Düşünürsünüz ki, 180 sm-dən kiçik boyla qamətli ayaqlara sahib olmaq olmaz? Lakin “Hollivudun ən gözəl ayaqları” na sahib olanlar bunun tam əksini deyir. Hansı boya sahib olmanız vacib deyil ( Yeva Lonqoriya kimi boyunuz 157 sm olsa belə), ən əsası hansı tədbirləri görməyinizdir. Çünki bu gün görəcəyiniz tədbirlər ayaqlarınızın gözəlliyini təmin edəcək. Odur ki, yazdıqlarımızı diqqətlə oxuyub əməl etməyə tələsin.

Fitnes
Gözəl ayaqların sirri gündəlik piyada gəzintidir. 3,5 sm hündürlüyü olan dabanlı ayaqqabıda gəzməyiniz ideal sayılır. Təsəvvür edin ki, siz balerinasınız və evə barmaqlarınızın ucunda gəlirsiniz, amma elə gəzməlisiniz ki, bədən ağırlığınız dabana yox, pəncəyə yönəlsin. Qan dövranınız buna görə sizə minnətdar olacaq. Daha artıq effektə sahib olmaq üçün daimi olaraq ayaqlarınızın qayğısına qalın, limfodrenaj massajdan istifadə edin, ayaqlarınızı bir qədər yuxarı qaldırıb yatmağa adət edin. Tez-tez rəqs hərəkətləri edin.
Diqqət: Əgər damarlarla bağlı xəstəliklərin yaranma ehtimalı varsa ayaqüstə çox dayanmağı tələb edən idman növlərindən uzaq olun. Məsələn: tennis, basketbol və s.
Yaraşıqlı ayaqlar üçün məşqlər
Dizinizi büküb bir ayaq üstə dayanın. Kürəyinizi düz tutun, çanağı azacıq qabağa verin. Belinizi əyməyin. Digər ayağınızla qabağa, arxaya, yana doğru dövrələr (dairələr) edin. Sonra ayağınızı dəyişin. Həftədə iki dəfə, hər ayaq üçün 30 dövrə edin. Zamanla dövrələrin sayını artırın.
Dəyişiklik üçün bu idmanı uzanmış vəziyyətdə edə bilərsiniz. İlk olaraq sol yanı üstə uzanın, dayağınız sol qolun dirsəyi olmalıdır. Təsəvvür edin ki, iki sıxılmış divar arasında qalmısınız. Ayağınız yuxarı-aşağı hərəkət etməlidir, yanlara tərəf yox. Sağ ayağınızı maksimal dərəcədə asta aşağı salın, pəncəni özünüzə tərəf əyin. Sonra bu hərəkəti o biri ayağınızla edin. Həftədə 3 dəfə hər ayaq üçün 50 dəfə təkrarlayın.
Qidalanma
Sellülitlə vidalaşın. Qidanızı qaydaya salın. Bizim məqsədimiz – qan dövranını yaxşılaşdırmaqdır. Bunun üçün duzdan minimal istifadə tələb olunur. Hazır qidalara duz səpməyin, duzlu qidalardan imtina edin: kolbasa, pendir və çipslər bura aiddir.
Orqanizmi şlaklardan təmizləyəcək qidalara müraciət edin: yaşıl çay, cəfəri, razyana, qırmızı üzüm. Həmçinin damarların divarını möhkəmləndirəcək sitrus bitkiləri, balıq, dəniz məhsulları və yaşıl tərəvəzlər yeyin.