-
QORXU
Mənim sol əlimdə yanıq yeri var,
O mənə töhfədir körpəliyimdən.
Odun odluğundan xəbərsiz vaxtlar
əlimi manqalda yandırmışam mən.
Mənə "cız" dedilər,
Ancaq qorxmadım.
əlimi yandırıb tanıdım odu.
Mənim həyat ilə ilk tanışlığım
əlimi yandıran oddan başladı...
Oxşadı gözümü hələ uşaqkən
Ocağın al-əlvan alovu, közü
Dünyaya gələli, bilmirəm nədən
Nəyə vurulduqsa, yandırdı bizi...
Mən oddan qorxmadım yanana qədər;
Mən qorxu bilmədim qanana qədər.
Elə ki, yandım,
Odla oynamaqdan qorxdum, dayandım.
Başlandı qorxu-
Başlandı ehtiyat-
Başlandı həyat...
1966, Şəki
-
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublkamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şer kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə Sovyet birliyinə dahil olan bir çox salqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır.
Bəxtiyar Vahabzadə Mahmud oğlu 1925-ci ildə Şəkidə doğulmuş, 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçmüşdür. 1942-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş, 1947-ci ildə həmin fakultəni bitirib universitetin nəzdində aspiranturaya qəbul olunmuşdur.
1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda monografiyasını mödafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsini almışdır.
Bəxtiyar Vahabzadə bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Universitetdə dərs demiş, 1990-ci ildən təqaüdə çıxmışdır. 1980-ci Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya ?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
O, 1974-cü ildə əməkdar incəsənət xadini, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRI Dövlət Mükafatı laureatı adlarına laik görülmüşdür. 1985-ci ildə ona "Xalq şairi" adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xəsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir.
B.Vahabzadənini şerləri obrazların kamilliyi, bədii vasitələrin məasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur.
Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir.
Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçilmişdir (1980-2000).
O, hələ 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri olmuşdur. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiasının pənçəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalədli mübarizəsinə qoşulmuşdur.
Bu poemaya görə 1962-ci ildə şair "Millətçi" damğası ilə Universitetdən çıxarılmış, yalnız 2 ildən sonra yerinə qaytarılmışdır. Sovyet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə itmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovyet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovyetlər İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.
Bu vaxta qədər qüdrətli söz ustası, kəskin publisist, ədəbi-bədii prosesin təşkilaçısı kimi tanınan B.Vahabzadə son vaxtlar xalqı düşündürən bir çox məsələlərdə, o cümlədən uydurma Qarabağ problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi ciddi fəaliyyət göstərir. Həmçinin o, ana dilimizin saflığı, təmizliyi uğrunda daim, yorulmadan mübarizə aparır.
B.Vahabzadənin evi bir növ, millətin ümid qapısına dönmüşdür. Belə ki, respublikanın müxtəlif kənd və rayonlarından hər gün onlarla məktub alır, neçə-neçə şikayətçini evində qəbul edir, onları dinləyir və imkan daxilində hər birinin dərdinə əlac etməyə çalışır. Respublika Ali sovetinin sessiyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya vasitələrindəki çıxışlarında o, xalq mənafeyinin əsl müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və məhəbbətini qazanmışdır. Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm edən, bu arzuların həyata keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi onuın şəxsi mənafeyinə çevrilmişdir.
-
SANDIQDAN SƏSLƏR
Tapdamaq olarmı haqqı bu qədər?
Yüz əlli ildir ki, soyurlar bizi.
Bu heç,
Bizə bayram elətdirirlər
Tarixdə ən böyük faciəmizi.
Vətən əldən gedib... Buna yanmıram.
Ağır bir qədərlə üzbəüz olduq.
Ona yanıram ki, o gün, bu bədnam
Alverin dəllalı özümüz olduq.
20 fevral 1964
Mən, Sovet rejiminə qatı düşman olan, onunla heç barışmayan, namaz üstündə ona lənət oxuyan, məhvini arzulayan savadsız, lakin açıq gözlü dindar bir ailədə böyümüşəm. Uşaq yaşlarımdan mən Sovet rejiminin zülmünü, zorakılığını (1930-cu ildə Şəki üsyanı, üsyandan sonra qırğınlar və sürgünlər, ata və əmilərimin həbsi vs.) öz gözlərimlə görub, ağlımla dərk etmişəm. Belə ki, hələ uşaqlıqdan qəlbimdə o rejimə nifrət toxumları səpildi. Həmin bu toxumlar sonradan cücərib şerlərə çevrilirdi. Qələmim püxtələşdikcə mövcud quruluşa nifrətim də ildən-ilə dərinləşir və bu gizli hissimi ifadə etmək üçün yollar axtarırdım. Hələ kifayət qədər təcrübə və səriştəm olmadığına görə, bu şerləri çap üçün yazmır, arxivimdə gizlədirdim...
...Beləliklə, məncə, Sovet rejiminə ayna tutan “Sandıqdan səslər” başlığı altında yazıb arxivimdə gizlətdiyim bu şerlər mənim yaradıcılığımda xüsusi yer tutur.
Bəxtiyar VAHABZADƏ
-
ALLAHU-ƏKBƏR
Allaha ucalan ulu bir yolun
İlkin pilləsidir Allahu-Əkbər.
Haqqı dananların üzünə dəymiş,
Haqqın şilləsidir Allahu-Əkbər.
Göylərin nidası ucalıb yerdən.
Daim xilas edir xeyiri şərdən.
Qüdrəti-kamilin minarələrdən
Gələn nəğməsidir Allahu-Əkbər.
Məkana, zamana, dövrə o, soltan!
Odur həqiqətə qapılar açan.
Mömünlik yolunda qəlbə nur saçan-
İman şöləsidir Allahu-Əkbər.
Odundan əriyər sinə dağları,
İşığa bürüyər qaranlıqları.
Donmuş ümidləri, batmış haqları
Bir anda isidər Allahu-Əkbər.
Dünyanın əzəli borcludur ona,
O bir pəncərədir əvvəldən sona.
Görünməz dünyanın var olduğuna
İman müjdəsidir Allahu-Əkbər.
Odur əyriliyə düzün həmləsi-
Rəhmin ilk nidası, axır cümləsi!
Allahın səsidir vicdanın səsi,
Vicdanın səsidir Allahu-Əkbər.
1977, İstanbul
ALUŞTADA ƏMƏTXAN SULTANIN HEYKƏLİ ÖNÜNDƏ
Müharibə illərində Krım tatarlarını Krımdan sürgün etmiş, ama döyüşlərdə böyük qəhrəmanlıq göstərərək, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış Tatar oğlu Əmətxan Sultana doğulduğu Aluşta şəhərində heykəl qoymuşlar. Paradoksa baxın! Millətin qovulduğu yerdə həmin millətin oğluna heykəl!
Əmət Sultan,
De, hardadır indi sənin ana yurdun?
Sən cəbhədə Rusiyanı qoruyurdun.
Həmin ölkə Vətənindən sürgün etdi
millətini.
Tapdaladı namusunu, qeyrətini.
O, üzünə gülə-gülə
Yaxşılığın əvəzini çıxdı belə
Eşitmişəm, bu təhqirdən
Sinən olmuş oyuq-oyuq
Sənin ana torpağından özünə yox,
Təkcə sənin heykəlinə yer verdilər.
Sənə sənin qan bahanı göstərdilər.
Dəyərinə diqqət elə,
Alçaldılan şərəf, şanın!
Vətənində ucaltdılar
heykəlini qəhrəmanın.
Dedilər: biz sevirik Əmətxanı.
Demədilər: bu igidi yetişdirən
millət hanı?
O, göydənmi düşdü yerə?
Atası kim, anası kim? Milləti nə?
O igidin məhəbbəti yox idimi
Vətənindən qovduğunuz millətinə?
Döşünə cüt ulduz taxıb dedilər ki:
“Öz millətin sənə yaddır.
Atan da, ana da biz.
Dedilər ki, sən yaxşısan,
Atan da pis, anan da pis...”
Heykələ bax!
Qəzəb yağır baxışından.
Sən dostunla düşmənini
Seçəmmədin, ey Əmətxan!
Sən qəzəblə nə baxırsan Qərbə sarı?
Döndər, döndər sən Şimala
O qəzəbli baxışları.
Qərbdə deyil, qardaş, sənin
Şəmaldadır öz düşmənin!
O düşmən ki, torpağına sahib olub
Səni dandı.
“Ay dağ”*da ayılandı.
Necə deyim “qəhrəmansan“
mən də sənə-
Dostu ilə düşmənini seçməyənə?
Sənin iti nəzərin var.
Yaxşı vuran,
Ancaq niyə vurduğunu
Düşünməyən bir ovçuya bənzərin var.
Atəşinə öz ürəyin hədəf oldu,
Şərəfsizlik indi dönüb şərəf oldu.
Heykələ bax! Dayanıbdır əzəmətlə,
Ləyaqətlə.
Millətinin şərəfini
Qoruyan bir igid kimi.
Döşündəki o ulduzlar
Əldən çıxan o torpağın əvəzimi?
Əmət Sultan,
Sənə haram elədilər halalını.
Sən tutuşdur heykəldəki qürurunla
Həyatdakı bu halını.
Vallah, billah, yaraşmayır bu qürur sənə,
Qanan hər kəs gülür sənə!
Kimdir sənin o dünənki qürurunu
Bir quruşa bu gün alan.
... Ey Vətəndə daşa dönüb yalqız qalan!
Sən döyüşdün
Düşməninin düşməniylə nahaq yerə.
Döşündəki nişanlardan
Bu gün gərək Vətən boyda
Dərd göyərə, qəm göyərə!
6-7 aprel 1980
Krım, Aluşta
BƏLKƏ AYILDIM
Zori Balayanın “Ocağ”ına cavab
Gah Şərqə, gah Qərbə qol-budaq atdıq,
Biz tarix yazmadıq, tarix yaratdıq.
Sizsə özünüzə hey zaman-zaman
Tarix uydurdunuz şərdən, yalandan.
Gerçəyin üzünə boya sürtdünüz,
Böhtanı doğru tək gözə dürtdünüz.
Utanmaz üzünlə, Balayan, utan
“Bala”dan yaranmış öz soyadından.
Nədir Ələkçiyan, Dəmirçiyanlar?
Ələyə, dəmirə sən nə deyirsən?
Türkü bəyənməyib sən açıq-aşkar
Türkün sərvətini mənimsəyirsən?
Nə tez cığırandan çıxıb qudurdun,
Dünənki ağanın üzünə durdun.
Rusun hiyləsiylə köçüb İrandan
Bizə sığınmaqçın, maska geydiniz.
Pənah xan Şuşanı tikdirən zaman
Çaydan daş daşıyan qulbeçəydiniz.
Vaxt keçdi, girdiniz başqa bir dona,
Düşdünüz ağalıq iddiasına.
Guya bu torpağın qəsbkarı biz,
Əsl sahibkarı yalnız sizsiniz.
Tarixin dərsləri unudulammaz,
Dünənki nökərdən ağa olammaz.
Saxta dəlillərlə yanan bu “ocaq”
Nifrət çöpləriylə qalanıb ancaq.
Geydin astarını sən həqiqətin,
Hər kəlmən uydurma, hər sözun qərəz.
Türkə bəslədiyin kinin, nifrətin
Siqləti çəkiyə, ölçüyə gəlməz.
Dşümən kəsildiniz haqqa, gerçəyə
Əslində olmayan “soyqırım” deyə.
Bürüdü dünyanı hay-harayınız.
Quyruq bulamaqda yoxdur tayınız.
Sənin tarixinin dolanbac yolu
Yalanla, böhtanla, şərlə dopdolu.
Allah elə bil ki, yaradıb səni
Bizim başımıza bəla, erməni !
Həmişə oyaqsan...
sən bu gününə,
Mənsə keçmişimə uydum, bayıldım.
Uydur yalanları, uydur sən yenə
Bəlkə qəflətimdən bir gün ayıldım.
Mən öz keçmişimlə xumaram hələ,
Balayan, sən Allah, məni iynələ.
Elə iynələ ki. göynəyən ağrı
Mənə çoxdan çatıb, hamıya çatsın.
Düşünüb sabahı deyirəm, barı
Rəhbərim oyanıb xalqı oyatsın.
Dekabr, 1984
HÖRÜMÇƏK TOR BAĞLADI
Tariximiz danıldı,
Uydurma tarix ilə kimliyimiz anıldı-
Öz kökünü bilməyən gözü küllü bu millət
Zamanın yollarında hər addımda yanıldıö
Uydurma tarix bizi anamızdan ayırıb,
Yad anadan alınmış bələkdə qundaqladı.
Özülümüz laxladı.
Bu xalqın tarixini düz bildirən, düz yazan
Tarix kitablarında hörümçək tor bağladı.
Kimə deyək dərdini bu dövranın, bu günün?
Vəzifəyə sümsənən,
Vəzifə kürsüsünün
Birinci pilləsində bu mərkəzdən noxtalandı.
Kişiliyi vardısa, bu anda axtalandı…
Ürəkdəki cəsarət,
mərdanəlik,
dəyanət
talandı,
tapdalandı.
Məğrur keçmişimizdən üzüldü əllərimiz,
Şərəf bildik özgəyə qul olmağı yoxsa biz?
Hər cürə zülmü udduq.
Köləliyi qazanıb, kişiliyi unutduq.
Vicdan, düzlük, həqiqət sürgün oldu bu yerdən,
Yaltaqlıq və xəyanət silahını yağladı.
Cəsarət qılıncının ağzı düşdü kəsərdən,
Qəbzəsində, qınında hörümçək tor bağladı.
Dilimiz yasaq oldu.
Ruhumuz qəlbimizdə əbədi dustaq oldu.
Ruhsuz yaşadıqca biz
Vicdanımız, eşqimiz
üzümüzə ağ oldu.
Biz beləcə yaşadıq, yaşamadıq, süründük,
Əməlimizdə deyil, sözümüzdə göründük.
Ruhumuz qan ağladı,
Məscid qapılarında hörümçək tor bağladı.
Həqiqət dilə gəldi,
Dildə ilişdi, qaldı.
Həqiqətin üstünə yalanlar kölgə saldı.
Vuruşmadıq, barışdıq
Biz "azadlıq" adlanın bir uydurma nağılla.
Ölən düşüncələrlə qəlbimiz yas saxladı,
Həqiqəti deməkdən elə qorxduq…
Ağılla
Həqiqət arasında hörümçək tor bağladı.
10 oktyabr, 1968.
KİROVUN HEYKƏLİ
Kamil Mirbağırova ithaf
O, heykəlmi?
Yox, ey dost!..
O, ölkənin sahibi.
Başımızın üstündə
Sıyrılıb qılınc kimi.
Hədələyir o, bizi.
Deyir mənimdir ölkə-
Bu göy,
bu yer,
bu dəniz!
Başınızı vuraram,
Ayaqlarım altından
Başınızı çəksəniz!
Ayağım altındadır
Namusunuz,
arınız.
Başınızı sürüsun
Daim ayaqlarınız.
-Bu düzdür!
Bəs neyləmək,
Susub oturmaqmı?..
-Yox!
Biz nə qədər yaşayaq
Başımız üstündə yumruq?..
Öz doğma şəhərində
Sən kimin heykəlini
İstəyirdin ucala
O heykəlin yerində?
- Koroğlunun,
- Babəkin.
- Yox, dostum yox, bilmədin!
Mən istərəm tarixə
Bu gündən də iz qala,
O heykəlin yerində
O heykəli yıxanın
Tunc heykəli ucala...
Aprel, 1966
QORXU
Mən qorxuram, sən qorxursan,
O da qorxur, bu da qorxur,
Biz qorxuruq.
Təzə fikir beynimizə gələn kimi
tez qorxuruq.
Başqasından qorxduğumuz bəs deyilmiş,
Özümüzdən biz qorxuruq!
Qorxu, qorxu!
Bir qurd olub yeyir bizi içimizdən,
Nə gözləyir Vətən bizdən?
İradə yox,
kişilik yox.
Biz qorxuruq,
biz susuruq.
Fikir ölür,
can sustalır,
ürək dönüb,
ruh boğulur.
Qorxu bizim dilimizdə kilid olur,
Beynimizdə qıfıl olur.
Dərd budur ki, bu dərdi də
Biz qanırıq, biz bilirik.
Qorxa-qorxa
Özümüz də özümüz üçün
Biz qorxuya çevrilirik.
15 iyul 1972
MƏNIM SƏBRİM
Mənim səbrim.
Bu səbrimə mən nə deyim?
Mənim səbrim-mütiliyim,
köləliyim !
Atam kölə olduğunu heç bilmədi,
"Ağa" kimi ömür sürdü.
Yaşayırdı,
düşünmürdü.
Mənsə kölə olduğumu
Qana-qana, bilə-bilə
yaşayıram.
Öz-özümü dana-dana,
ölə-ölə
yaşayıram !
Xöşbəxtliyim ondadır ki,
Düşmənimin hökmü böyük,
taxtı çürük!
Bədbəxtliyim ondadır ki,
Mənim səbrim
Düşmənimin qüdrətindən daha böyük !
Sentyabr, 1972
MÜSAVAT
Zülmətlə savaşlarda zəfər çaldığı gündən,
Qəlblərdə azadlıq odu yandırdı Müsavat.
Ulduz və hilal eylə ki, üç rəngə qovuşdu,
Boz qurdu könüllərdə oyandırdı Müsavat.
Meydan oxudu qan çiləyən dövrana qarşı,
Hər zalimə, hər nadana, hər hədyana qarşı.
Tüğyan elədi eyləki zülm insana qarşı,
Öz həddini zalimlərə qandırdı Müsavat.
İlhamını almış o, Vətən adlı gözəldən,
İman suyunu, çünki o içmişdi düz əldən.
Xalq namina haqq naminə vuruşlarda əzəldən
Ön cərgədə hər tilsimi sındırdı Müsavat.
Öndər dedi: - İstiqbal üçün dağ aşalım biz,
İstiqlala, istiqbala daim qoşalım biz,
Bir türk kimi islamlaşa, çağdaşlaşalım biz
Amalına bu xalqı inandırdı Müsavat.
Amalı təmiz, məqsədi aydın, üzü ağdır,
Ən ali məqamlarda qərəzlərdən uzaqdır.
Tarix şüuru-xalqımı millət yapacaqdır,
Haqqa dönəni haqqa tapındırdı Müsavat.
Düzlük şüarı daima çarpışdı yalanla,
Torpaqdan alıb qüdrəti, kökləndi zamanla.
Cənnət edəcək amala dönmüş bir imanla
Ünvanı Azərbaycan olan yurdu Müsavat.
Fevral, 1977
PAMBIQ
Adına min lənət, özün bir yana,
Gəlmişik əlindən zinhara, pambıq.
Rəngin ağdırsa da yazıq kəndlinin
Elədin gününü sən qara, pambıq.
Havaya sovrulur əlimin rənci,
Qocaya döndərdin cahılı, gənci.
Yazı əkinçiyik, qışı dilənçi,
Düşmüşük əlindən azara, pambıq.
Sən mənim xalqıma kəsildin qənim,
Çox da ki, bahadır qiymətin sənin.
Millət lüt-üryandır,
amma özgənin
Əynində dönürsən paltara, pambıq.
Anamın, bacımın yeyib ətini,
Gözündə qoyursan hər niyyətini.
Çəkirsən kəndlinin heysiyyətini,
Hərrac malı kimi bazara, pambıq.
Hər zülmə, cəfaya sinə gərmişik,
Xeyiri, qazancı yelə vermişik.
Səni biz əkmişik, biz becərmişik,
Yüklənib gedirsən bəs hara, pambıq?
30 oktyabr 1956
Şamxor
TARİX
Bizi ayırdılar mənliyimizdən,
Millət kökdən qopan bir budaq oldu.
Süzüldü yad səsi öz neyimizdən,
Keçmişin üzünə indi ağ oldu.
Hələ unuduldu Quran da, din də,
Keçib gəldiyimiz yollar danıldı.
Əridik özgələr, yadlar içində,
Hünərli, zəfərli illər danıldı.
Tarixdir hər daşın, qayanın yaşı,
Tarixlə bağlıdır insan, yurduna.
Yox isə bir xalqın tarix yaddaşı,
Vətən də quruca torpaqdır ona.
Yanvar, 1977
YADA ABİDƏLƏR UCALDIB DEDİK..
('416' poemasından.)
...Yada abidələr ucaldıb dedik:
Fəhləlik bizimdir, ustalıq sənin.
Çox zaman özgəyə qulluq elədik
Beyin bizim oldu, əsər özgənin.
Nadir də, Qacar da ölkələr aldı,
Vətən ucalmadı, özü ucaldı,
Öz doğma yurdunu ayağa saldı,
Şahlar bizim oldu, zəfər özgənin.
Saldıq özümüzü özümüz gözdən,
Kül ilə oynadıq əl çəkib közdən.
Ölkələr nur aldı şəfəqimizdən,
Günəş bizim oldu, səhər özgənin.
Mənim sərvətimə cahan göz dikdi,
Sərvətim, dövlətim ona gərəkdi.
Babam yer şumladı, babam yer əkdi,
Əmək bizim oldu, bəhər özgənin.
Açdı sinəsini bizə bu torpaq,
Aləmi bəzəyib lüt olduq ancaq.
Cıdırda çapsaq da hamıdan qabaq,
Hünər bizim oldu, nəmər özgənin,
Qızıl bizim oldu, kəmər özgənin.
1969.
-
Azərbaycan dilində kitablar
1- "Mənim dostlarım", Azərnəşr, 1949
2- "Bahar", "Gənclik", 1950
3- "Dostluq nəğməsi", "Gənclik", 1952
4- "Ədəbi heykəl", Azərnəşr, 1951
5- "Çinar", "Gənclik", 1956
6- "Sadə adamlar", Azərnəşr, 1956
7- "Ceyran", "Gənclik", 1957
8- "Aylı gecələr", Azərnəşr, 1958
9- "Şəbi hicran" (Füzuli haqqında poema), "Gənclik", 1959
10- "Şerlər və poemalar", Azərnəşr, 1961
11- "İki poema", "Gənclik", 1962
12- "İnsan və zaman", Azərnəşr, 1964
13- "Bir ürəkdə dört fəsil", Azərnəşr, 1966
14- "Seçilmiş əsərlər", 1967
15- "Köklər-budaqlar", "Gənclik", 1968
16- "Dəniz-Sahil", "Gənclik", 1969
17- "416", "Gənclik", 1970
18- "Bir baharın qaranquşu", "Gənclik", 1971
19- "Dan yeri", "Gənclik", 1973
20- "Seçilmiş əsərlər" (I cild, şerlər), Azərnəşr, 1974
21- "Seçilmiş əsərlər" (II cild, poemalar), Azərnəşr, 1974
22- "Açıq söhbət", "Gənclik", 1977
23- "Açılan səhərlərə salam", 1970
24- "Pyeslər", "Gənclik", 1980
25- "Payız düşüncələri", "Yazıçı", 1981
26- "Hər çiçəkdən bir ləçək" (Dünya poeziyasından nümunələrindən tərcümələr), "Yazıçı", 1982
27- "Seçilmiş əsərlər" (2 cildlik), 1983-1984
28- "Özümlə söhbət", Azərnəşr, 1985
29- "Axı, dünya fırlanır", "Yazıçı", 1987
30- "Səhər", "Gənclik", 1986
31- "Lirika", Azərnəşr, 1990
32- "Şəhidlər", Azərnəşr, 1990
33- "Nağıl-həyat", "Yazıçı", 1991
34- "Ümidə heykəl qoyun", "Yazıçı", 1991
35- "Vətəndaş", "Gənclik", 1994
36- "Fəryad", "Azərbaycan", 1995
37- "Körppü çaydan uzaq düşüq", "Azərbaycan", 1996
38- "Bir ömür yuxu", "Azərbaycan", 1998
39- "İstiqlal", "Gənclik", 1999
40- "Ağıl başqa, ürək başqa", "Azərbaycan", 2000
41- "Sandıqdan səslər", "Təfəkkür", 2002
Elmi-publisistik kitabları
1- "S.Vurğunun lirikası", Universitet nəşriyyatı
2- "Səməd Vurğun" (monografiya), "Azərnəşr", 1968
3- "Sənətkar və zaman", "Gənclik", 1976
4- "Sadəlikdə böyüklük", "Yazıçı", 1978
5- "Vətən ocağının istisi", "Gənclik", 1982
6- "Dərin qatlara işıq", "Yazıçı", 1986
7- "Gəlin açıq danışaq", Azərnəşr, 1989
8- "Sənbə gecəsinə gedən yol", Azərnəşr, 1991
9- "Yanan da mən, yaman da mən", "Göytürk", 1995
10- "Leyaqət", "Azərbaycan", 1998
11- "Zaman və mən", "Gənclik", 1999
12- "Səməd Vurğun" (rus dilində, E.Talıblı ilə birlikdə), "Azərbaycan", 2000
Türkiyədə çap olunmuş kitabları
1- "Ömrümdən səhifələr", "Ötügən", 2000
2- "Vətən, millət, ana dili", Atatürk kültür başqanlığı yayınları, 2000
3- "Soru işareti", Kaynak yayınları, 2002
Pyesləri
1- "Vicdan" - 1960
2- "İkinci səs" - 1968
3- "Yağışdan sonra" - 1971
4- "Yollara iz düşür" - 1974
5- "Cəzasız günah" - 1975
6- "Dar ağacı" - 1978
7- "Fəryad" (Nəsimi) - 1984
8- "Hara gedir bu dünya" - 1990
9- "Özümüzü kəsən qılınc" - 1998
Başqa dillərdə nəşr olunmuş kitabları
1. Rus dilində - 14 kitab
2. Türk dilində - 15 kitab
3. Erməni dilində - 3 kitab
4. Özbək dilində - 2 kitab
5. Türkmən dilində - 1 kitab
6. Alman dilində - 2 kitab
7. İngilis dilində - 2 kitab
8. İranda Azərbaycan dilində - 5 kitab
-
maraqli melumatlara gore cox sagolun
-
Xoş kelamları yazan kalemine Qurban oluram men onun kimi böyük şaxsiyyetin!
-
O Azərbaycanın böyük şairlərindəndir. Eşq olsun ona ::aze:: ::yerivar::
-
Gülüstan poeması
İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.
Əyləşib kənarda topsaqqal ağa,
Hərdən mütərcimə suallar verir.
Çevrilir gah sola, baxır gah sağa,
Başını yellədib təsbeh çevirir.
Qoyulan sərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə...
Tərəflər kim idi? Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!
Qoy qalxsın ayağa ruhu Tomrisin,
Babəkin qılıncı parlasın yenə.
Onlar bu şərtlərə sözünü desin,
Zənciri kim vurdu şir biləyinə?
Hanı bu ellərin mərd oğulları?
Açın bərələri, açın yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu-
Qılınc Koroğlusu, söz Koroğlusu?
Babaların şəni, şərəfi, əlbət,
Bizə əmanətdir, böyük əmanət...
Yoxmu qanımızda xalqın qeyrəti?
Belə saxlayarlar bəs əmanəti?
Qoy ildırım çaxsın, titrəsin cahan!
Ürəklər qəzəbdən
coşsun, partlasın.
Daim haqq yolunda qılınc qaldıran
İgid babaların goru çatlasın.
Qoy əysin başını vüqarlı dağlar,
Matəmi başlandı böyük bir elin.
Mərsiyə söyləsin axar bulaqlar,
Ağılar çağırsın bu gün qız, gəlin!..
Tərəflər sakitdir, qəzəbli deyil,
Məhv olan qoy olsun, onlara nə var.
İmzalar atılır bir-bir, elə bil,
Sevgi məktubuna qol çəkir onlar.
Atıb imzasını hər kəs varağa,
əyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla, təsbehli ağa,
Qalxıb əl də verir biri-birinə.
Onların birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?
Bir deyən olmadı, durun ağalar!
Axı, bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız bayaqdan bəri,-
Bəs hanı bu yurdun öz sahibləri?
Bəs hanı həqiqət, bəs hanı qanun?
Qocadır bu yurdun tarixi, yaşı.
Bəs hanı köksünə sərhəd qoyduğun,
Bir vahid ölkənin iki qardaşı?
Görək bu hicrana, bu müsibətə,
Onların sözü nə, qərəzi nədir?
Bu xalq əzəl gündən düşüb zillətə,
Öz dogma yurdunda yoxsa kölədir?
Necə ayırdınız dırnağı ətdən-
Ürəyi bədəndən, canı cəsəddən?
Axı, kim bu haqqı vermişdir Sizə,
Sizi kim çağırmış Vətənimizə?
Neçə vaxt səngərdə hey ulaşdılar,
Gülüstan kəndində sövdalaşdılar.
Bir ölkə ikiyə
Ayrılsın deyə!..
Göy də guruldamış deyirlər o gün,
Çölləri, düzləri buludlar sarmış.
O göy gurultusu ulu Babəkin Ruhuymuş,
hönkürüb fəryad qoparmış.
Gülüstan kəndinin gül-çiçəkləri
Bir günün içində soldu-saraldı.
"Gülüstan" bağlandı, o gündən bəri,
Bu kəndin alnında bir ləkə qaldı.
Bağrı köz-köz oldu "Yanıq Kərəmin"
Tellər inildədi, yandı, nə yandı.
Aşığın sazında daha bir həzin,
Daha bir yanıqlı pərdə yarandı.
Həmin gün ölkəni apardı sel, su,
Tutuldu çöhrəsi günün, ayın da.
Qoca Nəbatinin eşqi, arzusu,
O gün batmadımı Arpa çayında?
Ağlayıb dağlardan əsən küləklər,
Bu məşum xəbəri aləmə yaydı.
Sanki dilə gəldi güllər, çiçəklər:
"Bu isə qol qoyan qollar sınaydı".
Arazın suları qəzəbli, daşqın,
Sirin nəğmələri ahdır, haraydır.
Vətən quşa bənzər, qanadlarının
Biri bu taydırsa, biri o taydır.
Quş iki qanadla uçar, yüksələr,
Mən necə yüksəlim tək qanadımla?
Ürəklər bu dərddən tüğyana gələr,
Axar gözümüzdən yaş damla-damla.
Cənablar, bir anlıq düşündünüzmü?
Verdiyiniz hökmün ağırlığını?
Bu hökmün dəhşəti əllimi, yüzmü?
Biz necə götürək bu göz dağını?..
Başı kəsiləndə bu məğrur elin
Qəlbin ağrısını hiss etdinizmi -
Qoca Füzulinin, igid Babəkin
Etiraz səsini eşitdinizmi?
Cənablar, bir damcı mürəkkəblə siz
Düsünün, nələrə qol çəkmişsiniz?
Bir damcı mürəkkəb, bir vətəndaşı
Qanına bulayıb ikiyə böldü.
Bir damcı mürəkkəb olub göz yaşı
İllərlə gözlərdən axdı, töküldü.
Min ləkə vurdular şərəfimizə
Verdik, sahibimiz yenə "ver" - dedi.
Lap yaxsı eləyib doğrudan, bizə
Biri "baran" - dedi, biri "xər" - dedi.
Bizi həm yedilər, həm də mindilər,
Amma dalımızca gileyləndilər.
Hökmü gör nə qədər böyükmüş anın
Möhür də basdılar varağa təkrar.
Yox, varağın deyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.
İmzalı, möhürlü ey cansız varaq,
Nə qədər böyükmüs qüvvətin, gücün.
Əsrlər boyunca vuruşduq, ancaq
Sarsıda bilmədik hökmünü bir gün.
Ey kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.
Bir eli ikiyə paraladın sən
Özün kağız İkən paralanmadın.
Köksünə yazılan qəlb atəşindən,
Niyə alıçmadın, niyə yanmadın?
Araz sərhəd oldu, əsdi küləklər,
Sular yatağında qalxdı, köpürdü.
Üstü dama-dama taxta dirəklər,
Çayın kənarında səf çəkib durdu.
Sular, sizdən təmiz nə var dünyada?
Ləkədən xalidir axı qəlbiniz.
Bağrınız alışıb niyə yanmadı
Bu çirkin əmələ qol qoyanda siz?
Ey Araz, səpirsən göz yaşı sən də,
Keçdikcə üstündən çölün, çəmənin.
Səni arzulara sədd eyləyəndə,
Niyə qurumadı suların sənin?
Dayanıb Arazın bu tayında mən
"Can qardaş" deyirəm, o da "can" deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim yetən yerə, əlim yetməyir?..
Qarışıb gözümdə, qarışıb aləm
Dərd-dərdi doğrayır, qəm-qəmdən keçir.
Arazın üstündən keçə bilmirəm,
Araz dərdim olub sinəmdən keçir.
Taxta dirəkləri torpağa deyil,
Qoydular Füzuli divanı üstə.
Yarıya bölündü yüz, yüz əlli il
Gəraylı, bayatı, muğam, şikəstə.
Dəmir çəpərləri eşqim, diləyim,
Tarixim, ənənəm üstə qoydular.
Yarıya bölündü canım, ürəyim,
Yarıya bölündü Arazda sular.
Taxta dirəkləri qoydular ax, ax!
Qəlbimin, ruhumun, dilimin üstə.
Biz güldük, ağladıq, yenə də ancaq
Bir sazın, bir telin, bir simin üstə.
Ürəkdən ürəyə körpü? Bir dayan!
Dərdimiz dinirsə, bir sazın üstə
Şəhriyar yaralı misralarından
Körpü salmadımı Arazın üstə?!
Bu taydan o taya axışdı sel tək
Gözə görünməyən könül telləri.
Bu selin önünü nə çay, nə dirək
Kəsə bilməmişdir yüz ildən bəri.
Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.
Böl, kağız üstündə, böl, gecə-gündüz,
Torpağın üstünə dirəklər də düz,
Gücünü, əzmini tök də meydana,
Qosundan, silahdan sədd çək hər yana.
Torpağı ikiyə bölərsən, ancaq
Çətindir bədəni candan ayırmaq!
Ayırmaq kimsəyə gəlməsin asan
Bir xalqın bir olan dərdi-sərini.
O taydan bu taya Mustafa Payan
Oxuyur Vahidin qəzəllərini.
Dolandı zəmanə, döndü qərinə,
Şairlər od tökdü yenə dilindən.
Vurğunun o həsrət nəğmələrinə
Şəhriyar səs verdi Təbriz elindən:
"Heydər baba, göylər qara dumandı,
Günlərimiz bir-birindən yamandı.
Bir-birindən ayrılmayın, amandır,
Yaxşılığı əlimizdən aldılar,
Yaxşı bizi yaman günə saldılar.
Bir uçaydım bu çırpınan yelinən,
Qovuşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən.
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı".
1959
Qaynaq: yorgun.blogfa.com
-
Bəxtiyar Vahabzadə'nin sesinden şiirler
ALLAH
AXI, DÜNYA FIRLANIR
DÜNYANIN
MƏNDƏN XƏBƏRSİZ
NAĞIL-HƏYAT
VƏTƏN VAR
[
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.