''Özündə olanı dəyişdirmək'' nə deməkdir?



…Bir tayfa özündə bəxş edilən neməti dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən deyildir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir!... (Ənfal surəsi, 53) Allah Quranda insanlara verdiyi neməti artırıb-azaltmasındakı ölçünün həmin adamın "özündə olanı dəyişdirməsi" olduğunu bildirmişdir. Bu ayə inanan insanlara çox əhəmiyyətli bir sirri xəbər verir. Əgər insan bir mövzuda həqiqətən qəlbən və səmimi dəyişiklik etsə, Allah Qatında mütləq ən gözəl şəkildə əvəzini görər. Allah qullarındakı səmimi dəyişikliyi görən və biləndir. Allah bu səmimi dəyişikliyin nəticəsinin mütləq nemət artımı olacağını vəd etmişdir. Eyni şəkildə insanın sahib olduğu nemətləri təqdir edə bilməyən əxlaq içərisində olması da Allahın bu nemətləri azaltması ilə nəticələnə bilər. Bu da yenə Allahın Quranda bildirdiyi bir vədidir. Quranda Allahın bu qanununu açıqlayan ayələrdən bəziləri belədir:

Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı. (Nəhl surəsi, 112)

Səba (tayfasının) yurdunda bir nişanə var idi. (Orada) sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!” Lakin onlar üz döndərdilər, Biz də üstlərinə Ərim selini göndərdik. Onların iki (gözəl) bağçasını (tikanlı) acı meyvəli, (içərisində) yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik. Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik? (Səba surəsi, 15-17)

Əlbəttə ki, Allah dünya həyatını bir çox sirrlə birlikdə yaratmışdır. Allah bir insanın sahib olduğu nemətləri göstərdiyi əxlaqa görə artırıb-azalda biləcəyi kimi, heç bir səbəb yox ikən, o adamın imanını sınamaq üçün də dəyişdirə bilər. Buna görə də hər hansı bir nemətin artması, hər zaman o adamın əxlaqındakı irəliləyişə görə olmaz. Eyni şəkildə bir nemət azalması da hər zaman adamın pis əxlaq göstərdiyinə sübut deyil. Quranda Allah inkar edənlərə xüsusi olaraq nemət verdiyini buyuraraq, bu əhəmiyyətli sirri insanlara belə bildirilmişdir:

Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? (Muminun surəsi, 55-56)

Nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda canlarını almaq istər. (Tövbə surəsi, 55)

Bu ayələrə görə insanın həyatındakı nemət itkisinin və ya nemət artımının bir çox mənası ola bilər. Buna görə də mömin belə bir vəziyyətlə qarşılaşdığı zaman dərhal Quranda bildirilən bütün bu ehtimalları düşünərək öz daxilində "vicdani mühakimə" aparar. Əlindəki nemətlərdə bir azalma oldusa, məhz etdiyi səhvlərin belə bir nemət itkisinə səbəb ola biləcəyini düşünərək Allaha sığınıb tövbə edər. Ya da sahib olduğu nemətlərdə bir artım oldusa, qəlbən Allaha şükür edər. Eyni zamanda da ona verilmiş nemətlərin ayələrdə bildirildiyi kimi o andan sonrakı həyatı üçün bir sınaq olduğunu düşünüb əxlaqını daha da gözəlləşdirməyə və Allahın rəhmətinə layiq olmaq üçün daha çox səy göstərməyə çalışar.

Ancaq mömin ayədə bildirilən "bir tayfa özündə olanı dəyişdirincəyə qədər, Allah ona nemət olaraq bağışladığını dəyişdirən deyildir" sirri üzərində çox səmimi və vicdanlı bir şəkildə düşünməlidir. Allahın bu ayədə bildirdiyi dəyişmə sadəcə "səthi dəyişmə" deyil. Allah "imanla, Allah qorxusu ilə, şövqlə, səmimiyyətlə, qəlbən olan dəyişikliyi" bildirir. Yoxsa insan bəzən bir mövzuda bütün tədbirləri alar, o mövzunu həll edə biləcəyini düşündüyü işləri qüsursuz olaraq yerinə yetirər və kənardan baxıldığı zaman bu adamın həqiqətən çox səy göstərdiyi görünər. Amma nəticədə yenə də bu adamın həyatında ayədə bildirildiyi kimi bir nemət artımı olmaya bilər. Əlbəttə ki, yuxarıdakı ayələrdə açıqlandığı kimi insanın həyatındakı nemət əskikliyinin davam etməsinin bir çox başqa səbəbi və hikməti ola bilər. Ancaq bu vəziyyətin bir başqa səbəbi də "adamın özünü yalnız xaricdən, yəni səthi olaraq dəyişdirməsi" ola bilər. Lakin bəzən insanlar göstərdikləri səydəki bu səthiliyi dərk edə bilməz və "niyə hələ də səylərinin nəticə vermədiyini" anlamağa çalışarlar. Əslində bunun səbəbi aydındır: Adam dərin düşünmədiyi üçün əxlaqını da dərindən dəyişdirə bilməmişdir. Amma bu əskikliyi anlamadığı üçün "çox səy göstərdiyini, amma yenə də istədiyi nəticəyə çata bilmədiyini", "müvəffəqiyyət əldə edə bilmədiyini", "səylərinin heç bir nəticə vermədiyini" (Allahı tənzih edirik) düşünər.

Halbuki çox böyük bir səhv edir. Allah Quranda qullarına "… bir xardal dənəsi mislində belə haqsızlıq edilməyəcəyini…" (Ənbiya surəsi, 47) bildirmişdir.

Bu vəziyyətdəki insanın Allahın sonsuz ədalətini bilərək “Allah sonsuz ədalət və mərhəmət sahibidir. Əgər Allah mənim vəziyyətimi dəyişdirmədisə deməli, məndə hələ qüsur var. Görəsən harada səhv edirəm?” deyə düşünüb bu sualının cavabını yenə də Quranda axtarmalıdır.

Quran ayələrində Allahın bir insanda istədiyi ən əhəmiyyətli xüsusiyyətlərdən birinin "səmimiyyət" olduğu bildirilmişdir. Səmimiyyət insan nə qədər qüsurlu və əskik olursa-olsun, onu doğru yola yönəldəcək, Allahın razılığını qazanmasına vəsilə olacaq çox əhəmiyyətli bir mömin əlamətidir. Əgər insan şeytani məntiqləri, nəfsinin təsirini özündən tamamilə uzaqlaşdıraraq Allaha qarşı çox səmimi, dürüst düşünsə (Allahın diləməsilə) bir mövzuda dərhal ən doğru olanı tapacaq. Beləliklə, bu mövzuda da Qurana səmimiyyətlə baxan insan "əsl qüsurun xaricdə göstərdiyi səydə deyil, öz daxilindəki niyyətində olduğunu" görəcək. Çünki Allahın ayədə ifadə etdiyi "dəyişiklik" insanın daxilində Allaha qarşı çox səmimi bir qərar verməsidir. Allahın bəyənməyəcəyi əxlaqı göstərməməyə qəti olaraq qərar verməsidir. Bu qərarında nə olursa-olsun geri addım atmamalı, zəiflik göstərməməli və qətiyyətli olmalıdır. Beləliklə, insan öz içində belə bir qərar verdikdən sonra ayədə bildirildiyi kimi "Allahın ona bağışladığı neməti də dəyişdirməsini" ümid edə bilər.

Əlbəttə ki, insan heç vaxt yaxşılığı, gözəl əməli yalnız "nemət əldə etmək" üçün etməməlidir. Möminin əsl hədəfi Allahın razılığıdır. Mömin heç bir dünya nemətini Allahın razılığına, sevgisinə, dostluğuna və yaxınlığına dəyişməz. Bütün bunlar dünyadakı nemətlərin hamısı bir yerə gəlsə, yenə də heç biri ilə dəyişilməyəcək çox böyük nemətlərdir. Buna görə də "özündə olanı dəyişdirərkən" möminin məqsədi də əsla "daha çox nemətə qovuşmaq" deyil. Əgər insan ayədə xəbər verilən bu sirri lazımınca, hərtərəfli, səmimi şəkildə düşünərək müəyyən etsə (Allahın izni ilə) Allah ona əvvəl verdiyi nemətlərdən daha gözəlini və xeyirlisini bəxş edəcəyini vəd etmişdir. Çünki Allahın qullarından əsl istədiyi "sizin ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə" sözləri ilə bildirdiyi kimi, səmimiyyətdir:

Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!" (Ənfal surəsi, 70)
(məqalə harun yahya)