

Maddə 3. Azərbaycan Respublikasının dövlət borcalmaları

3.1. Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
3.2. Azərbaycan Respublikasının dövlətə məxsus aktivləri, onun beynəlxalq ehtiyatları və gələcəkdə yarana biləcək aktivləri dövlət borcu və ya dövlət tərəfindən zəmanət verilmiş borc üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı məqsədi ilə girov qoyula bilməz.
3.3. Naxçıvan Muxtar Respublikasının borcalmaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.
3.4. Azərbaycan Respublikası Milli Bankının borcalmaları Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunla tənzimlənir.
3.5. Dövlət zəmanəti verilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikası dövlət müəssisələrinin borcalmalar üzrə öhdəlikləri üçün məsuliyyət daşımır.

Maddə 4. Dövlət borcalmalarının məqsədi

Dövlət borcalmaları ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş proqramların həyata keçirilməsini təmin etmək, dövlət büdcəsinin kəsirini örtmək, dövlət investisiyalarını maliyyələşdirmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən digər məsələlərin həlli məqsədi ilə həyata keçirilir.

[