SÜLEYMAN PEYĞƏMBƏRİN İŞƏ BAŞLAMASI
Tarixçilər yazırlar ki, Süleymanın bir neçə qardaşı var idi. Lakin onların anası bir deyildi. Süleymandan yaşda böyük olduqları üçün atasının canişini olmaq iddiasını edirdilər.
Allah taalanın fərmanı ilə Davud Süleymanı canişin edən vaxt Abşalum adında bir oğlu narahat olaraq atası ilə müharibə etmək fikrinə düşdü. O, bir qoşun yığıb Davudla müharibəyə gəldi. Davud onun qorxusundan İordaniyanın şərqinə qaçdı. Abşalum qısa bir müddət Davudun səltənət taxtına çıxdı. Nəhayət, Davud Yuab adında bir nəfərin sərgüzəştləri ilə Abşalumla müharibə etməyə qoşun göndərdi. Abşalum həmin müharibədə öldü və Davud öz səltənətinə qayıtdı.
Davud dünyadan gedəndən sonra Süleymanın Ədvini adında qardaşı Abşalumun tərəfdarlarını başına toplayıb Süleymanla müharibəyə gəldi. Müharibədən sonra Ədvina da öldürüldü. Süleymanın səltənəti Bəni-İsrail arasında möhkəmləndi.
ALLAH-TAALANIN SÜLEYMANA BƏXŞ ETDİYİ NEMƏTLƏR
Allah taala Süleymana da atası Davud kimi, çoxlu nemətlər verdi. O cümlədən, peyğəmbərlik, səltənət, “məntiqüt-təyr” (quşların dili) elmi, qəzavət elmi, hikmət və alimlik, cinləri, divləri, şeytanları ram etmək... Digər nemətlər də şərh olunacaq. Təəssüf olsun ki, bu böyük peyğəmbərin əhvalatı və tarixi çox yerlərdə əfsanə yazanlar və xürafatçıların vasitəsilə dəyişilibdir. İsraliyyat (yəhudilərin yazdıqları qondarma hədislər) Həzrət Süleymanın tarixində çoxdur. Hətta o həzrətə yaraşmayan sözlər də tarixdə yazıblar .
Atası Davud haqqında da qondarma sözlər çoxdur. Biz Allah qoysa mötəbər hədislərlə onun tarixini açıqlayacağıq və Vəhb ibni Münbih, Kəb kimi adamların nəql etdiyi qeyri-mötəbər hədisləri yazmayacağıq. Çünki onların nəql etdikləri hədislər daha çox əfsanə və xürafata oxşayır.
Bəli, qeyd etdiyimiz kimi Allah taala peyğəmbərlik və padşahlığı birlikdə Süleymana nəsib etdi. O, böyük, münbit və yeraltı mədənlərə malik olan ölkəyə, yəni Üqbə körfəzindən Fərat çayına qədər olan torpaqlara hökmranlıq edirdi. Həzrət Süleyman cinlər, şeytanlar və külək qüvvələrini öz ixtiyarı altında saxladığı üçün Beytül-Müqəddəs, məşhur heykəl kimi əzəmətli binalar və əsərlər özündən iz qoydu. İndiyə qədər həmin tarixi abidlərin çoxunu Fələstin və Şamat torpaqlarında müşahidə etmək olar. Müəllif bəzi tarixi abidələri yaxından görübdür. Belə uca tikintilərin divarlarındakı nəhəng daşları görən şəxs üçün onun gözə görünməyən qüvvələrin gücü ilə tikilməsində heç bir şəkk-şübhə qalmır.
BEYTÜL-MÜQƏDDƏSİN TİKİLİŞİ
Bəzi tarixçilər Beytül-Müqəddəsin tikilişini Davuda aid olduğunu deyirlər:
Davudun dövründə bir dəstə insan taun xəstəliyinə düçar olmuşdular. Davud indiki “Məscidul-Əqsa” məkanında mələklərin oradan səmaya getdiklərini müşahidə etdiyi üçün camaatı oraya dua etmək məqsədilə gətirdi. Taun xəstəliyinin məhv olması üçün Allah dərgahına dua etdi. Allah taala onun duasıyla həmin xəstəliyi aradan götürdü. Ondan sonra Davud həmin məkanda məscid tikməyin hökmünü verdi. Özü də məscidin tikintisində yaxından iştirak etdi. Lakin tikinti tam qurtarmamış Davud dünyasını dəyişdi. O, işi axıra qədər davam etdirməyi Süleymana vəsiyyət etdi. Başqa bir fərziyyəyə əsasən, Davud özü Beytül-Müqəddəs şəhərini tikəndən sonra həmin yerdə bir məscid tikərək işi axıra yetirdi. O, çoxlu qızıl və cəvahiratla məscidin divarlarını, günbəzini bəzədi. Məscidin tikilişi qurtarandan sonra böyük bayram edərək çoxlu qurbanlar kəsdilər.
Tarixçilərin bir dəstəsi isə bu əqidədədirlər ki, Davud məscidi tikmək ərəfəsində idi. Lakin Allah taala ona vəhy etdi ki, bu iş sənin əlinlə yerinə yetrilməyəcək. Məscidin tikilməsini oğlun Süleymana tapşır. Burada başqa bir tarix də vardır. Amma mənim nəzərimcə bu düzgün olmayıb heç bir etibara malik deyil. O da bundan ibarətdir ki, Davud Beytül-Müqəddəs məscidinin tikilişinə aid olan hər bir şeyi hazırladı. Amma Süleyman özü onu tikdi. Məscidə alınan şeylər aşağıdakılardan ibarətdir:
Yüz min qızıl pul;
Bir milyon gümüş pul;
Çoxlu dəmir və mis.
Onun gümüşünün qiyməti bu günkü 342000000 və qızılının qiyməti 889500000 İngilis funt-sterlinqinə bərabərdir. Süleyman səltənətinin dördüncü ilində heykəlin (Beytül-Müqəddəsin məbədi) tikilişini başladı. Orada 183600 nəfər işləyirdi. Bu məbədin tikintisi yeddi il yarım çəkdi. Miladdan 1005 il öncə tikinti başa çataraq dünyanın ən gözəl binasına və Uruşəlimin iftixarına çevrildi. Təbərsi “Məcməül-Bəyan” kitabında Cubaidən nəql edir ki, Allah taala taun xəstəliyini Bəni-İsrailə göndərdi. Bir gündə çoxlu insan həlak oldu. Davud onlara hökm verdi ki, qüsl edib arvad-uşaqla səhraya gedin və orada ağlayıb Allahdan kömək istəyin. Qeyd olunan səhra həmin yerdir ki, Bəni-İsrail sonra orada məscid tikdi. Davud özü də böyük və uca bir daşın (həmin daş indi də qalır) üstünə çıxıb səcdədə Allah dərgahına ağlayaraq kömək istədi. Bəni-İsrail də onunla səcdə edib ağladı. Hamı alınlarını səcdədən götürməmiş taun xəstəliyi onların arasından getdi. Üç gün bu hadisədən keçəndən sonra Davud onları bir yerə toplayıb dedi:
-”Allah taala sizin boynunuza minnət qoydu və məhəbbət göstərdi. İndi isə siz bu nemətə şükür etməyə gəlin və duanız qəbul olan məkanda məscid tikin.”
Bəni-İsrail Davudun göstərişinə əməl etdi və Beytül-Müqəddəsi tikməyə başladı. Davud özü də daşı çiyninə qoyub işə başladı. Bəni-İsrailin arasında olan böyük şəxsiyyətlər və yaxşı insanlar bunu görüb Davuda qoşuldular. Onlar daş gətirib məscidin divarını iki metrəyə qədər tikdilər. Həmin vaxt Davudun ömründən 127 il keçmişdi. Allah taala Davuda vəhy etdi ki, məscidin tikintisi oğlun Süleymanın əliylə axıra çatdırılacaq.
Davud 140 yaşına çatandan sonra Süleymanı öz yerinə canişin qoydu. Sonra isə özü dünyadan getdi. Süleyman da cinləri və şeytanları yığıb tikinti işlərini onların arasında böldü. Hər dəstəyə bir iş tapşırdı. Cinlər və şeytanlardan bir dəstəsinə mərmər və büllur daşları yerin altından çıxardıb gətirməyi tapşırdı. Süleyman Beytül-Müqəddəs şəhərinin ağ mərmər daşlarla tikilməsinə hökm verdi. Onun üçün on iki qala tikdilər. Bəni-İsrail tayfalarının hər birini bir qalada yerləşdirdi. O, şəhərin tikintisi qurtarandan sonra məscid tikməyə başladı. Cinləri və şeytanları dəstə-dəstə qızıl, cəvahirat çıxartmağa göndərdi. Bir dəstəni də onaları Beytül-Müqəddəsə daşımağa ayırdı. Başqa bir dəstə isə müşk, ənbər və sair ətrləri onun üçün gətirirdi. Digər bir dəstəyə isə dəryaların dibindən mirvarid daşlarını çıxardıb gətirməyi əmr etdi. Nəhayət, o qədər mədən daşları, qızıl, cəvahirat və sair qiymətli daşlar gətirdilər ki, onların sayını Allahdan başqa heç kəs bilmirdi. Süleyman daşları memarlara yondurdu. Sonra məscidin divarını ağ, sarı və yaşıl daşlarla tikdi. Məscidin sütunlarını büllur mərmər daşlardan düzəltdi. Onun divar və tavanını cürbəcür ləl-cəvahiratla bəzədi. Məscidin yerini isə lay-lay firuzə daşlarla döşədi. Yer üzündə oradan gözəl və parlaq yer yox idi. Elə düzəldilmişdi ki, hətta qaranlıq gecədə on dörd gecəlik ay kimi parıldayırdı. Süleyman məscidi tikəndən sonra Bəni-İsrailin böyük şəxsiyyətlərini, ağsaqqallarını bir yerə toplayıb dedi: -”Mən bunu Allah üçün tikmişəm.” Məscidin tikintisi qurtaran günü bayram tutdu. Beytül-Müqəddəs, Bəxtünnəsr Bəni-İsraillə müharibə edənə qədər abad idi. Lakin müharibədə şəhəri viran etdilər. Sonra Bəxtünnəsr məscidi dağıtmağa hökm verdi. Məscidin tikintisində işlədilmiş bütün qızıl-cəvahiratı yığıb İraq məmləkətindəki öz ölkəsinin paytaxtına apardı.
Cubainin Beytül-Müqəddəs və Məscidül-Əqsa haqqında yazdığı tarix bura qədərdir. Biz də coğrafiya alimlərindən və tarixçilərdən nəql etdiyimiz xəbərlərlə bura qədər kifayətlənirik. Yaxşı olardı burada qeyd edək ki, Beytül-Müqəddəs nə ticarət yönümlü şəhər idi, nə də ki, bir o qədər əkinçilik nöqteyi-nəzərindən münasib idi. Lakin tarix boyu başqa şəhərlərdən çox bu şəhər daha artıq hücum və qarətə məruz qalıb. Dəfələrlə şəhəri yandırıb camaatı kütləvi surətdə öldürüblər. Dəfələrlə bu şəhər üstündə yəhudi, məsihi, müsəlmanlar arasında müharibə olub və indiyə qədər də onun hakimiyyəti üçün dava-dalaş, ölüm-itim davam edir. Gələcəkdə də bu şəhərin müqəddəratı məlum deyil. Ümumiyyətlə xristianların vasitəsilə bu şəhərdə baş verən müharibələr (Xaç döyüşlərində), onların müsəlman uşaq, qadın və günahsız insanları faciəli surətdə öldürməsi tarixdə misilsizdir. Orada baş verən bəzi hadisələri qələm yazmağa həya edir. Biz burada nümunə üçün Fransa yazıçısı Qustav Lubonun kitabından bəzi hadisələri yazırdıq. O, özü xristian olubdur və bu hadisələri öz gözü ilə görən Lupoy şəhərinin keşişlərindən biri olan Reymond Dacildən nəql edir. Reymond Dacil xristianların Beytül-Müqəddəsdə vəhşicəsinə etdikləri rəftarlarını yaxından müşahidə edibdir. O, öz müşahidələrini kitabında belə yazmışdır.
“Bizim qoşun Beytül-Müqəddəs şəhərinin qalalarını tutanda şəhərin müsəlman xalqını qorxu bürümüşdü. Qoşun camaatın başını bədənindən ayırırdı. Bu onların ən kiçik cinayətlərindən idi. Bəzi insanların qarınlarını yırtırdılar. Yəni uzun müddət zülm və işkəncə altında saxlayandan sonra küçələrində, meydanlarında müsəlmanların kəsilmiş başlarından və ayaqlarından düzəlmiş təpələrdən başqa heç nə görünmürdü. Cənazələr qoşunun ayaqları altında qalırdı. Hələ bunlar müsəlmanların başına gələn kiçik müsibətlər idi. Doğrudan da, bizim qoşun “Süleyman heykəlində” misilsiz qan tökdülər. Bir tərəfdə yaralılıra öz qanına batıb əl-ayaq çalırdılar, bir tərəfdə isə bədənlərindən üzülmüş qol-qıçlar elə bil ki, zikr edir və hər biri bir bədənə birləşmək istəyirdi. Cənazələri bir-birindən ayırmaq qeyri-mümkün idi. Arası kəsilmədən insanları rəhimsizcəsinə öldürən qoşun qanların buxarından zəhmətə düşmüşdü.
Səlib döyüşçüləri buna kifayətlənmədilər. Onlar məclis qurub bu qərara gəldilər ki, Beytül-Müqəddəsin bütün sakinlərini istər müsəlman, istər yəhudi, istərsə də məsihiləri nabud etsinlər. Şəhər sakinlərinin sayı 60 minə yaxın idi. Qoşun səkkiz gün insanları kütləvi şəkildə qırdı. Hətta uşaqlara, qadınlara və qocalara da rəhm etmədilər. Hamını iti qılınclarla doğradılar.
Sonra onlar öz yorğunluqlarını almaq üçün bir sıra çirkin işlərə əl atdılar. Onlar şərab içib məst olur və küçələrdə qışqır-bağır salırdılar. Ümumiyyətlə, xristian tarixçiləri xaç döyüşçülərinin cinayətlərindən göz yumublar. Lakin onların bu çirkin əməllərindən qəzəbləniblər. “Bernard Xazen” onları dəliyə oxşadıb “Del” keşişlərinin rəhbəri “Budan” öz nəcislərinə bulaşan heyvanlara bənzətmişdir.
SÜLEYMANIN BAŞQA TİKDİYİ BİNALAR
Quranda “Ənbiya”, “Səba” və “Sad” surələrində Süleymanın fərmanıyla cinlər və şeytanların tikdikləri əzəmətli binalar, məbədlər, daş hovuzları, böyük qazanlar və sair tikintilərə qısa işarə olunubdur. Tövratda nəql olunur ki, Süleymanın əli ilə tikilən imarətlər bundan ibarətdir: Beytür-Rəb, Beytül-Mülk, Urşilim divarı, Hasur, Məcdu, Çarz, Beyti Hurun Sufla, Bələ və Tədmur. Banlardan başqa o Həzrət böyük xəzinələr və məmləkətin ətrafında əsgər bazarları, əsgər düşərgələri düzəltmişdi. Həmçinin Livanda da o Həzrətdən çoxlu binalar yadigar qalıbdır. Yemək və qoşunlara su vermək üçün düzəldilmiş böyük qazan və su hovuzları haqqında maraqlı sözlər nəql olubdur. O cümlədən yazırlar ki, hər qazanın başına min kişi toplaşıb yemək yeyirdi.
Müasir yazıçılardan biri Süleymanın padşahlıq taxtı və səltənət sarayı haqqında yazır: Süleymanın dövründə böyük əhliyyətə malik olan binalardan biri onun sarayı idi. Bu saray qiymətli daşlarla tikilmiş və rəngbə-rəng cəvahirlərlə, filizdən düzəldilmiş heyvan və ağac timsallarıyla bəzədilmişdi. Sarayda gözəl və əzəmətli taxt vapr idi. Bu taxtı qızıl, fil sümüyü və cəvahirlə bəzənmiş qiymətli çubuqlarla düzəltmişdilər. Taxtın hər iki tərəfində iki şir və üstündə iki kərkəs heykəli görünürdü. Həzrət Süleyman taxta çıxanda şirlər əllərini açır və o, ayaqlarını onun üstünə qoyurdu. Elə ki, taxtda əyləşirdi kərkəslər qanadlarını Süleymanın başı üstündə açırdılar. Bu taxt haqqında tarixçilər və müfəssirlər bir-birindən fərqli sözlər nəql edirlər.
Bəzi tarixçilər misilsiz imarətlər və təəccüblü daş qalalara malik olan Bələbək şəhərinin də Süleymanın vasitəsilə tikilməsinə mötəqiddirlər. Yaqut Həlləvi deyir: O şəhərdə maraqlı binalar, böyük əsərlər və mərmər daşından tikilmiş sarayların dünyada misli yoxdur. İndinin özündə də dünyanın hər yerindən oraya gedir və maraqlı tarixi abidlərə yaxından müşahidə edirlər.
SÜLEYMANIN BƏSATI VƏ KÜLƏYİN ONUN İXTİYARINDA OLMASI
Quranda Süleymanın bəsatından ad aparılmayıb, yalnız bəzi rəvayətlərdə bu haqda söhbət açılıbdır. Bəsatın necəliyi, eni və uzunluğu haqqında Vəhb ibni Munəbbih və Kəb əfsanəvi sözlər deyiblər. O cümlədən nəql edirlər ki, həmin bəsat ağacdan düzəldilmişdi. Onun eni və uzunluğu bir neçə kilometr idi. Neçə min oturacağa malik olubdur. Süleymanın qoşunu da ona minirdi. Süleymanın hökmü ilə külək bəsatı hərəkətə gətirirdi. Bir aylıq yolu səhərdən günortaya qədər, günortadan axşama qədər də bir aylıq yolu gedirdi. Beytül-Müqəddəsdən hərəkət edib günortanı İstəxrdə (Şiraz ölkəsi) və şamı Xorasanda yeyirdi... Bunları və buna oxşar sair sözlər nə Quranda, nə də mötəbər hədislərdə zikr olmayıbdır. Quranda “Ənbiya”, “Səbə” və “Sad” surələrində bu haqda xəbər verilibdir. Ola bilsin ki, bəzi şəxslər həmin xəbəri şişirdərək ondan əfsanə düzəldibdir. Lakin bu ayələrdə Allah taala yalnız küləyi Süleymanın ixtiyarında qoymasını buyurubdur. “Ənbiya” surəsində belə buyurur:
-”Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də Süleyman üçün biz ram etdik. Biz hər şeyi bilənik!”
“Süleyman üçün də küləyi ram etdik. O (külək), səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi. (Bir gündə iki aylıq məsafə gedirdi.)”
“Sad” surəsində buyurur:
-”Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi.”
Bu ayələrdən ümumi formada başa düşürük ki, külək Süleymanın fərmanı altında idi. O, mələklərin idarəsi, müharibə işləri, tikinti və sair işlərdə küləkdən istifadə edirdi. Necə ki, cinlər və şeytanlar onun əmri altında idilər. Onlar da Süleyman üçün böyük daş sütunlar və qazanlar düzəldirdilər. Ola bilsin ki, o, xəbərləri çatdırmaq üçün sürətli küləkdən və hava dalğalarından istifadə edirdi. Necə ki, bəzi rəvayətlərdə buna işarə olubdur. Əlbəttə, mümkündür ki, Süleymanın özü, ya onun məmur və bəzi qoşunları da külək qüvvəsindən istifadə edibdir. Onun vasitəsilə məmləkətin lazım olan yerinə gedirdilər. Ya da onların düzəltdikləri hər hansı bir aləti külək istədikləri tərəfə aparırdı. Lakin nəql olunmuş bəzi xəbərlər həqiqətdən uzaqdır. Ümumiyyətlə, Süleyman belə bir bəsata və o cür səfərlərə ehtiyacı yox idi. Bundan əlavə Süleymanın qarışqa ilə söhbəti və həmin qarışqanın başqa qarışqalarla etdiyi söhbətdən başa düşürük ki, Süleymanın qoşunu ilə hərbi səfərləri havada yox, yer üzündə olmuşdur.
SÜLEYMAN VƏ ATLARIN MANEVRİ
“Sad” surəsində sürətli külək atlarının Süleymana təqdim olunması haqqında söhbət açılıbdır. Bu da fikircə fərqli təfsirlərə səbəb olubdur. Şərif ayələrin mətni bundan ibarətdir:
“Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi. (Onun rizasını) qazanmaq diləyərdi. (Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub, üç ayağı üstündə duran), çapar atlar göstərildiyi zaman. O, dedi: -”Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) çox sevirəm (çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların tərifi Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi”. (Süleyman dedi:) “Onları (atları) mənə qaytarın!” (Atlar qaytarılıb gətirildikdən sonra) onların qıçlarını və boyunlarını sığallamağa başladı.
Bu ayələrin təfsirində bilmək lazımdır ki, Süleyman peyğəmbər (ə) düşmənləri məhv etmək və ölkəsini genişləndirmək üçün çoxlu müharibələr etdi. Buna görə də atların tərbiyə olunmasına, müharibə sursatlarına və döyüşçü yetişdirməyə ciddi yanaşırdı. Allah taala da ona kömək etdi. Məharətçi əsgərlərdən əlavə cinlər, şeytanlar, quşlar, hətta külək də ona ram olmuşdu. Müharibə texnikasında o vaxt tərbiyə olunmuş sürətli atlar düşmənə qələbə çalmaq üçün daha böyük əhəmiyyətə malik idi. Elə ona görə də Süleyman Allah yolunda, müqəddəs tovhid məqsədi üçün və ilahi dinin yayılması xatirinə müharibəyə çox meyl göstərdiyinə görə, belə atları hazırlayırdı. Yuxarıdakı ayələr də hər bir təfsir və izahatdan qabaq bu məsələni vurğulayır, Süleymanın müharibə atlarının tərbiyəsinə, məharətli at minənlər və əsgərlərin manevr verməsinə ciddiyyət göstərdiyini yada salır.
Bu ayələrin başqa hissələrində və işarə əvəzlikləri barəsində fərqli fikirlər irəli sürülübdür. Əlbəttə, bəzən də Süleymanın (ə) peyğəmbərlik məqamına yaraşmayan sözlər də deyilibdir. Bu da peyğəmbərlik məqamı ilə heç də uyğun gəlmir. O cümlədən, guya Süleyman (ə) zülm edibdir. İmamlarımız (ə) bu sözləri qətiyyətlə təkzib ediblər. Misal olaraq Kəbin nəql etdiyi saxta sözü yazırıq. Kəb deyir ki, Süleyman atlara baxmağa başı qarışmışdı. Gün batdı. Onun əsr namazı qəzaya getdi. Süleyman qəzəblənib hökm verdi ki, atları geriyə qaytarın. Qisas almaq məqsədilə min və ya mindən çox atın başını kəsdirdi... Kəb başqa dastanlar da bunun ardınca nəql edir. Lakin onun dediklərinin heç biri həqiqətə uyğun deyil. Lakin imamların (ə) rəvayətinə əsasən Süleyman (ə) atların manevrinə başı qarışdığı üçün əsr namazı qəzaya getdi. Bu vaxt Allahın hökmü ilə Günəşə vəkil olunmuş mələklər Günəşi geri qaytardılar və Süleyman peyğəmbər səhabəsi ilə əsr namazını qıldı.
İmamlar bu təfsirdə “təvarət” və “rudduha” kəlmələrindəki əvəzliklərin Günəşə aid olduğunu bildiriblər. Bu təfsir ayənin əvvəli, axırı və cümlələrin arasındakı münasibəti riayət etdiyinə görə ən yaxşı təfsirdir. Süleyman (ə) üçün “Günəşin geri qayıtması”, ilahi peyğəmbərlər və onların vasitələrinin möcüzələrini sübut edəndən sonra sadə bir məsələdir. Bizim rəvayətlərdə bunun oxşarı Yuşə ibni Nun və Əli ibni Əbi Talib (ə) üçün də zikr olubdur.
Müfəssirlər başqa təfsirlər də ediblər. Bəzi təfsirlər diqqəti özünə cəlb edir. Misal üçün deyirlər ki, “təvarət” və “rudduha” kəlmələrindəki əvəzliklər atlara qayıdır. Belə olan surətdə ayənin təfsiri aşağıdakı kimi olur:
Süleyman atları təhvil alanda onları çapmaq hökmünü verdi ki, atların yolu tapmaq üçün sürətini yoxlasın. Süleymanın göstərişi ilə atları çapmağa başladılar. Atlar sürətlə gedərək Süleymanın gözündən itdilər. Sonra Süleyman (ə) onların geriyə qaytarılmasına hökm verdi. Atları qaytardılar. Süleyman ayağa qalxıb atların boynunu və ayaqlarını tumarladı.
Bu təfsirdə yalnız Süleymanın dediyi aşağıdakı cümlənin mənası qaranlıq qalır. Bu cümləni də belə məna edirlər ki, Süleyman dedi: -”İndi mən atların qaçışına tamaşaya gəlmişəm. Onları imtahan və tərbiyə etməyi sevirəm. Bu da öz nəfsi istəyinə görə yox, Allahın zikri və Onun dinini yaymaq üçündür.
Bu təfsirə görə “təvarət” kəlməsindəki əvəzliyi Günəşə və “rudduha” sözündəki əvəzliyi isə atlara qaytarmaq mümkündür. Bu təfsirdə heç bir irada düçar olmuruq.