Onu tanıyaq, Ona yalvaraq
Onu tanıyaq, Ona yalvaraq
Allah-Təalanın Quranda və Hədisdə bir çox adları var.
Bunların 99-u Hədisi-Şəriflərdə yer almışdır. Biz Allah-Təalanın adlarını ancaq Qurani-Kərimdən və Peyğəmbərimizin açıqlamalarından öyrənirik. Qurani-Kərimdə Allahın isimlərindən bəhs edərkən Əsmayi-Hüsna (yəni ən gözəl adlar) ifadəsi işlədilmişdir:
O Allah ki, Ondan başqa Allah yoxdur. Ən gözəl adlar Onundur. (Taha surəsi-8; Həşr surəsi-24)
Bu ayədən də göründüyü kimi, ən gözəl və ən yüksək mənalara gələn isimlər Cənabi-Haqqa aiddir.
Rəsulullah bir Hədisi-Şərifində belə buyurmuşdur:
Allahın 99 adı vardır. Bunları öyrənib sayan, Allah ilə münasibətində Əsmayi-Hüsnanın sərhədlərini mühafizə edib, o adlara gözəl riayət edərək qulluqda bulunan cənnətə girər.
Mömin Allah-Təalanı elə bu gözəl adları ilə tanıyar. Məsələn, bilər ki, Allah-Təala Rəhmandır. Yəni bütün yaratdıqlarına, inananlara, inanmayanlara mərhəmət edib, onlara nemət verəndir.
Bəndə bilər ki, Allah-Təala Saməddir. Yəni heç nəyə, heç kimə möhtac deyil. Hər kəs və hər şey ancaq Allah-Təalaya möhtacdır.
Bəndə bilər ki, Allah-Təala Səmidir. Yəni hər şeyi eşidəndir, danışdığımız sözləri də duyur, ürəyimizdən keçirdiyimiz fikirləri bilir.
Bəndə bilər ki, Allah-Təala Əzizdir. Yəni ən üstün qüdrət sahibidir. Hər zaman qalibdir.
Bəndə bilər ki, Allah-Təala Xaliqdir. Yəni hər şeyi yoxdan var edəndir. Bir dəfə “Ol!” deməklə istədiyini meydana gətirəndir.
Bəndə bilər ki, Allah-Təala Rəzzaqdır. Yəni bütün yaratdıqlarının ruzusunu verəndir. Allah-Təala bir canlı yaradanda onun ruzusunu da yaradır.
Bəndə bilər ki, Allah-Təala Alimdir. Yəni gizlidə, aşikarda olan hər şey Ona məlumdur. Allah-Təalanın bilmədiyi bir şey ola bilməz.
Bəndə bilər ki, Allah-Təala Adildir. Yəni ədalət sahibidir. Ondan ədalətli kimsə ola bilməz.
Bəndə bilər ki, Allah-Təala Qüddusdur. Yəni hər cür qüsurdan və nöqsanlardan uzaqdır. Hər yönü ilə mükəmməl olan, heç bir təsfirə sığmayandır, pakdır, tərtəmizdir.
Bəndə bilər ki, Allah-Təala Səlamdır. Yəni hər cür səlamətin, sağlığın qaynağıdır. Hər cür qüsurdan, ayıbdan, əksiklikdən uzaqdır, qullarını səlamətə çıxarandır.
Bəli, biz o mübarək adlardan (Əsmayi-Hüsna) cəmi bir neçəsinin qısa anlamını bildirməyə çalışdıq. Biz Allah-Təalanın o adlarına sığınaraq Ondan imdad diləməliyik. Bir şey istəyəndə, yalvaranda da Əsmayi-Hüsna ilə Allah-Təalaya üz tutmalıyıq. Aclar üçün dua edəndə “Ey Rəzzaq olan Allah!” - deyə yalvarmalıyıq.
Ehtiyacımıza, acizliyimizə çarə diləyəndə “Ey Saməd Allah!” - deyib çağırmalıyıq.
Ədalət axtaranda, işimizin doğru çözülməsini diləyəndə “Ey Adil Allah!” - deyib Onu səsləməliyik.
Allah adı isə Cənabi-Haqqın bütün ad və sifətlərini özündə toplayan, zatına dəlalət edən özəl bir addır.
Zaman.az