[
Parlaq baxışlar hər zaman diqqəti cəlb edir. Gözlərə düzgün qulluq isə bu baxışların əsasını təşkil edir. Biz sizə, göz ətrafındakı qırışlar, qara kölgələr və digər problemlərdən çıxış yolu haqda məsləhətlər verəcəyik.
Qızartı və qıcıqlanma
Əsas yaranma səbəbləri hansılardır: kondisionerin quru havası, kompüter qarşısında iş, yorğunluq, gərginlik - bütün sadalananlar gözdə qaşınma və quruluq yaratmaqla bərabər, gözün ağ pərdəsində qızartılara da səbəb olur.
Profilaktika
Gözlərə istirahət verin. Həkimlə məsləhətləşin – göz damcılarından istifadə etməyiniz məqsədəuyğun ola bilər. Dekorativ kosmetika və gözə qulluq vasitələri seçən zaman yalnız həssas dəri üçün nəzərdə tutulanlara üstünlük verin. Həmçinin gözlər üçün nəzərdə tutulmuş xüsusi gimnastikalar edin. Ən effektlisi isə budur: gözləri yumun və 20 dəfə sanki “8” yazırsınız kimi gözləri hərəkət etdirin.
Təcili tədbirlər: qızartını aradan qaldıran tetrizolin damcılar istifadə etmək olar. Lakin bu cür damcıların uzunmüddətli istifadəsi məsləhət deyil.
Qara kölgələr
Əsas yaranma səbəbləri: əgər qara kölgələr genetik deyilsə, o zaman siqaret çəkmə, stress və ya yuxusuzluq əsas səbəblərdən ola bilər. Sonuncu öz növbəsində göz ətrafında qan dövranına mənfi təsir göstərir.
Profilaktika
Daha çox yatın və təmiz havada gəzin. Qan dövranını yaxşılaşdırmaq üçün kompresslər edin ( soyuq və isti kompressləri aralarında 2-3 dəqiqə fərq olmaqla, növbə ilə gözlərə qoyun). Həmçinin qan dövranını tərkibində şabalıd və ya C vitamini olan kremlər də yaxşılaşdırır.
Təcili tədbirlər: qara kölgələri göz ətrafını korrektə etmək üçün nəzərdə tutulmuş xüsusi vasitələrlə örtə bilərsiniz.
Qırışlar
Əsas yaranma səbəbləri: qırışların yaranma səbəbi gözləri qıymaq və təbii ki, yaşla bağlı dəridəki dəyişikliklə əlaqədardır. Dərinin qocalmasına ultrabənövşəyi şüalar, pis vərdişlər və ekologiya təsir göstərir.
Profilaktika
Göz ətrafına qulluq 20 yaşından başlanmalıdır. Belə ki, bu yaşdan başlayaraq kremlərdən istifadə etmək lazımdır. Gündüz kremi mütləq şəkildə günəş şüalarından qoruyan filtrdən ibarət olmalıdır. 30-35 yaşından isə daha güclü kremlərə keçin. Tərkibində amin turşusu, retinol və ya digər qoruyucular olan vasitələr bura daxildir.
Təcili tədbirlər: qırışları botoks və ya gialur turşusu olan iynələrlə aradan qaldırmaq mümkündür. Alternativ variant – botoks effektli kremlər, kollagen və ya gialur turşulu kremlərdir.
Gözaltı şişkinlik
Əsas yaranma səbəbləri: sağlamlıqla heç bir problem yoxdursa, o zaman bu cür şişlərin səbəbi qeyri-normal qidalanma, yuxusuzluq, alkoqollu içkilərin qəbulu və gecə yatmamışdan öncə mayenin normadan artıq qəbul olunmasıdır.
Profilaktika
Saat 18-dən sonra acı və duzlu qidadan, həmçinin çips və digər “fast food” qidalarından imtina edin. Sonuncu fincan çay və ya suyu gecə yatmamışdan minimum 1.5 saat əvvəl için. Mümkün qədər hündür balışda yatın, bu limfaların normal hərəkətini təmin edəcək. Gözaltı şişkinliyi kofein və ya kofe ekstraktlı kremlər də aradan götürə bilir.
Təcili tədbirlər: gözlərə soyuq çay qaşığı və ya soyuq çay paketləri ( bir neçə dəqiqə əvvəl çay paketini soyuducuya qoyun) qoymaqla şişkinliyi tez aradan götürmək mümkündür.