Babək, Nəbi - yağır oldu dilimiz
Qəm, həsrətdən sıralandı ilimiz
Harda, nə vaxt bükülmədi belimiz
Vətən bölük, o tay, bu tay, hecalı
Xocalı
Bir millət var hələ bilmir adını
Başa çəkmiş yağısını, yadını
Kişisinnən qeyrətlidir qadını
Mənsəb üçün gündə yüz yol alçalır
Xocalı
Bir millət var bir amalı yoxdu yox
Bir ümmət var tanrısınnan qorxdu yox
Bir millət var, oyandı yox, qalxdı yox
Qarı düşmən yurd talıyır, bac alır
Xocalı
Hanı, biz ki xan ərbabı, əsildik
Tarixini qanla yazan nəsildik
Qeyrət adlı imtahannan kəsildik
Alnımızda qara yazı-Xocalı,
Xocalı
Vətən, vətən yaraşırmı vay sənə
Həsrət bitməz həftələr ay, ay sənə
Oğullardan yoxdu xeyir, hay sənə
Pul yığmaqdan yoxdu vaxtı, macalı
Xocalı
Biz insanıq, körpə gözü oymarıq
Qocasına, qadınına qıymarıq
Bu qisası qiyamətə qoymarıq
Sən qoynunda bəsləmisən dəccalı
Xocalı
Yağı həmən, oyun həmən, mehr həmən
Bir milləti uyudan sirr, sehr həmən
Məğlub xalqın sərkərdəsi ’qəhrəman’
Vətən darda, hələ bütlər ucalır
Xocalı
Bu qandallar sıxar bir gün qolunu
Uca mövlam silkəliyər qulunu
Bir gün bu xalq tapar haqqın yolunu
Bir gün bu xalq imanından güc alır,
Xocalı
Xocalı
Şərahil Laçın - Xocalı
Printable View
-
11-23-2010, 11:24 PMBakuŞərahil Laçın - Xocalı
