Son zamanlar öldürülmüş iki azərbaycanlı hərbi qulluqçunun və Dağlıq Qarabağ ərazisində yerləşən Madagis kəndindən olan bir nəfər mülki şəxsin cəsədləri bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayədarlığı altında təhvil verilib. Bu barədə BQXK-dan ANS PRESS-ə verilən məlumatda bildirilir.
Əməliyyat, Ağdam rayonunun təmas xətti yaxınlığında yerləşən Baş Qərvənd kəndi istiqamətində baş tutub.
BQXK-nın Bərdə ofisinin başçısı Elen Plenevo bildirib ki, “cəsədlərin qaytarılması kədərli hadisə olsa da, vəfat etmiş şəxslərin ailələri öz əzizlərini dəfn edib onlara yas tuta biləcəklər".
"Biz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar repatriasiya prosesinin son vaxtlar intensivləşməsinə sevinirik", - deyə o əlavə edib.

Bu həftənin əvvəlində neytral vasitəçi qismində çıxış edən BQXK, bütün aidiyyəti olan tərəflərin razılığına əsasən Ermənistanda saxlanılan bir nəfər mülki şəxsin və bu ilin oktyabr ayında Bakıda vəfat etmiş Ermənistan vətəndaşının cəsədini repatriasiya edib.

Cenevrə Konvensiyalarına əsasən fəaliyyət göstərən BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən işləyir.

Qeyd edək ki, təhvil-təslim prosesində Azərbaycan Milli qəhrəmanı Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri itikin düşmüş erməni Arustamyan Qavruşa Xaçaturoviçin meyiti ilə dəyişdirilir.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli qəhrəmanı adı verilib.

Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.

Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrasına ötən gündən start verilib. İlk olaraq Ermənistan tərəfindən əsir götürülən Eldar Tağıyev ötən gün Azərbaycana təhvil verilib. Proses Azərbaycan-Ermənistan qoşunlarının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində, Qazax-İcevan yolunun üzərində yerləşən neytral zonada həyata keçirilib. Azərbaycan isə erməni hərbçi Manvel Mamikonoviç Sarıbekyanın meyitini Ermənistana təhvil verib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.