Bildiririk ki, Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridirlər. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaqlara görə vergi hər il iyulun 1-dək bələdiyyə orqanları tərəfindən hesablanır və onlara avqustun 1-dən gec olmayaraq tədiyə bildirişləri çatdırılır. Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.
Müəssisələrin torpaq vergisi dövlət büdcəsinə, fiziki şəxslərin torpaq vergisi isə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir (Vergi Məcəlləsi, maddə 208).
Torpaq vergisinin hesablanma mexanizmi və tətbiq olunan dərəcələr isə həmin torpaqların təyinatından asılıdır. Belə ki, torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün 0,06 manat müəyyən edilir (Vergi Məcəlləsi, maddə 206.1). Şərti bal dedikdə, kənd təsərrüfatı torpaqlarının 1 hektarına onların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş şərti ballar nəzərdə tutulur. Torpaqların təyinatı, habelə torpaq vergisinin hesablanması üçün digər zəruri məlumatlar torpaq sahəsinə mülkiyyət və ondan istifadə hüququnu təsdiq edən sənəd əsasında müəyyənləşdirilir.
Kənd təsərrüfatı torpaqları üçün verginin hesablanması aşağıda qeyd olunan şəkildə aparılır:
Vt= S x Şb x Bb, burada
Vt- torpaq vergisinin məbləği
S- torpağın sahəsi, hektarla
Şb- Vergi Məcəlləsinin 206.1-ci maddəsi ilə kənd təsərrüfatı torpaqları üzrə 1 bonitet bal üçün 6 qəpik məbləğində müəyyən edilən vergi dərəcəsi
Bb- Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli Qərarı ilə torpaq sahələrinin təyinatı, coğrafi yerləşməsi, keyfiyyətindən asılı olaraq müəyyənləşdirilən bonitet bal
Onu da nəzərinizə çatdırırıq ki, torpaq sahələri üzrə bonitet balları sözügedən Qərarın elektron variantından əldə edə bilərsiniz.
Kənd təsərrüfatı torpaqlarına aid edilməyən torpaqlara görə hesablanmalı olan torpaq vergisinə gəldikdə isə, həmin torpaq sahələri üzrə vergi öhdəliyinin müəyyənləşdirilməsi üçün zəruri olan vergi dərəcələri Vergi Məcəlləsinin 206.3-cü maddəsindəki cədvəldə əks olunmuşdur.

Menbe: Vergiler Nazirliyi Saytı