İnternetdə Verilənlər Bazası
DƏRS HAQQINDA
Publikasiya dedikdə, informasiyanın nizamlı şəkildə müəyyən auditoriyaya hər hansı davamlı (ani olmayan) vasitələrin köməyi ilə çatdırılması başa düşülür. Ənənəvi olaraq belə vasitə kimi çıxış edən kağız son minillikdə bu sahənin yeganə tam hüquqlu lideri olmuşdur. Lakin hər şeyin bir sonu olduğu kimi, kağızın əsrlərlə davam edən şəksiz hökmranlığı da, yeni elektron publikasiyaların meydana gəlməsi ilə sona çatdı.GİRİŞ
Publikasiya dedikdə, informasiyanın nizamlı şəkildə müəyyən auditoriyaya hər hansı davamlı (ani olmayan) vasitələrin köməyi ilə çatdırılması başa düşülür. Ənənəvi olaraq belə vasitə kimi çıxış edən kağız son minillikdə bu sahənin yeganə tam hüquqlu lideri olmuşdur. Lakin hər şeyin bir sonu olduğu kimi, kağızın əsrlərlə davam edən şəksiz hökmranlığı da, yeni elektron publikasiyaların meydana gəlməsi ilə sona çatdı.
Öz sələfinə nəzərən bir çox üstünlüklərə malik müxtəlif elektron publikasiya vasitələrindən yəqin ki, heç biri imkanlarına görə sürətlə inkişaf edən WWW (World Wide Web - ingiliscə "Dünya Hörümçək Toru") ilə müqayisə oluna bilməz. 1993-cü il İnternetdə meydana gəlmiş Web çox sadə və aydın istifadəçi interfeysi, yaxşı düşünülmüş verilənlərin təsviri dili, multimedia məlumatların istifadəçiyə çatdırılması üçün geniş imkanlara malikdir. Bundan əlavə, böyük həcmdə informasiyanın sürətlə ötürülməsinə şərait yaradan mübadilə protokolu, standartlaşdırılmış müştəri-server münasibətləri və ən əsası, İnternetdən qlobal şəbəkə kimi istifadə edərək, bütün dünyada geniş auditoriyaya müraciət etmək imkanı WWW-ni olduqca əlverişli publikasiya vasitəsinə çevirdi.
Bu üstünlükləri sayəsində sürətlə yayılaraq, Web texnologiyaları publikasiya işində yeni bir dövrün başlanğıcını qoydu, yeni proqramlaşdırma dilləri, multimedia vasitələri, standart və formatlar meydana gəldi. İnformasiya texnologiyalarının bir çox sahəsinə WWW-nin nüfuz etməsi nəticəsində təbii olaraq müxtəlif sorğu sistemlərində zəruri məlumat mənbəyi kimi vacib rol oynayan Verilənlər Bazasının (VB) Web-də publikasiyası məsələsi ortaya çıxdı. Məsələnin həlli üçün yeni proqram vasitələrinin meydana gəlməsi ilə bu vaxta qədər bir-birindən asılı olmayaraq inkişaf etmiş VB və WWW texnologiyalarının üstünlüklərini özündə birləşdirən WWW-də VB publikasiyası sistemləri yarandı.
Təqdim olunan işdə belə sistemlərin meydana gəlməsi və inkişaf yolu, əsas anlayışları və ümumi təsnifatı qısaca nəzərdən keçirilib. WWW-də VB publikasiya sistemləri iki müxtəlif texnologiyanın qovuşmasında yerləşdiyindən, iş əsnasında həm ODBC və SQL proqramlaşdırma kimi VB ilə bağlı məsələlər, həm də Web-lə əlaqəli HTML, JavaScript, VBScript dilləri, CGI, ISAPI interfeysi, IIS və ASP kimi müxtəlif proqram vasitələri yaxından öyrənilib. Xüsusilə ikinci bölümdə "Azərbaycan Qanunvericiliyi" hüquqi arayış sisteminin misalında praktik olaraq bu tip proqram layihələrinin işlənib hazırlanmasına baxılıb. Burada konkret olaraq qanunverici və normativ aktlardan ibarət VB-nin İntranetdə publikasiyası realizə olunub. Qeyd etmək lazımdır ki, hazırlanmış proqram təminatı hal-hazırda sınaqlardan müvəffəqiyyətlə keçərək, "Biznesmenin Bülleteni" nəşriyyat evi tərəfindən abunələrə telefon xətləri vasitəsilə üç dildə (azərbaycan, rus və ingilis) hüquqi informasiya almaq imkanı verən yeni kompüter sisteminin qurulması üçün istifadə olunur.
VERİLƏNLƏR BAZASININ WWW-DƏ PUBLİKASİYASI
Verilənlər Bazasının (VB) WWW-də publikasiya sistemləri iki müxtəlif texnologiya - WWW və VB texnologiyaları üzərində qurulmuşdur. Bunların ardıcıl olaraq meydana gəlməsi, inkişaf prosesi və əsas anlayışlarını qısa şəkildə nəzərdən keçirək.
İNTERNET NƏDİR?
Texnologiyanın inkişafı ilə kompüterlərin şəbəkələrdə (ingiliscə "network") birgə işləməsi mümkün oldu. Bir-birinə qoşulmuş iki şəbəkə isə artıq "interşəbəkə" (ingiliscə "internet") əmələ gətirir. Beləliklə, "İnternet" sözü ən ümumi mənada "qlobal şəbəkədə birləşdirilmiş kompüterlərin məcmusu" deməkdir. Faktiki olaraq İnternet bütün dünyada milyonlarla kompüter, proqram, informasiya bazaları, fayllar və əlbəttə ki, insanlar arasında əlaqə yaradan şəbəkələrdən ibarət şəbəkədir.
Hələ 60-cı illər "RAND Corporation" və bir neçə təhsil müəssisəsi - o cümlədən, Massaçusets Texnoloji İnstitutu (Massachusetts Institute of Technology, MIT) və Los-Ancelesdə Kaliforniya Universiteti (University of California at Los Angeles, UCLA) yeni şəbəkə protokolu üzərində işləyirdilər. Bu protokol hətta aralıq birləşmələrdən biri sıradan çıxdıqda, iki qurğu arasında yüksək sürətli rabitəni təmin etməli idi. Yeni texnologiya ABŞ Müdafiə Nazirliyini (U.S. Department of Defence, DOD) maraqlandırdı, belə ki, krizis şəraitində rabitə xətlərinin davamlı işini təmin edə bilərdi.
1969-cu ildə ABŞ MN Perspektiv Araşdırmalar Agentliyi (DOD Advanced Research Projects Agency, ARPA) yeni texnologiya əsasında ilk kompüter şəbəkəsini qurmağa başladı. İlk əvvəl agentliyin şəbəkəsi (ARPA Network, ARPANET) ABŞ ərazisində yerləşən yalnız dord superkompüteri birləşdirirdiyi halda, 70-ci illərin ortasına kimi o, qarşılıqlı əlaqədə olan şəbəkələrin "ümumdünya birliyi" səviyyəsinə qədər genişləndi. Sonradan "İnternet şəbəkəsi" adını almış bu nəhəng müxtəlif cinsli toplum, hər şeydən əvvəl təhsil və elmi-tədqiqat müəssisələrinin oz lokal şəbəkələrini ARPANET-ə qoşması nəticəsində əmələ gəlmişdi.
70-ci illərin sonu İnternet şəbəkəsində standart rabitə protokolu kimi TCP/IP (Transmission Control Protocol/Internet Protocol - ingiliscə "Ötürmənin idarəolunması protokolu/İnternet protokolu") qəbul olundu. İnternet platforması kimi əsasən, ancaq Unix əməliyyat sistemi istifadə olunurdu. Qeyd etmək lazımdır ki, İnternetlə işləmək üçün vasitə və komandaların əksəriyyəti indi də öz üzərində bu əməliyyat sisteminin izlərini daşıyır.
80-ci illərdə elmi profilli açıq şəbəkə kimi ARPANET-in əvəzinə ABŞ Milli Elmi Fondu (National Science Foundation, NSF) tərəfindən qurulmuş yüksək sürətli NSFNET şəbəkəsi meydana gəldi. Elə həmin vaxt ABŞ höküməti ARPANET-in hərbi məqsədlər üçün istifadəsini dayandırdı və ABŞ MN öz qapalı şəbəkəsi MILNET-i qurmağa məcbur oldu. NSFNET isə tezliklə öz lokal şəbəkələrini ümumi şəbəkəyə qoşan özəl şirkətlər və ictimai təşkilatlar arasında populyarlıq qazandı, biznes sahəsində İnternet xidmətləri verən ilk şirkətlər meydana gəldi.
1995-ci ildə NSF İnternetin maliyyələşdirilməsini kəskin şəkildə azaltdı. O vaxtdan İnternetin işini əsasən özəl şirkətlər təmin edir. İnternetin ümumi qəbul olunmuş mənada "sahib"i yoxdur, buna baxmayaraq, onun işlək vəziyyətdə saxlanması ilə məşğul olan təşkilatlar mövcuddur. İnternet Fəaliyyət Şurası (Internet Activities Board, IAB) ümumilikdə İnternetin arxitektura və strukturuna nəzarət edir və iki qrup - Araşdırma (Internet Research Task Force, IRTF) və Mühəndis (Internet Engineering Task Force, IETF) qrupundan ibarətdir. Bunların hər biri İnternetin uyğun sahədə perspektiv inkişafını müəyyənləşdirir, həmçinin yeni standartların təşkil olunması işini koordinasiya edir.
İnternetin əsası bir-biri ilə birləşdirilmiş regional şəbəkələrdir. Hər bir belə şəbəkə İnternetə giriş nöqtəsi (Network Access Point, NAP) adlanır. Bir qayda olaraq, bu şəbəkələri müxtəlif İnternet xidmətləri təklif edən ticari şirkətlər idarə edir. Regional NAP ən azı digər iki NAP-la yüksək sürətli kanallarla əlaqəli olur. Sıravi istifadəçi İnternetə qoşulmaq üçün adətən İnternet xidmətləri təminatçısı (Internet Service Provider, ISP) ilə müqavilə bağlamalıdır. ISP regional NAP-la əsasən telefon xətləri ilə yüksək sürətli rabitə kanallarına malik yerli şirkət və yaxud qlobal xidmət ola bilər.
İnternet istifadəçisi şəbəkədə digər kompüterlərlə "müştəri-server" modeli üzrə mübadilə aparır. İstifadəçiyə İnternet resursları - informasiya və xidmətlərini "server" adlanan host-kompüter (host - ingiliscə "sahib, yiyə, ağa") təqdim edir. İstifadəçi ("müştəri") isə bu resurslara şəbəkə protokolu üzrə informasiyanın uyğun şəkildə gətirilməsini təmin edən müştəri-proqramlar vasitəsilə müraciət edə bilir.
Burada hər bir kompüter - həm server, həm də müştəri onu şəbəkənin digər kompüterlərindən fərqləndirən unikal IP-ünvana malikdir. IP-ünvan bir-birindən noqtələrlə ayrılmış dörd rəqəm qrupu şəklində (məsələn: 208.218.46.205) təsvir olunur. Lakin bu format istifadəçilər üçün əlverişli olmadığından, daha anlaşıqlı domen adları sistemi (Domain Name System, DNS) işlənib tətbiq olundu. Məsələn, elə yuxarıda göstərilmiş IP-ünvana uyğun DNS-ünvan "x-wing.cc.boun.edu.tr"-dır (tr - Türkiyə, Türkiyə İnterneti domeni, edu - Education, təhsil müəssisələri, boun - Boğaziçi Universiteti, cc - Computer center, kompüter mərkəzi, x-wing - populyar "Ulduz müharibələri" - "Star Wars" trilogiyasında üsyançıların döyüş-uçuş maşını, burada host-kompüterin adıdır). Domen adlarının verilməsinə Şəbəkə İnformasiya Mərkəzi (Network Information Center, NIC) nəzarət edir.
İnternetdə təqdim olunan hər bir resursa müraciət etmək üçün onun unikal identifikatoru - universal resurs göstəricisi (Uniform Resource Locator, URL) adlanan İnternet-ünvanı (məsələn: [) var. URL-nin birinci hissəsi (burada - http) serverin resursa müraciət üçün hansı üsuldan istifadə etməsini, ikinci hissəsi (burada - x-wing.cc.boun.edu.tr) isə host-kompüterin ünvanını göstərir. Serverin ünvanından sonra URL-in əlavə komponentləri gələ bilər, adətən bu, serverdəki konkret resursun adı (burada - index.html faylı) olur.
Çox vaxt "Internet" termininə sinonim kimi "WWW" (World Wide Web - ingiliscə "Dünya Hörümçək Toru") termini işlədilir. Həqiqətdə isə bu sözlər heç də sinonim deyil...
BƏS WORLD WİDE WEB NƏDİR?
Web İnternetin Gopher, FTP, Telnet kimi xidmətlərindən sadəcə biridir. Lakin məhz rahat qrafik interfeysə malik WWW İnternetin ən populyar və sürətlə böyüyən komponentidir.
World Wide Web layihəsi 1989-cu ildə Tim Bernes Li (Tim Bernes Lee) tərəfindən CERN yüksək enerji fizikası laboratoriyasında işlənməyə başlamışdı. Layihənin məqsədi bütün dünyada alimlər arasında tədqiqatların nəticələri və ideyalar mübadiləsi üçün vahid bir metodun hazırlanması idi. İlkin variantında Web "hipertekst layihəsi" adlanırdı. "Hipertekst" termini hələ 60-cı illərdə Ted Nelson tərəfindən daxil edilmişdi və digər sənədlərə interaktiv göstərici və ya bağlantıları olan tekst demək idi. Bu göstəricilər vasitəsilə oxucu hər hansı söz, ya da ifadəni seçərək uyğun predmet barəsində əlavə informasiya ala bilir. Hipermedia isə daha geniş anlayış olub, multimedia informasiyası daşıyan məlumatları təsvir edir.
1992-ci ilin noyabrında ABŞ Milli Superkompüterlər Mərkəzi NCSA tərəfindən "Mosaic" ("Mouzeyik") adlanan ilk Web-ə baxış proqramının (Web brauzerin) təqdim olunması WWW-nin populyarlaşmasının başlanğıcını qoydu. 1993-cü ilin əvvəli dünyada ancaq 130 Web qovşağı olduğu halda, web-serverdən informasiyanın alınmasını təmin edən bu web-müştəri meydana gəldikdən ancaq yarım il sonra onların sayı 10000-i keçdi. 1994-cü ilin oktyabrında keçirilmiş sorğunun nəticələrinə görə isə dünyada artıq 20 milyondan çox WWW istifadəçisi var idi. Bir çox iri şirkətlər yeni texnologiyadan hətta öz lokal şəbəkələrində istifadə etməyə başladılar, 1995-ci ilin ortaları bir müəssisə daxilində informasiya mübadiləsinə xidmət edən bu cür şəbəkələri təsvir etmək üçün "Intranet" termini meydana gəldi. Web və ümumən İnternetin coşqun inkişafı komputer aləmində 80-ci illərin əvvəli "fərdi kompüter inqilabı"ndan sonra ən görkəmli hadisə oldu.
Hipermedia verilənlərdən birgə istifadə etmək imkanı verən bütün bu paylanmış sistem HTTP (HyperText Transfer Protocol - ingiliscə "HiperTekst Ötürmə Protokolu") protokolu üzərində qurulmuşdur. HTTP tətbiqi səviyyə və ya proqram səviyyəsində daimi bağlantısız müştəri-server protokoludur. Müştərinin bildirişi əsasında serverlə bağlantı qurulur, server tərəfindən müştəriyə cavab verildikdən sonra bağlantı kəsilir. "Sadə sorğu" (Simple-Request) sorğu metodu, tələb olunan URL və protokol versiyasından ibarət sətir şəklində (məsələn: get [ HTTP/1.0) serverə göndərilir. "Tam sorğu"da isə belə başlıqdan sonra MIME (Multipurpose Internet Mail Extensions - ingiliscə "Çoxməqsədli İnternet Poçt Əlavələri") formatında əlavə informasiya daşıyan məlumat gedir. Sorğunu aldıqda HTTP-server müştəriyə status haqqında protokol versiyası və uğur/səhv kodundan ibarət "cavab" göndərir. Bundan sonra MIME formatında lazımi verilənlərdən ibarət məlumat müştəriyə çatdırılır.[Hipermedia sənədlərin - web-səhifələrin hazırlanması üçün Web-də istifadə olunan standart dil isə HTML (HyperText Markup Language - ingiliscə "HiperTeksti İşarələmə Dili") adlanır. O, hipertekst mübadiləsi üçün konkret platformadan asılı olmayan sadə format kimi daha ümumi dil olan beynəlxalq sənəd mübadiləsi standartı (ISO 8879) SGML-in (Standard Generalized Markup Language - ingiliscə "Standart Ümumiləşdirilmiş İşarələmə Dili") əsasında hazırlanmışdır. Burada abzas, başlıq, qrafik təsvir, hipergöstərici, siyahı, cədvəl, müxtəlif tekst formatları kimi hipertekst elementlərinin hər biri HTML-teq (tag - ingiliscə "yarlık, etiket") adlanan əmrlər vasitəsilə işarələnir. Əlavə imkanların daxil edilməsi üçün bu əmrlər çoxluğu genişləndirilir, HTML-in yeni versiyaları meydana gəlir.
Sabit informativ web-səhifələrlə bərabər dinamik interaktiv səhifələrə də ehtiyac olduğundan, artıq HTML-in 2.0 versiyasında interaktiv formalarla işləmə imkanı daxil edildi. Bu element vasitəsilə istifadəçi verilənləri web brauzerdən daxil edib HTTP-serverə göndərə bilir. Serverdə proqramlar vasitəsilə həmin verilənlərin emalını təmin etmək üçün CGI (Common Gateway Interface - ingiliscə "Ümumi Giriş İnterfeysi") - xarici proqramların HTTP-serverlə qarşılıqlı əlaqəsi standartı hazırlandı.
CGI ilk əvvəl Unix əməliyyat sistemi üçün işləndiyindən, burada verilənlərin mübadiləsi bir qayda olaraq "standart giriş", "standart çıxış" və ya mühit dəyişənləri vasitəsilə aparılır. İstifadəçinin formanın sahələrinə daxil etdiyi verilənlər HTTP-serverə "sahə1=kəmiyyət1 & sahə2=kəmiyyət2 & ... & sahəN=kəmiyyətN" şəklində (məsələn: "keyword=x-wing & option=0") göndərilir. Server müştəridən gələn sorğuda URL-nin göstərdiyi CGI-proqramı yükləyib bu verilənləri uyğun strukturlarda yerləşdirir. CGI-proqram isə öz novbəsində onları oxuyub lazımi əməliyyatı (məsələn: serverdə "x-wing" sözünün hərflərin böyük və ya kiçikliyini nəzərə almadan daxil olduğu bütün səhifələrin axtarışını) aparır və nəticəni adətən web-səhifə şəklində serverə göndərir. Ən sonda server bu məlumatları HTTP-formatda müştəriyə çatdırır. CGI geniş imkanlara malik, müxtəlif platformalara asanlıqla uyğunlaşdırıla bilən sadə interfeys olduğuna görə indi də web brauzerdən göndərilən verilənlərin web-serverdə emalı üçün istifadə olunan ən geniş yayılmış üsuldur.
Lakin CGI-proqramların bir ciddi qüsuru var - hər sorğu üçün icra olunan modul və ya ssenari interpretatoru yeni proses başlamalı olur. Nəticədə isə, populyar serverlərin sistem resursları tez bir zamanda tükənir və məhsuldarlıq aşağı düşür. Problemi həll etmək üçün proqramçılara konkret web-serverin daxili imkanlarından istifadə edərək daha sürətlə işləyən və yaddaşda daha az yer tutan əlavələr yazmaq imkanı verən API-lər (Application Programming Interface - ingiliscə "Tətbiqi sistemləri Proqramlaşdırma İnterfeysi") meydana gəldi. İstehsal etdikləri serverlər üçün uyğun olaraq "Netscape Communications" və "Microsoft" şirkətləri tərəfindən işlənib hazırlanmış NSAPI (Netscape Server API) və ISAPI (Internet Server API) interfeysləri hələ yaxşı standartlaşdırılmasa da, bir çox proqramçılar CGI əvəzinə artıq onlardan istifadə edir.
Server hissəsindəki bu yeniliklərlə bərabər müştəri hissəsində də dinamikliyə doğru inkişaf gedirdi. Əsas ideya istifadəçi ilə mübadilə aparmaq üçün web-səhifəyə müştəri kompüterdən istifadə etmək imkanının verilməsi idi. Bu halda bəzi sadə əməliyyatların (məsələn: daxil olunmuş verilənlərin səhihliyinin yoxlanması) müştəri hissəsində aparılması serveri əlavə yükdən azad edərdi. Beləliklə, web-səhifələrə icraolunan elementlər gətirmiş Java ("Cava" - populyar qəhvə sortu) texnologiyası meydana gəldi. Qəribəsi odur ki, bu proqramlaşdırma dilinin ilkin yaranma səbəbkarı heç də Web olmamışdır.
1991-cı il "Sun Microsystems" şirkətinin bir qrup əməkdaşı Patrik Notonun (Patric Naughton) əsasını qoyduğu "Green" layihəsi üzərində işləməyə başladı. Layihənin məqsədi elektron məişət cihazlarında kontroller kimi istifadə olunan müxtəlif prosessorları proqramlaşdırmaq üçün platformadan asılı olmayan universal bir dil yaratmaq idi. İlk əvvəl Oak ("Ouk" - ingiliscə "palıd ağacı") adlandırılmış proqramlaşdırma dilinin birinci işlək variantı 1992-ci ilin payızı hazır oldu. Bəlkə də bu yeni dilin meydana gəlməsi Web-in çiçəklənmə dövrü ilə üst-üstə düşməsəydi o, televizor və mikrodalğa sobalarını proqramlaşdırmaq üçün faydalı, lakin gözə çarpmayan bir vasitə olaraq qalardı. İş ondadır ki, məişət elektronikasında olduğu kimi İnternetdə də müştəri-kompüterlərin müxtəlif prosessorlar üzərində qurulub fərqli arxitekturaya malik olması ilə əlaqədar eyni bir kodun müxtəlif platformalara köçürülməsi problemi mövcuddur. 1993-cü il işçi qrup artıq yeni tendensiyaları duyaraq tədqiqatları İnternet proqramlaşdırması istiqamətinə yönəltdi və 1995-ci ilin yazı Java kompüter ictimaiyyətinə təqdim olundu. Java-kompilyatorun işi nəticəsində hər-hansı icraolunan kod deyil, hər bir konkret platformada icraedici sistem tərəfindən interpretasiya olunacaq baytkod (bytecode) adlanan optimallaşdırılmış əmrlər çoxluğu alınır. "Sun Microsystems" eyni zamanda belə icraedici Java-sistemlə təchiz olunmuş ilk web brauzer "HotJava"-nı təqdim etdi. Web-səhifələri nəzərdən keçirərkən xüsusi HTML teqə rast gəldikdə bu brauzer aplet (applet) adlanan Java-da yazılmış uyğun proqram kodunu serverdən yükləyib müştəri-kompüterdə icra edirdi. Java-nın imkanları o qədər cəzbedici idi ki, "Netscape" istehsal etdiyi "Netscape Navigator" brauzerinin yeni versiyalarında bu texnologiyadan istifadə edəcəyini elan etdi. "Netscape Navigator" o zaman ən geniş yayılmış web brauzer olduğundan Java qısa müddət ərzində İnterneti fəth etdi.
1995-ci ilin axırları artıq Java texnologiyası kifayət qədər məşhur olduğu bir dövrdə JavaScript ssenari (script) dili meydana gəldi. O vaxt artıq bu dilin prototipi - "Netscape Navigator 2.0" brauzeri və "Netscape LiveWire" server sisteminə daxil olan LiveScript mövcud idi. Sonradan "Netscape" LiveScript adından imtina edərək "Sun" ilə birlikdə JavaScript dilini hazırladı. Sintaksisdəki oxşarlıqlara baxmayaraq "JavaScript Java-nın yüngülləşdirilmiş variantıdır" fikri dəqiq deyil. Bu yeni dil proqramçıya web-səhifədəki elementləri və web brauzerin özünü idarə etmək imkanı verir, bundan başqa, yazılmış ssenari heç bir kompilyasiya olunmadan xüsusi teqlərin köməyi ilə bilavasitə HTML-koda daxil edilir. Beləliklə, Java web-səhifələrə dinamik elementlər əlavə etmək imkanı verirdisə, JavaScript artıq dinamik web-səhifələr düzəltmək imkanı yaratdı.
World Wide Web özündə hipertekst, multimedia və qlobal kompüter şəbəkələrini birləşdirərək publikasiya işində yeni bir dövrün başlanğıcını qoydu. Sürətlə gedən inkişaf nəticəsində indi nəinki hipertekst və qrafik təsvir, hətta animasiya, audio-video kliplər və nəhayət, "virtual dünya" adını almış üçölçülü realistik səhnələr şəklində informasiyanı bütün dünyada milyonlarla istifadəçiyə çatdırmaq mümkün olmuşdur. Bu maraqlı yeniliklərlə bərabər bir o qədər də səs-küyə səbəb olmayan yeni texnologiya - Verilənlər Bazası kimi "ciddi" informasiya mənbəyinin Web-də publikasiyası sistemləri meydana gəldi.