[
Tam Adı Məmməd İnfil oğlu İbrahimov
Doğum Tarixi 1933
Doğum Yeri Naxçıvan Şahbuz Nurs
Ölüm Tarixi 2004
Ölüm Yeri Bakı
İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) — şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991) - 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra «Ulduz» jurnalının məsul katibi, «Ədəbiyyat və incəsənət» qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.
1974-cü ildən ömrünün sonuna kimi Azərbaycan təbiəti jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına «Məmməd Araz» mükafatı təsis olunmuşdur (1993-cü ildən).
2004-ci ilin dekabrında Bakıda vəfat edib və fəxri xiyabanda dəfn olunub