İndi sənin dərslərinin ən qızğın vaxtıdır və gününün əksər hissəsini parta arxasında və ya kitabxanada keçirdiyindən, xarici görünüşünü qorumaq haqqında da fikirləşməlisən. Bu işdə sənə idman kömək edə bilər. Amma söhbət bədən tərbiyəsi haqqında getmir.

Yerli formatlı “Formula – 1 “ yarışları

Son zamanlarda gənclər arasında ən geniş yayılan idman növlərindən biri də kartinqdir (sürət yarışları). Bunun səbəbi isə azartlı və şən vaxt keçirmək imkanı verməsidir. Sadəcə bir saat kart sürməklə sən sürətdən həzz ala, yetərincə adrenalin və bir çox yeni dostlar əldə edə bilərsən. Bunu üçün sənin professional yarışçı olmağın vacib deyil – heç bir sürücülük təcrübəsi olmadan belə, kart sürməyə öyrənə bilərsən. Kart icarəsi ilə yanaşı, sürətli idarəetməni, sürücülük biliklərini, müxtəlif manevrləri (yerindən tərpənmə, ötmə əməliyyatları, döngələrdən keçiş) asanlıqla öyrənə biləcəyin xüsusi məktəblər də mövcuddur.

Buzda rəqs

Ən gözəl qış idman növü, şübhəsiz, fiqurlu konkisürmədir. İndi hər şəhərdə qışda fiqurlu konkisürmə ilə məşğul olmaq üçün xüsusi hazırlanan bağlı buz meydançası və ya stadion mövcuddur. Hətta acıq səma altında da buz meydançaları olur. Sevdiyin oğlan və ya rəfiqələrinlə konkidə sürüşmək həqiqətən də əla hisslər bəxş edə bilər. Ağılalmaz dönmələr, fırlanmalar, saltolar icra edə bilmək mühüm deyil. Sadəcə olaraq buzda sürüş və bundan həzz al. Üstəlik, fiqurlu konkisürmə bel və ayaqlar üçün əlavə məşq deməkdir (bu isə bir çox qızların ən problemli yerləridir) .

Snoubordinq

Bu ekstremal idman növü qarlı yamaclardan sürüşmək istəyənlər üçündür. Ancaq bunun üçün kifayət qədər qar olmalıdır, əks təqdirdə sürüşmə taxtasına çıxmaq təhlükəli ola bilər. Snoubordinq artıq sırf kişi idman növü deyil. Bu idman növü ilə qızlar da məşğul olurlar və hətta əsl peşəkarlar kimi oğlanlarla rəqabət apara bilirlər! Snoubordçuya tələb olunan qış təchizatını indidən almağa başlasan, istənilən zaman yarışa hazır olarsan. Bu təchizata termogeyim, isti sviter, snoubord şalvarı, çəkmələr, gödəkçə, eynək və əlcək də daxildir.

Fitness – həyat tərzidir


Fitneslə məşğul olmanın əsas üstünlüyü ondadır ki, müxtəlif proqramları təklif edən fitnes-klublar mövcuddur və sən istədiyini seçə bilərsən. Bura klassik aerobikadan, dansmixdən (müasir rəqs elementlərinin tədrisi) tutmuş şərq eleməntlərinə kimi (tay-dzi, yoqa, leg-training,pilates, stretçinq və sair) rəngarənq proqramlar aiddir. Sən istədiyin istiqaməti seçərək, fitnes-klubun iş rejimindən asılı olaraq özünə uyğun vaxtda məşğələlərə gələ bilərsən.Yaxşısı budur ki, axşam məşqlərini seçəsən. O zaman sən dərsdən sonra dincələrək özünə gələ bilərsən.