Müğənni Ayaz Qasımov yeni tele-layihə üzərində işləyir.

Milli.Az xəbər portalının məlumatına görə, gənc sənətçilər arasında məhsuldar yaradıcılığı ilə seçilən Ayaz Qasımovun başı yaman qarışıqdır. Maraqlandıq ki, Ayazın vaxtını alan nədir? Gənc sənətçi bildirdi ki, hazırda yeni bir televiziya layihəsi üzərində çalışır və yaxın zamanlarda tamaşaçılar Ayazı yeni tip aparıcı ampluasında görə biləcəklər.
Məlumdur ki, Ayaz hazırda Lider telekanalında proqram aparıcısı kimi də fəaliyyət göstərir. Müğənninin yeni tele-layihəsi də elə həmin kanalda təqdim olunacaq.

Ayazla söhbətmizdən əldə etdimiz məlumata görə, müğənni yeni albom üzərində çalışr. Xatırlayırsınızsa, Ayaz ötən il maraqlı bir albom layihəsi ilə mətbuat qarşısına çıxmışdı. Bu ili də dəyərləndirən sənətçi yeni bir diskini pərəstişkarlarına hədiyyə etməyi düşünür. Ötən ilki albomuna «A» adı verən sənətçi deyəsən, bu dəfə də albomun adının maraqlı səslənməsi üçün axtarışdadır.

Yaxın zamanlarda Ayaz Qasımov yeni mahnılarından birinə də klip çəkdirəcək. Hələki, hansı mahnıya klip çəkiləcəyini sirr saxlayan sənətçi «Mən əminəm ki, bu mahnıya çəkiləcək klip pərəstişkarlarımın, tamaşaçıların çox xoşuna gələcək» dedi.
Nə qədər çalışsaq da mahnının adını öyrənə bilmədik. Ancaq sonunda bir məlumatı əldə edə bildik. Ayazın sirr kimi saxladığı mahnının musiqisi Aygün Səmədzadəyə məxsusdur.
Ayaz onu da bildirdi ki, yaxın günlərdə saytı yenilənəcək.

Tahirə
Milli.Az