Bu gün Başlıbel qətliamının daha bir ildönümüdür.

1993-cü il aprelin 18-də ermənilərin Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qırğından 31 il ötür.

1993-cü il aprelin əvvəllərində Kəlbəcər rayonunun işğalı zamanı əhalisi iki min nəfərə yaxın olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini tərk edə bilməyib. Aprelin 2-də ermənilər blokadadan çıxmaq istəyərkən 9 nəfəri öldürüb, 5 nəfəri girov götürüblər. Qalan 62 nəfər dağlara çəkilərək tarlalarda itiblər.

Aprelin 18-də sakinlərin yerini aşkar edən ermənilər düşərgəyə hücum etmiş, daha 18 nəfəri qətlə yetirmiş, 14 nəfəri girov götürmüşlər. Hadisə zamanı 1 nəfər itkin düşüb. Sağ qalmağı bacaran 30 nəfər 113 gün mühasirədə qaldı. Nəhayət, iyulun 17-də onlar yalnız gecələr hərəkət edərək dağ yolları ilə mühasirədən xilas ola biliblər. Bu hadisələr zamanı təkcə Başlıbel sakini 93 yaşlı Ələsgər Kazımov doğma kəndini tərk etməyib, mühasirədə yaşamağa davam edib.

Qeyd edək ki, Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad edilib.